Əbiyev Serdyukovla nələrdən danışıb?

Rusiyanın Qəbələ RLS-lə bağlı hansı planları var?

Moskvada Rusiyanın müdafiə naziri Anatoli Serdyukov və Azərbaycanın müdafiə naziri Səfər Əbiyev arasında görüş olub. Görüş zamanı nazirlər ikitərəfli hərbi əməkdaşlığın aktual mövzularını və Qəbələ radiolokasiya stansiyasının istifadəsi perspektivlərini müzakirə ediblər. Danışıqlarda əsas diqqət Qəbələ RLS-in gələcək fəaliyyətinə ayrılıb.
Qeyd edək ki, Rusiyanın müdafiə naziri Anatoli Serdyukov iyulun 24-25-də Azərbaycanda səfərdə olub. O, keçirdiyi görüşlərdə Qəbələ RLS-in icarə müddətinin artırılması ilə bağlı danışıqlar aparıb. Azərbaycanın müdafiə naziri Səfər Əbiyevlə Bakıda keçirdiyi görüşdən sonra jurnalistlərə açıqlama verən Anatoli Serdyukov bildirib ki, Rusiya Qəbələ radiolokasiya stansiyasının gələcəkdə istismarına dair təkliflər hazırlayıb: “Biz Qəbələ RLS ilə bağlı öz təkliflərimizi hazırlamışıq. Bundan başqa, biz stansiyanı modernləşdirməyi təklif edirik. Rusiyanın Qəbələ RLS-i modernizə etməklə bağlı müəyyən planları var. Yaxın günlər ərzində işçi qrup formalaşdırılaraq Bakıya göndəriləcək və qrup iki həftə ərzində stansiyanın istismarının davam etdirilməsinə dair texniki məsələləri azərbaycanlı həmkarları ilə müzakirə edəcəklər”. Nazir bildirib ki, Rusiya tərəfi Azərbaycana Silahlı Qüvvələr üçün kadr hazırlanması kvotasını artırmağı təklif edib.