Bəli, siyasi hadisələrin kasadlığından gileylənməyə elə də əsas yoxdur. Indi siyasətin hərarəti elə havanınkı kimidir. Sözsüz ki, ilk yerdə Iranla baş verən qalmaqaldır. Nə demək olar? Əslində bu, bizim hakimiyyətin xarici və daxili siyasətinin bir növ iflasıdır. Mən ona görə iflas deyirəm ki, bunlar düz 18 il eyni sözü deyirlər: əvvəlki özbaşınalığa son qoyulub, bütün dövlətlərlə tam normal münasibətlər yaradılıb! Budurmu normal münasibət? Bəli, hamıdan artıq müstəqil olduğunu güman edən bu hakimiyyət periodik olaraq Rusiya və Iranın təhdidlərinə məruz qalır. Bəlkə də eləsi olur ki, bundan bizim, hətta xəbərimiz də olmur.
Hamıdan da “fəal” Irandır. Bilirsiniz, Iranın sionizm və Israil söhbəti artıq hamının zəhləsini töküb. Mən bilmirəm, başa düşmürəm ki, Iran nə istəyir? Bəlkə Azərbaycanı anti-semitizm mərkəzinə çevirməyi düşünür? Bu yaxınlarda Fələstin Administrasiyasının prezidenti Bakıda çox böyük təntənə ilə qarşılandı, səvh etmirəmsə, Bakıda Fələstin səfirliyi açıldı və bunu hamı təqdir etdi. Daha nə olmalıdır? Bəlkə Azərbaycan Israilə qarşı müharibə aparmalıdır? Şəxsən mənim fikrimcə, Fələstin səfirliyi açılandan sonra Bakı özünün Israildə səfirliyini açmalı idi. Iranın müsəlman aləmində rolunaca gəldikdə isə bu, kiçilmək üzrədir, Iranın modelini heç kim təqdir və tətbiq etmək istəmir. Bunlar güman edirdi ki, ərəb ölkələri Iran modelini bir əsas kimi götürəcəklər, amma belə olmadı. O ki qaldı, azərbaycanlıların qan yaddaşındakı Iran amilinə, zənnimcə, iranlılar özlərinin qan tərkibinə, etnik strukturuna daha diqqətlə baxsaydı, yaxşı olardı.
Bəli, bir gün oyanış olacaq və bunu hamı gözləyir, amma Iranda! Irandakı türklər özlərinin milli, mənəvi hüquqları uğrunda mübarizəyə qalxacaqlar, o gün uzaqda deyil. Bəli, bizim hakimiyyət buradakı azərbaycanlıların həqiqi milli maraqlarına yad olduğu kimi, cənubluları da tamam unudub. Bunu ona görə edirlər ki, Iranı özlərinin dostu və qardaşı etsinlər. Amma alınmayacaq! Iran Azərbaycanın yalnız bir halda dostu və qardaşı ola bilər: oradakı feodal rejimi çöksün, milli iradənin ifadəçisi olan bir demokratik dövlət qurulsun, bütün millətlər öz haqlarına çatsınlar. Ancaq bundan sonra dostluq və qardaşlıq haqda düşünmək olar. Bir daha deyirəm ki, bu sionizm söhbəti hamının zəhləsini töküb. Irqçilik də çoxdan yasaq edilib. Indiki zamanda anti-semitizmdən danışmaq irqçilik kimi bir şeydir, 21-ci əsrə yaraşmayan bir haldır. Yaxın Şərq prosesi qəliz və mürəkkəbdir, Israilin bir çox hərəkətlərini çox adam təqdir etmir. Amma bir məsələ özünün ədalətli həllini tapmalıdır: Israilin də BMT-nin müəyyən etdiyi sərhədlər çərçivəsində mövcud olmaq haqqı var və bu haqqı hamı da tanımalıdır. Burada, bu məsələdə alternativ mövqe ola bilməz. Iran da başa düşməlidir ki, onun Yaxın Şərq siyasəti ərəb ölkələrini dalana dirəyib, artıq on illərdir onlar bu dalandan çıxa bilmir.
Isti havadan sonra sərt qış gəlir
Bəli, yayda daxili siyasət bir qədər səngidi. Bunun da səbəbi təbii, həbslər oldu. Amma güman ki, payızda siyasi həyat yenə canlanacaq. Hər halda, bu haqda ümidli olmaq mümkündür. Məsələ heç onda deyil ki, mütləq hansısa aksiya keçirilsin. Mənə elə gəlir ki, müxalifət daxilindəki münasibətlərin bir də aydınlaşdırılmasına ehtiyac var. Hə, Ictimai Palata öz funksiyasını yerinə yetirdi, hər halda, mənə belə gəlir. Bəlkə də indi daha dərin inteqrasiyaya və birliyə ehtiyac var. Elə əvvəldən də belə gözlənilirdi. Amma o vaxt alınmadı, proseslər yenə də əvvəlki variantları təkrar etdi. Bəli, Demokratik Konqress, Seçki Islahatları və Demokratiya Uğrunda Hərəkat olub. Müəyyən mənada Ictimai Palata bu ideyaların davamı oldu. Biz inteqrasiyanın artıq mövcud və tətbiq olunmuş formalarının yenidən baş tutmasına sevinməməliyik, bir az irəli getməyə cəhd etməliyik. Cəhd etsək alınar, hər halda indiki münasibət spektri belə düşünməyə əsas verir. Alınmasa da problem deyil, bu formatı davam etdirmək olar, lakin təcrübə göstərir ki, ciddi məqamda bu formatlar elə də əlverişli olmur.



