
«2 aprel» məhbuslarının əleyhinə bir kadr belə, tapılmadı
Ictimai Palatanın 2 aprel aksiyasına görə həbs edilənlərdən altısının – Sahib Kərimov, Arif Alışlı, Zülfüqar Eyvazlı, Babək Həsənov, Elnur Isrəfilov və Elşən Həsənovun işi üzrə dünən Səbail rayon məhkəməsində proses davam etdirilib.
Onları azad edin!
Məhkəmə iclasında vəkil Yalçın Imanov təqsirləndirilən Sahib Kərimov, Zülfüqar Eyvazov və Babək Həsənovun məhkəmə zalından azadlığa buraxılması barədə vəsatət qaldırıb. Müdafiəçi vəsatətini onunla əsaslandırıb ki, avqustun 8-də adı çəkilən şəxslər barəsində çıxarılan həbs-qətimkan tədbirinin vaxtı bitib və müddət uzadılmayıb. Bu səbəbdən də onlar dərhal azadlığa buraxılmalıdır.
Dövlət ittihamçısı bu vəsatətə qarşı çıxıb. Hakimin də vəsatətlə bağlı qərarı prokurorun mövqeyinə uyğun olub.
Hacıbala Abutalıbovu məhkəməyə gətirin!
Bundan sonra hakim Elnur Həsənov sübutların tədqiqi mərhələsinin başlandığını elan edib. Lakin vəkillər Natiq Mustafayev və Yalçın Imanov iş materiallarındakı sənədlərin elan olunmasına etiraz ediblər. Onlar deyiblər ki, sənədlərin elan olunması məhkəmə istintaqının son mərhələsi hesab olunur. Ona görə bu mərhələyə keçməzdən əvvəl müdafiə tərəfinin şahidləri dindirilməlidir.
Vəkillər xüsusən təkid ediblər ki, Bakı Şəhər Icra Hakimiyyətinin başçısı məhkəmədə dindirilsin. Vəkillərin fikrincə, baş verən hadisələrin kökündə dayanan əsas səbəb meriyanın mitinqə icazə verməməklə bağlı qərarıdır.
“Işverən” kanallar
Hakim bildirib ki, bu vəsatətə sənədlərin tədqiqindən sonra baxıla bilər. Sənəd dedikdə isə söhbət ANS, “Lider”, AzTV və Ictimai Televiziyanın aksiyadan çəkdikləri kadrlardan gedirdi. Telekanalların adları səsləndiriləndən sonra vəkil Yalçın Imanov qısa replika verib: “Bu telekanallar peşə etikasının nə olduğunu bilirlərmi? Bunlar ”işverənlik”lə məşğuldur. Bütün günü ancaq aksiyaçıları güdüblər. Polisin bir qəddarlığını da çəkməyiblər”.
Cəmi iki təpik
Kadrların təkrar-təkrar nümayişi zamanı siyasi məhbusların heç birinin mağaza, avtobus şüşəsi sındırdığı görünməyib. Yalnız Arif Alışlının avtobusa iki təpik vurduğu videokadrda göründü.
“Məni niyə tutmusunuz?”
Videomateriallar nümayiş etdirilərkən Sahib Kərimov prokurora belə bir sualla müraciət edib:
– Mənim nə etdiyimi göstərəcəksinizmi? Kadrlardan da görünür ki, sındırdığım iddia olunan avtobusdan nə qədər aralıdayam. Küçələrdə də dinc yürüş edirəm…
Ortada nə fakt var, nə sübut
Zülfüqar Eyvazov barədə də videomaterial istintaqı ifşa etdi. Cəmi bir kadrda onun sadəcə, avtobusun pəncərəsini bağladığı göstərilirdi.
Eyni vəziyyət Elnur Isrəfilov və Elşən Həsənovla da bağlı yarandı. Onların heç birinin zorakılıq, dağıdıcılıq etdiyi kadrlarda üzə çıxmadı.
