Çindən uyğurlara qarşı yeni silah

Pekin Şərqi Türküstanda təhlükəsizlik tədbirlərini gücləndirib; bölgəyə «leopard komandolar» göndərilir

Çin hökuməti uyğurların yaşadığı ərazilərdə etiraz aksiyalarının qarşısını almaq üçün təhlükəsizlik tədbirlərini gücləndirib. Bu məqsədlə Şərqi Türküstana “leopard komandolar” adlandırılan xüsusi təyinatlı dəstənin göndərilməsi haqda qərar çıxarılıb.
“China Daily” qəzeti polis orqanlarına istinadən xəbər yayıb ki, xüsusi təyinatlılar Kaşğar şəhərindən 460 kilometr uzaqlıqda yerləşən Aksu düşərgəsində məskunlaşacaq. Onlar keçən ay polis bölməsinə hücumun baş verdiyi Hotan şəhərində “terrorla mübarizə” vəzifəsini yerinə gətirəcəklər.
Xüsusi təyinatlılar sentyabrın 1-5-i aralığında Urumçidə keçiriləcək Çin-Avrasiya Sərgisinin təhlükəsizliyini də öz üzərinə götürüb. Çin Kommunist Partiyasının Sincan bölgəsi üzrə katibi Can Çunşiyen bir müddət əvvəl xalqın təhlükəsizliyini təmin etmək və yeni terror hücumlarını önləmək üçün sərt tədbirlər görmək məcburiyyətində olduqlarını bildirmişdi.
Xatırladaq ki, Hotandakı hadisələr zamanı azı 14 nəfər dünyasını dəyişmişdi. Bölgəyə göndərilən “Leopard komando”lar terrorla mübarizə, etiraz aksiyalarını dağıtmaq, partlayıcıları zərərsizləşdirmək kimi işlərdə xüsusi bacarıq və amansızlıqlarıyla seçilir.