“Hitaçi” və demokratiya

Leyla Yunusun rəhbəri olduğu təşkilat Sülh və Demokratiya uğrunda çarpışma aparır. Sülh həm də barışıq deməkdir, Amma Leyla xanımı hamı barışmaz insan kimi tanıyır, ədalətsizliyə, insan haqlarının tapdanmasına, məmur özbaşınalığına və Azərbaycanda addımbaşı pozulan bu kimi başqa haqların müdafiəsində dayandığına görə. Institutu sülh adında olsa da. 

Insan hüquqlarıyla bağlı müdafiəçilik işi Azərbaycandan bir dalğa kimi gəlib keçdi. Leyla xanım bu sahədə ilklərdən – qaranquşlardandı. Gördüyü işləri sadalamağa gərək yox, bu köşə üçün ayrılmış ərazidə heç o qədər yerimiz də yoxdur. Nədən Leyla xanımla sülhə gəlmədilər? Yenə suçlu Leyla xanımdır, Hacıbala deməsə də bilirəm. Leyla xanım tək öz haqları uğrunda mübarizə aparmır ki… Aparsaydı… Bunlar üçün pul heç əl çirki də deyil, tozdu. Belarusun diktatoru Lukaşenkoya 500 milyon (200 milyon 2010-cu ilin iyunun 22-də, 300 milyon da bu yaxınlarda) bağışlamadılarmı… Borc-kredit boş söhbətlərdir. O pulları bir avtoritar o biri avtoritara peşkəş edib. Bu qədər bəsit. Azərbaycan xalqının pulunu bunlar dədə malı kimi sağa-sola xərcləyirlər. Hə, məhz sağa-sola, Azərbaycan vətəndaşlarına, evləri başına uçurulanlara, seldən zərər görənlərə bu pulları verməyə can çəkirlər… 
Leyla xanım da evləri uçurulanlara, həmin ərazidə yaşayanlara ədalətli kompensasiya tələb edirdi. Istəsəydi onun evini dəyərindən on qat artığına alardılar. Bəs qonşular? Leyla xanım bir an da olsun bu sualı beynindən çıxarmağı ağlına belə gətirməyib. Amma hüquq müdafiəçiliyi dalğasında ortaya çıxan elə hüquq müdafiəçiləri var ki, vəzifəyə, nazirlərlə görüşə, bir mandata hüququ da satdı, müdafiəsində durduğu insanları da. 
Ölkədə geniş miqyas alan özbaşınalıqların başında dayanan Ilham Əliyev SÜLH və DEMOKRATIYAdan həmişə ağızdolusu danışır. Xüsusilə qaçqınlara, yurd-yuvasından didərgin düşənlərə, sadə kənd camaatına. Danışır, eyni zamanda torpaqlarımızı işğal altında saxlayan Ermənistanla sülh şəraitində yaşamağa üstünlük verir. Amma vətəndaşlarının SÜLH və DEMOKRATIYA odasını Yaponiyadan aldırdığı “Hitaçi” ekskavatorlarıyla uçurur, onların tırtılları altına aldırır. Sadə vətəndaşların mülkiyyət hüququnu qorumağa çalışan Leyla xanıma öz aləmlərində “dərs” verirlər, onun da mülkünü başına uçurmaqla. Başqaları ibrət götürsün deyə… Bu yaxınlarda “BBC” və “Nyu-York Times” qəzeti Bakıdakı qanunsuz söküntüdən geniş reportaj verib. Bu reportajlarda Leyla Yunusun – sakinlərin əmlak hüququnu qoruyan hüquq müdafiəçisinin rolundan danışılır. Görünür, bu da YAP iqtidarının xarici mətbuatda dərc olunan materiallara özünəməxsus cavabıdır…Çoxlarında ümid ölüb, yaxud öləziyib. Onlar bu iqtidarın özbaşınalıqlarının davam edəcəyini düşünürlər. Heç də elə deyil, bütün bunlar son çabalar, vurnuxmalardır. O ekskavatorların qazanının bir gün onların da başına düşəcəyinə əmin olun. Heç kim cəzasız qalmır. Səddama, Mübarəkə qalmayan dünyadı…

Yevlax nümunəsi

Yevlax avtovağzalına Ziya Məmmədovun gözü düşüb. Amma pulunu verib almaq istəmir, ya da çox ucuz qiymət keçir könlündən. Bu alınmayanda özbaşınalığa əl atır. Indi həmin avtovağzalın qarşısındakı ərazidə (avtovağzalın ərazisində) ağacları qırıb, parkı, fəvvarəni dağıdıb yeni avtovağzal tikir. Köhnə binanın qabağında Avtovağzalın rəisi Bəhram Məmmədov kollektivin buranı hələ 1998-ci ildə özəlləşdirdiyini deyir. Amma kimdir özəlləşdirmə sənədinə baxan. Bu dövlətin bir idarəsinin verdiyi sənədə başqa idarəsi tüpürmək belə, istəmir. Ilham Əliyevə cavabsız məktub yazmaqdan cana doyan Bəhram Məmmədov gəlib Bakıda mətbuat konfransı keçirib dərdini jurnalistlərlə bölüşüb. Bəs Ilham Əliyev? Bu işin məsuliyyətini o daşıyır axı. Jurnalistlər yazdı, keçdi. Onlar problemi həll edəsi deyillər ki. Niyə dövlət başçısı yaxasını kənara çəkir? Axı yaxanı kənara çəkdikcə Avropa Məhkəməsi dövlətin yaxasından daha bərk yapışıb silkələyir, elədiklərini gözündən gətirir. Allah yardımçımız olsun!