Babək Həsənov barədə videomaterial ümumiyyətlə, rüsvayçı oldu. Bəlli oldu ki, onun etdiyi iddia olunan hərəkəti əslində, tamam başqa insan eləyir.
Təpiyə izahat
Arif Alışlının avtobusa təpik vurmasını isə vəkillər həmin avtobusun içinə boğucu qaz buraxılmasıyla izah ediblər. Bu qazdan boğulan insanları xilas etmək üçün Alışlı qapını açmaq istəyib.
Fatmagülün suçu nə?
Sübutların tədqiqi mərhələsindən sonra Inqilab Kərimov yerindən replika ataraq sübutların saxta olmasına etiraz etdi. “Aksiya zamanı mən də orada olmuşam, istintaqın göstərdikləri cəfəngiyatdır”, – deyə o, bildirib. Hakim isə ona cavabında dedi ki, əgər sən də orada olmusansa, o zaman gəl otur bunların yanında. Inqilab Kərimov isə vurğuladı ki, oturmağa hazırdır, ancaq hakim ona bildiklərini danışmağa imkan versin. Bu zaman hakim göstəriş verdi ki, I.Kərimovu zaldan çıxarsınlar. I.Kərimov isə zalı tərk edərkən üzünü hakimə tutub ““Fatmagülün suçu nə?” serialına baxmaq, bu prosesi izləməkdən daha yaxşıdır” dedi.
Ört-basdır edilən qaz
Qaz məsələsi məhkəmədə əlavə mübahisə mövzusuna çevrilib. Aydın olub ki, avtobusa qaz buraxılmasını əks etdirən kadrlar və sənədlər iş materialları arasından çıxarılıb.
Hakim bunu belə izah edib ki, qazdan istifadə edən polisə qarşı qaldırılan iddia təmin olunmayıb, onun əməlində heç bir cinayət tərkibi olmadığından işə xitam verilib.
Vəkillər bununla razılaşmayıblar. Vəkil Mənsum Bayramov deyib ki, Daxili Qoşunların təlimatında həmin qazın ancaq qapalı məkanda gizlənən terrorçuları çıxarmaq və kütləni dağıtmaq üçün istifadə edildiyi yazılıb. Ona görə də qazın avtobusdakı insanlara qarşı istifadəsi cinayətdir və məhkəmə bunun üstündən keçə bilməz.
Lakin hakim deyilənlərə məhəl qoymayıb.
Polisin ifşası
Videokadrların nümayişi zamanı prosesdə şahidlik edən polislərin yalanı da üzə çıxıb. Xatırladaq ki, ötən məhkəmə iclaslarında 10-dan artıq polis ifadə verərək demişdi ki, avtobusun kənarında olublar və aksiyaçıları dağıtmağa çalışıblar. Təqsirləndirilən şəxslər isə onların yalan danışdığını bildirirdilər. Kadrlardan da görünür ki, avtobusun kənarında heç bir polis yoxdur.
Günahın böyüyü polisdədir!
Videomateriallara qiymət verən vəkillər bildiriblər ki, cinayət işinin hallarının tam və obyektiv araşdırılması üçün bunlar yetərli deyil. Polisin vətəndaşlara qarşı zorakılığını göstərən kadrların da iş materiallarında olmaması istintaqın qərəzindən xəbər verir.
Vəkil Natiq Mustafayev aksiya günü polisin hərəkətlərinə qiymət verərək deyib ki, polis həmin gün öz vəzifəsini yerinə yetirməyib – aksiyaçıları Fəvvarələr meydanında lokallaşdırmaq əvəzinə, küçələrə dağıdaraq nəqliyyatın hərəkətinə maneçilik yaradıb.
Məzhəkənin sonu yaxınlaşır
Sübutlara baxışdan sonra hakim vəkillərin əlavə şahidlərlə bağlı vəsatətini də təmin etmədiyini açıqlayıb. Beləliklə, dünənki məhkəmə iclasıyla məhkəmə istintaqı başa çatıb.
Avqustun 19-da dövlət ittihamçısının çıxışıyla məhkəmə davam etdiriləcək.
Natiq



