Məhkəmə, yoxsa pulsuz tamaşa?..

Son dönəmlər Azərbaycanda tariximizin üz qarası olacaq səhifələrdən biri də yazılır. Insanlar yalnız azad yaşamaq  və normal cəmiyyətdə vətəndaş olmağın savaşını apararkən, bu istəyi “günah” elan edən iqtidar əslində, qəzəbdən başını itirdiyindən ağlasığmaz metodlara əl atır.
Bu gün məhkəmələrdə limon, bir dəstə gül, avtobus şüşəsinin söhbəti gedərkən istər-istəməz insanın dodağı kinayə ilə qaçır. 9 milyonluq xalqı zəlil günə qoymuş bir iqtidar əcaba, indi limon satanın, əzilən limonların, bir dəstə gülün, avtobusun şüşələrinin hüquqlarımı qoruyur? Nə qədər gülünc…
Tamaşanın mahiyyəti ortada… Əslində, iqtidar bu məhkəmələri narazılığı günü-gündən artan kütləni qorxutmaq üçün ssenariləşdirib. Amma hakimiyyət fərqinə varmır ki, bu məhkəmələrdə özü gülünc duruma, yalançı vəziyyətinə düşür. Çünki başqa bir qazanca “sərmayə” yatırmışdı – qorxu yaratmağa…
Amma əksi oldu. Mitinq dustaqlarının məhkəməsinə müstəqil mətbuatın münasibətindən tutmuş, o məhkəmələrdə saxta ittihamlarla mühakimə olunanların ləyaqətli davranışı, məhkəmənin bir oyun olduğunu öz çıxışlarıyla sübuta yetirib də, bu tamaşanın obrazlarının – hakimin, prokurorun, şahidlərin yalançı maskalarını dartıb çıxarmalarına qədər hər şey bu “sərmayəni” iflasa uğratdı. Həmin məhkəmə proseslərinin özü bu gün iqtidara qarşı mübarizəyə çevrilib. Nəticədə qorxu yaratmaq istəyən hakimiyyətin özü saxtakarlıq və yalançılıq ittihamı ilə üz-üzə qalıb.
Az qala, hər məhkəmə iclasından sonra ora toplaşan insanların polislə, hakimlə qarşıdurma yaşadığı haqda xəbərlər gəlir. Bu da sübut edir ki, polis ölkəsində polis dəyənəyi artıq xof yarada bilmir, “baş üstə” deməyən dikbaş vətəndaşlar var və hakimiyyət bununla hesablaşmaq zorundadır.
Bu məhkəmələr, indiyə qədər “müxalifət yoxdur” deyib də bütün günü televiziyalarda qara-qışqırıq salanların siyasətlərini də puç elədi. “Yox” olanı ittiham edərək həbsə atmaq, şərləmək mümkün deyil. Bu gün ittiham olunanlar kimlərdir? Iqtidarın apardığı barbar siyasətə “yox” deyənlər. Deməli, hakimiyyət özü komediya-məhkəmələrilə sübut edir ki, bu ölkədə heç də hamı Əliyev siyasətini dəstəkləmir. Illərdir susdurmaq üçün hər cür yola əl atdıqları halda, hələ də bu ölkədə kölə edə, mübarizə ruhunu qıra bilmədikləri insanların varlığı iqtidarı qəzəbləndirir.
Adətən məhkəmələrdə siyasi sifarişi yerinə yetirən hakimlər, prokurorlar haqqında danışanda “nə edə bilərik, biz də buyruq quluyuq” kimi arqumentlərə rast gəlirik. Deməli, bu insanlar qul olduqlarını boyunlarına alırlar, etiraf edirlər ki, kölədilər. Eləsə, biz də onlara eynilə bu cür yanaşıb, bu hakimlərdən, prokurorlardan ədalət gözləməməliyik. Haqq-ədalət, qanunlar – bunların hamısı başda oturub bu ölkəni talayanların iradəsinə tabedir. Illərdir ölkədəki idarəçilik, məhkəmə sistemi bunu deməyə tam əsas verir.
Bir ölkədə köləlik potensialının bu qədər sürətlə “inkişaf etməsi” təbii ki, insanda təəssüf doğurur. Amma nə etməli? Biz qanunların kimlərinsə istəyinə uyğun təzahür etdiyi, xeyrin şər tərəfindən əzildiyi bir ölkədə yaşayırıq.
Bütün dünyada diktaturanın üzü, mahiyyəti budur.