Azərbaycanda yanğınsöndürənlər yanğın törətmə mənbəyidir
Azərbaycanda yanğınsöndürənlərin hadisə yerinə hər şey külə dönəndən sonra özünü çatdırması heç kim üçün təəccüblü deyil. Lakin yanğınsöndürənlərin alovun üzərinə yanacaq töküb onu daha da qüvvətləndirdiyini desək, yəqin çoxları təəccüblənər. Paytaxtın Səbail rayonu, “20-ci sahə” adlanan ərazisindəki yanğınsöndürmə məntəqəsinin iş şəraiti yuxarıdakı ilginc fikri səsləndirməyə əsas verir.
Ötən gün “20-ci sahə”də dəhşətli bir fakt aşkarlamışıq. Sən demə, yanğınsöndürmə məntəqəsinə aid olan “su hovuzu” su yox, mazut, dizel yanacağıyla doludur.
961 nömrəli bu hovuz yanğını söndürməyə yox, yanğın törətməyə qadirdir. Əslində, bu hovuzun özü potensial yanğın, təhlükə mənbəyidir. Dörd tərəfi açıq və yolun kənarında yerləşən bu hovuz sərsəri bir qığılcımdan alışıb dörd bir yanındakı evləri yandıra bilər.
Təkcə bu fakt sübut edir ki, mühüm dövlət orqanı olan yanğınsöndürmə məntəqələrində iş formal qurulub. Əks halda, yanğınsöndürənlərin paytaxtın mərkəzi rayonunda, neft-qaz emalı olunan yerdə su əvəzinə yanacaqdan istifadə etməsinə nə ad vermək olar?
Bu dəhşətli vəziyyəti aydınlaşdırmaq üçün guya peşəkarlıqda ad çıxaran Fövqəladə Hallar Nazirliyilə əlaqə saxladıq. Nazirlikdən bildirdilər ki, Kəmaləddin Heydərovun bu işlərdən xəbəri yoxdur. “Nə etmək lazımdır ki, o, xəbər tutsun”, – deyə soruşduqda “112″yə zəng edin” dedilər.
Natiq


