Ermənistanda bu tip deputatların siyahısı Sarkisyana təqdim edildi; Azərbaycanda isə hələ ki, mandat sahibləri bizneslərini çiçəkləndirməklə məşğuldur
Ermənistanda dünən keçirilən iqtidar-müxalifət dialoqunun növbəti raundunda Ter-Petrosyanın rəhbərlik etdiyi Erməni Milli Konqresinin nümayəndəsi Levon Zurabyan bizneslə məşğul olan 76 hakimiyyətyönlü deputatın siyahısını iqtidarı təmsil edən tərəfə təqdim edib.
Qanun deputatın bizneslə məşğul olmasını qadağan edir. Zurabyan bildirib ki, biznesmen-deputatların siyahısı göstərir ki, hakimiyyətin ciddi legitimlik problemi var. Bundan başqa, Milli Konqres ölkədə növbədənkənar seçkiləri vacib edən amilləri əhatə edən 85 səhifəlik sənədi iqtidara təqdim edib. Hakimiyyəti təmsil edən David Arutyan isə bildirib ki, onlara təqdim olunmuş sənəddə bir sıra məsələlər düzgün verilməyib. Bunları araşdırmaq lazımdır. Bundan başqa, Arutyan bildirib ki, ötən görüşdə qaldırılmış məsələlər artıq müvafiq orqanlara təqdim edilib.
Azərbaycan parlamentində də binesmen deputatların sayı az deyil. Aşağıda təqdim edəcəyimiz deputatlar bu kateqoriyaya aid olan parlamentarilərinin ən üzdə olanlarıdır. Yəni, bu şəxslər kommersiya fəaliyyətilə məşğul olduqlarını gizlətmirlər.
1. Ərəstun Cavadov. Deputat olmaqla yanaşı Mərkəzi Univermaqın Idarə Heyətinin sədridir.
2. Ilham Əliyev. Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevin kürəkəni olan bu deputat əsasən tikinti biznesilə məşğuldur. Ramiz Mehdiyevə məxsus “Yeni həyat” şirkətinin idarəçiliyi ona verilib. Metallurgiya sahəsini ələ keçirən PA rəhbəri bu işi də kürəkəninə tapşırıb. Bəzi məlumatlara görə, “Baku Steel Company”nin idarəçiliyi də Ilham Əliyevə verilib. Onun Ramiz Mehdiyevin yaratmaq istədiyi Metallurgiya Nazirliyinin rəhbərliyinə gətiriləcəyi də gələn xəbərlər sırasındadır.
3. Nəriman Əliyev. Bu deputat Masallıda biznesmen kimi ad çıxarıb. Rayonda bir sıra obyektləri var.
4. Cavanşir Feyziyev. Deputat olmaqla yanaşı dərman biznesi ilə məşğul olur. Hakim ailəyə məxsus “Avromed” şirkətinin idarəçiliyi ona tapşırılıb.
5. Xanlar Fətiyev. Deputat olmaqla yanaşı Gəncə Avtomobil Zavodunun direktorudur.
6. Malik Həsənov. Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovun qardaşıdır. Deputat olmaqla yanaşı Kərəm Həsənova məxsus “Azinko” şirkətini idarə edir.
7. Əsabil Qasımov. Fövqəladə hallar naziri Kəmaləddin Heydərova yaxın şəxs kimi tanınır. “Fövqəlnazir”in nəzarətində olan “Karmen” şirkətini idarə edir.
8. Fərhad Qəribov. Bu adam deputat olmaqla yanaşı həm də “Debütbank”ın sahibidir. Indi həmin bank sıradan çıxarılıb. Lakin bu, o demək deyil ki, Fərhad Qəribov biznesin daşını atıb. Onun başqa bir neçə iri obyekti də var ki, hazırda onların idarəçiliyi ilə məşğuldur.
9. Rüfət Quliyev. Fövqəladə hallar naziri Kəmaləddin Heydərova yaxın şəxsdir. Deputat olmaqla yanaşı “Europian Tobacco”nun rəhbəridir.
10. Əhməd Vəliyev. Deputat olmaqla yanaşı “Odlar Yurdu” Universitetinin rektorudur. “Odlar Yurdu” özəl universitetdir. Bu baxımdan Əhməd Vəliyev biznesmen deputatlar kateqoriyasına aid edilməlidir.
Parlamentdə başqa deputatlar da var ki, biznes fəaliyyəti ilə məşğul olur. Lakin onlar müxtəlif yollarla bunu gizlədirlər. Ona görə də həmin deputatların adlarını qeyd etməyi lazım bilmədik. Görəsən, Azərbaycan hakimiyyəti nəhayət qanunun aliliyini üstün tutub bu deputatlarla bağlı tədbir görəcəkmi?
İnformasiya şöbəsi