vp-qazet

“Putinin prezidentliyi Rusiya üçün fəlakət olacaq”

«Putin dönəmi Rusiyada bütün sahələrin çöküşü, ən əsası, demokratiya üzərinə ciddi basqılar dövrü kimi yadda qaldı»

“Associated Press” SSRI dağılandan iyirmi il sonra keçmiş sovet ölkələrindəki mövcud vəziyyəti təhlil edib. Sözügedən yazı dünyanın nüfuzlu mətbuat orqanlarından sayılan “The Washington Post”da dərc olunub:

***

Qərb dünyası SSRI-nin dağılmasını demokratiyanın qaçılmaz qələbəsi hesab edir. Lakin başda Rusiyanın hökumət rəhbəri Vladimir Putin olmaqla, bəziləri sovet imperiyasının çöküşünü iyirminci yüzilliyin ən böyük faciələrindən biri adlandırır.
SSRI-nin dağılması nəticəsində yaranan yeni dövlətlərin bəziləri uzunmüddətli demokratiyaya keçid dövrü yaşamalı oldu. Belarus, Özbəkistan və Türkmənistan kimi ölkələrdə isə hələ də diktatura rejimləri hökm sürür. Özünü SSRI-nin varisi elan edən Rusiya isə “azad olmayan ölkələr” sırasında dayanır. Bu ölkə dünya siyasətində mövqelərini getdikcə itirməkdədir. Özünün təbii ehtiyatları, güclü hərbi sənayesi olmasına baxmayaraq, Rusiyanın hansı strategiya üzrə hərəkət etdiyi qeyri-müəyyəndir. Ölkə daxilində millətlərarası qarşıdurmalar səngimək bilmir. Bu tip konfliktlər davam edərsə, Rusiyanın daxili parçalanması sürətlənə bilər.
SSRI-nin dağılmasından sonra hakimiyyətə gələn Boris Yeltsin və komandası ölkədə köklü islahatlar apardı və müəyyən uğurlar da qazana bildi. Lakin Putin dönəmi Rusiyada bütün sahələrin çöküşü, ən əsası, demokratiya üzərinə ciddi basqılar dövrü kimi yadda qaldı. Islahatlar aparılması zəruri olan sahələr üzərində qeyri-məhdud hakimiyyət bərqərar oldu. Məhdudiyyətlər və qadağalar daha da sərtləşdirildi.
Rusiyanın hazırkı prezidenti Dmitri Medvedev dəfələrlə ölkədə köklü siyasi və iqtisadi islahatların aparılmalı olduğuna dair bəyanatlar səsləndirib. Bəziləri onu Putinə sadiq prezident kimi qələmə verməyə çalışırlar. Putin hazırda baş nazir postunu tutsa da, ölkədə kifayət qədər nüfuza sahibdir. Baş nazir növbəti il keçiriləcək prezident seçkilərinə qatılıb yenidən ölkənin birinci şəxsi olmağa çalışır. Ancaq bu bir reallıqdır ki, Putin sistemi Rusiyanı hansı problemlərlə üz-üzə qoyub. Əgər baş nazir yenidən hakimiyyətə gəlsə, Rusiyanı böyük fəlakətlər gözləyir.