Bakıda daha bir söküntü qalmaqalı başladı

İndi də paytaxtın Yusif Səfərov küçəsinin sakinləri zorla evlərindən köçürülür

Bakı şəhərinin müxtəlif hissələrində şəhər hakimiyyəti və evlərinin sökülməsi nəzərdə tutulan sakinlər arasında münaqişələr bitmək bilmir. Növbəti münaqişə vəziyyəti Yusif Səfərov küçəsi, 1 ünvanında (Bakı şəhər Baş Polis Idarəsinin yeni binasının yaxınlığında) yaranıb. Burada 1905-ci ildə tikilmiş birmərtəbəli bina sökülür. 21 saylı mənzilin sahibi Natiq Babayevin “Turan”a verdiyi məlumata görə, heç bir rəsmi sərəncam olmadan onun evini sökmək istəyirlər.
Binanın söküləcəyi barədə sakinlərə Nəsimi rayon icra hakimiyyəti başçısının müavini Ağali Əhmədov bildirib.
Babayevin sözlərinə görə, sakinlərə “ədalətsiz kompensasiyalar”- şəhərin bu hissəsində mənzilin dəyərindən xeyli az vəsait təklif edilib. Belə ki, hər bir kv. metr yaşayış sahəsi üçün 1250 manat üstəgəl 20% “prezident” kompensasiyası təklif olunur. “Məsələn, bizim ailəyə 35 kv. metr yaşayış sahəsi üçün 47 min manat təklif olunub”, deyə Babayev bildirib. Bu zaman qonşuluqdakı yeni binalarda təmirsiz mənzilin bir kv. metri 1500 dollardır. Bu binalarda 80-100 kv. metrdən az sahəsi olan mənzil satılmır.
Babayev icra hakimiyyətinin 30 kv. metrlik birotaqlı tikililəri nəzərə almaq istəməməsindən şikayətlənir, baxmayaraq ki, o, rayon hakimiyyətinin 1989-cu il tarixli sərəncamı əsasında qanuni olaraq tikilib.
“Onlar deyiblər bu tikili nəzərə alınmayacaq. Amma onu diqqətlə ölçüblər və fotoşəklini çəkiblər”, – deyə Babayev qeyd edib. Bu, mənzillərin alqısı zamanı korrupsiyaya yol verildiyini düşünmək üçün əsas verir. Bundan başqa, pulların ödənilməsi qeyri-şəffaf həyata keçirilir.
“Apreldə pulu Kapital Banka köçürüblər, amma məlum olub ki, orada pul yoxdur. 3-4 ay sonra pulların VTB-Azerbaijan bankında olduğu məlum olub”, – deyə Babayev bildirib.
O, pulu almaqdan imtina edir və ədalətli kompensasiya verilməsində israr edir. “Biz qeyri-adi bir şey tələb etmirik. Qoy hər kvadrat metr üçün 1500 manat, üstəgəl ”20% prezident kompensasiyası” ödəsinlər, ya da tikiliyə görə də kompensasiya ödəsinlər”,  – deyə Babayev bildirib. Yalnız bu halda o, şəhər daxilində 5 nəfərlik ailəsi üçün mənzil ala bilər. Babayevə görə, 30 ailədən 23-ü hədələrə və polisin təzyiqinə davam gətirə bilməyib və pulu alaraq mənzillərini tərk edib. “Qalan 7 ailəni istənilən an heç bir məhkəmə qərarı olmadan küçəyə ata bilərlər”, – deyə Babayev qeyd edib.
Öz növbəsində, Nəsimi rayon icra hakiminin birinci müavini Ağali Əhmədov bildirib ki, sakinlərə hər kv. metr üçün 1500 manatdan kompensasiya təklif olunub və 34 ailədən 16-sı vəsaiti alaraq, köçüb. Yalnız sənədi olmayan tikililər üçün əlavə pul tələb edənlər qalıb.