Qızıl bazarında qiymətlər od tutub yanır

MUM və «Moskva» univermağında zinət əşyaları ən yüksək qiymətə satılır

Qızıl yenə bahalaşdı. Dünya bazarında hansısa bir məhsulun bahalaşması öncə bizə təsir edir. Yənim, ölkə bazarında həmin an bahalaşma hiss olunur. Elə qızıl kimi…
Qızıl satmaq istəyənlərin sayı isə xeyli azdır
Paytaxtın qızıl dükanlarında zinət əşyalarının son bir həftədə qramı 3-4 dollar bahalaşıb. Bu isə alıcıları az olan bazarın bir qədər də zəifləməsinə səbəb olub. Vəziyyətlə tanış olmaq üçün Bakının iki ən böyük qızıl dükanına – Mərkəzi univermaq (MUM) və Moskva univermağına baş çəkdik. “Moskva” univermağında olarkən məlum oldu ki, qızılın qiyməti indiyə qədər olmayan bir həddə çatıb.
750 əyarlı zinət əşyasının qramı 39, 583 əyar isə 38-40 manat. Son bir həftədə gündə xaricdən gətirilən qızılın qiyməti ilə bir həftə əvvəlki qızılın qiyməti arasında xeyli fərq var. Ona görə də son günlər xaricdən qızıl gətirilməsi azalıb. Bu azmış kimi ölkə daxilində istehsal edilən zinət əşyalarının da qiyməti artıb. Yerli məhsullar həmişə olduğundan daha baha satılır. Məsələn, bir neçə gün öncə 800 manata satılan malın qiyməti hazırda 1050 manatdır.
Brilyant dəstlərinin qiyməti də artıb. Qolbaq, sırğa, boyunbağı və üzükdən ibarət olan dəstlərin qiymətləri keyfiyyət və qramından asılı olaraq dəyişir. Orta hesabla qiymətlər 3-7 min manat civarındadır. Daha yüksək qiymətə də zinət əşyaları var. Bir sözlə, kim qızıl alırsa, məcburiyyətdən alır, qızıl satmaq istəyənlərin sayı isə xeyli azdır, çünki qızıl çox ucuz qiymətə alınır.
Adının çəkilməsini istəməyən satıcı deyir ki, son bir həftədə qiymətlər 6 manat qalxıb: “Krizis olduğundan alıcı gözə dəymir. Ancaq bahalaşma davam edir. Elə dünəndən bu günə (12 avqustdan 13 avqusta – R.D) qızılın qramı 1.5 dollar da qalxıb. Qiymət o zaman qalxır ki, alıcı çox, mala tələbat olsun. Ancaq bu gün bu nəzərə çarpmır”.
Başqa bir satıcı qızılın qiymətinin onun əyarı ilə ölçüldüyünü deyir: “999 əyarlı qızıl daha bahadır. Bu cür qızılların qramı 55-60 manat arasındadır. 500-583 əyarlı qızıllar da normaldır. Yəni cəmiyyətdə bu cür qızıllara da tələbat var. Bu əyar nişanlı qızılların qramını isə 32-37 manata almaq olar”.
Qiymət artımı xalis qızıldan daha çox qızıl məmulatlarına təsir edib
Satıcılar bildirir ki, qızıl dükanlarında 300 əyarlı qızıllara rast gəlmək olmasa da, ona maraq var: “Bu cür qızılların qramını 15-20 manata almaq mümkündür. Ancaq əvvəlcədən sifariş vermək lazımdır”.
Onu da bildirdilər ki, qızılın əyarı ilə qiyməti düz gələndə alıcı sarıdan korluq çəkilmir: “Bir də görürsən ki, əyarla qiymət bir-birinə tamamilə uyuşmur. Bu cür problemlər olmasa, alverimiz pis getməz”.
“Dollar, avro nə qədər çox aşağı-yuxarı qalxacaqsa, camaat qızıla bir o qədər maraq göstərəcək. Indi pulun dəyəri sabit olduğu üçün qızıla o qədər də maraq yoxdur.
Alıcılarla söhbət zamanı isə məlum oldu ki, onlar qiymətlərdən heç də razı deyillər. Hesab edirlər ki, qiymət artımı xalis qızıldan daha çox qızıl məmulatlarına təsir göstərib.
Ekspertlər də qızılın bundan sonra da bahalaşacağı qənaətindədirlər. Deyirlər ki, dolların zəifləməsi sərmayədarları bu qiymətli metala pul yatırmağa vadar edir. Onlar dolların ucuzlaşmasından ehtiyatlanaraq alternativ, eyni zamanda etibarlı kapital mənbəyi axtarışındadırlar. Bundan əlavə, ehtimal edilir ki, bir sıra ölkələr qızıl ehtiyatlarını artırmaqla dolların mümkün iflasından özlərini sığortalamağa çalışırlar.
Investorlar bir qayda olaraq öz vəsaitlərini qorumaq və bir qədər də gəlir əldə etmək üçün 4 istiqamətdə xərcləyirlər. Sərmayədarlar pullarını ya dollara çevirir, ya neft sektoruna sərmayə qoyur, ya da daşınmaz əmlak, yaxud qızıl alırlar: “Son aylarda qızılın qiymətinin yüksəlməsi digər 3 istiqamətdə xərclərin azalması ilə bağlıdır. Adıçəkilən istiqamətlərdə vəsait qoyulması böhrandan sonra çox riskli sayılır”.

***

Qızıl yenə bahalaşdı. Ancaq bunun sadə vətəndaşlara heç bir aidiyyəti yoxdur. Onlar yenə də əvvəlki qaydada qızıl dükanlarına maraq xatirinə baş çəkirlər. O da pulla deyil ki?!.

Ramin DEKO