Ziya Məmmədovun taksiləri yollarına dözmür

«London taksiləri» kütləvi şəkildə servislərə aparılır

“London taksiləri”nin kütləvi şəkildə servisə aparılması barədə məlumat yayılıb. “Yeni Müsavat” qəzetinin yazdığına görə, son günlər tez-tez bu bahalı taksilərin evakuatorlara mindirilərək harasa daşındığı müşahidə olunur. Şahidlərin sözlərinə görə, həmin taksilər təmir üçün servisə aparılır.
Aparılan araşdırmalardan məlum olub ki, həmin taksilərin əyləclərində tez-tez problem olur. Bundan əlavə, bənövşəyi taksilərin mühərriklərində də nasazlıqlar müşahidə edilməkdədir. Maraqlı burasıdır ki, sürücülər bu taksilərin mühərriklərindən məlumatsız olduğu üçün maşında nasazlıq olan kimi dərhal servisə xəbər verməli olurlar.
Xatırladaq ki, hələ “London taksilər”i Bakıya yenicə gətirilən zaman “Azadlıq” qəzeti bu şirkətin taksiləri ilə bağlı son illər ciddi problemlərin yaşandığına dair məlumat dərc etmişdi. Apardığımız araşdırma nəticəsində məlum olmuşdu ki, nəqliyyat nazirinin əməkdaşlıq etdiyi şirkət iki il öncə mühərrikində ciddi problemlər yarandığına görə 5 min maşınını geri çağırıbmış. Şirkətin saytından o da bəlli olmuşdu ki, indiyədək 436 sürücü mühərrikin alışması səbəbindən şirkəti məhkəməyə verib. Eyni zamanda o barədə də məlumat vermişdik ki, bu taksilərin satışı ilə məşğul olan Ingiltərənin “Marganese Bronze Holdings PLC” şirkəti ciddi müştəri qıtlığı yaşayır. Bu şirkət Azərbaycandan savayı indiyədək heç bir dövlət və şirkətdən bu həcmdə sifariş almayıb. Araşdırmalarımız nəticəsində onu da öyrəndik ki, şirkət 2011-ci il üçün cəmi 1250 sifariş alıb ki, onun da 1000-i Azərbaycandandır. 2010-cu ildə isə bu şirkət cəmi 226 maşın sata bilib.

Hikmət