Məhkəmədə Ziya Məmmədova mesaj

«Mən sizin kimi korrupsioner, xalqın malını talayanlarla son nəfəsimə kimi mübarizə aparacağam!»

Nəqliyyat naziri və əmisi oğlunun, eləcə də baş prokuror Zakir Qaralov, deputat Şəmsəddin Hacıyevin həbsi tələb olundu

Ictimai Palatanın Təhqiqat Qrupunun rəhbəri, hüquq müdafiəçisi Vidadi Isgəndərlinin məhkəməsi Göyçayda davam edir. Xeyli vaxtdır ki, bu məhkəmə prosesində şahidlər dindirilir. Artıq ittiham tərəfin şahidlərinin dindirilməsi başa çatıb. Hazırda müdafiə tərəfin şahidləri dindirilir.
Dünənki məhkəmə iclasının əvvəlində hakim Elxan Süleymanov Vidadi Isgəndərlinin xroniki şəkər xəstəliyindən əziyyət çəkməsi barədə arayışı elan edib.
Ardınca çıxış edən Vidadi Isgəndərli aralarında nazir, deputat da olmaqla, bir sıra məmurların cinayət məsuliyyətinə cəlb olunmasını istəyib. Hüquq müdafiəçisi cəzalandırılmasını tələb etdiyi şəxslər sırasında nəqliyyat  naziri Ziya Məmmədov, onun əmisi oğlu, Göyçayın icra başçısı Mənsur Məmmədov, müavini, YAP-ın rayon təşkilatının sədri Ramiz Ibrahimov, Göyçaydan deputat Şəmsəddin Hacıyev, baş prokuror Zakir Qaralov, Respublika Prokurorluğunun Istintaq Idarəsinin rəisi Eldar Əhmədov, idarənin müstəntiqi Pərviz Ibayev və Ağdaşda məhkəmə-tibb eksperti Isgəndərovun adını çəkib. Hüquq müdafiəçisi eyni zamanda bu şəxslərin məhkəmədə şahid qismində dindirilməsini də tələb edib.
Hakim isə deyib ki, bu haqda vəsatət yazılı şəkildə məhkəməyə təqdim edildikdən sonra ona baxıla bilər.
Ziya Məmmədov, adamlarını yığışdır!
Vidadi Isgəndərli vəsatəti yazılı şəkildə təqdim edəcəyini deməklə yanaşı, nəqliyyat nazirinə də mesaj ünvanladı:
– Ziya Məmmədov, adamlarını yığışdır. Mən sizin kimi korrupsioner, xalqın malını talayanlarla son nəfəsimə kimi mübarizə aparacağam!
Iş üzrə dövlət ittihamını müdafiə edən prokuror Nəriman Ələkbərov Vidadi Isgəndərlinin söylədiklərinə etiraz edərək müdafiə tərəfini vəsatətlər verməklə prosesi uzatmaqda ittiham etdi. Hüquq müdafiəçisinin vəkili Xalid Bağırov isə bildirdi ki, vəsatət vermək müdafiə tərəfinin hüququdur:
– Ittiham tərəfi bütün bəhanələrinin əllərindən çıxmasıyla razılaşa bilmir. Vəsatətlərimiz kifayət qədər əsaslıdır. Ittiham tərəfi istəyir ki, bu iş tələm-tələsik yekunlaşsın, işin əhəmiyyətli halları araşdırılmamış qalsın. Vəsatətlərimiz onun bəhanələrini kəsir. Bu adamlar açıq-aşkar şəkildə qatığa qara deyirlər və bunu hər kəs görür. Təsəvvür edin ki, ittiham tərəfi artıq bizim şahidləri ələ almaq istəyir. O, gün restoranda bizim şahidlərdən birinin Göyçayın icra hakimiyyətinin hüquqşünası Ruslanla birlikdə oturub ona qulaq asmasını gördüm. Qatığa ağ deyə bilmirsinizsə, heç olmasa susun. Özünüzü rəzil duruma salmayın.

“Seçki məntəqəsinin sədri professional saxtakardır”

Dünən şahid Samir Abbaslı məhkəmədə dindirildi. O, tribunaya yaxınlaşanda prokuror ona dərhal partiya mənsubiyyəti barədə sual verdi. Hakim isə prokurorun diqqətinə çatdırdı ki, bu sualla şahidə yalnız dindirmə zamanı müraciət etmək hüququ var.
Vəkil isə bildirdi ki, partiya mənsubiyyətinin aydınlaşdırılması məsələsi qanundan çıxarılıb.
2010-cu ilin parlament seçkisində “AXCP-Müsavat” blokunun Göyçay rayonu üzrə səlahiyyətli nümayəndəsi olduğunu deyən şahid rayonda seçkinin total şəkildə saxtalaşdırıldığını bildirdi. Onun sözlərinə görə, saxtakarlığı sübut edən audio, video materiallarla yanaşı, xeyli sənədlər, aktlar da var:
– Mən bu saxtakarlıqlar barədə Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair Işlər üzrə Istintaq Idarəsində kifayət qədər ətraflı məlumat vermişəm. Göyçayda seçkinin total şəkildə saxtalaşdırıldığını demişəm.
Hakim isə “biz ümumilikdə baş verən seçki saxtakarlığını araşdırmırıq” deməklə şahidin dindirilməsinə ehtiyac olmadığını bildirdi. Prokuror da onun dindirilməsinin əhəmiyyətsiz olduğunu dedi.
Şahid isə ifadə vermək istədiyini hakimin diqqətinə çatdırdı:
– Uzun illərdir ki, keçirilən seçkilərdə bilavasitə Göyçayda müşahidə aparmışam. Ona görə də deyə bilərəm ki, 2 saylı seçki məntəqəsinin sədri professional saxtakardır.
Hakim şahidin dindirilməsinə ehtiyac olmadığını deyərək onun sözünü kəsdi.
Vidadi Isgəndərli Samir Abbaslının iş materiallarındakı ifadəsinin elan olunmasını istədi. Lakin hakim buna da razılıq vermədi. Hüquq müdafiəçisi bildirdi ki, iş materialları arasından seçki saxtakarlıqları barədə verilmiş 63 ifadə oğurlanıb. Vidadi Isgəndərli prokurorluğu bu cinayətləri gizlətməkdə ittiham etdi.
“Saxtakarlıq edənlər binamus, bişərəf, biqeyrətdir”
Digər şahid Neman Əsgərov ifadəsinə Göyçay məhkəməsinin hakimləri barədə məlumat verməklə başladı:
– Göyçayda çox hakimlər olub. Amma ədalətli olmasına görə göyçaylıların minnətdarlıqla xatırladıqları Hüseynov adlı hakim var. O, yalandan üzə duranları, şərçiləri gülə-gülə ifşa edib yerlərini göstərməklə ədalətli qərar çıxarırdı. Bəli, Göyçayda seçki total şəkildə saxtalaşdırılıb. Seçkidən əvvəl mən, Vidadi Isgəndərli və digər namizədlərin nümayəndələri bir-bir seçki məntəqələrini gəzib sədrlərlə görüşmüşük. Kim din əhli olubsa, onu özümüzlə apardığımız “Quran”a and verib saxtakarlıq etməməsini istəmişik. Dindən uzaq olanlara isə qeyrət, namus və şərəfə and verib demişik ki, saxtakarlıq edənlər ən axırıncı binamus, bişərəf, biqeyrətdir.
Seçkidən 1 həftə əvvəl Şəhadət kəndinə seçicilərlə görüşə getdik. Oradakı 16 saylı məntəqənin sədri Ibrahim müəllim içkili vəziyyətdə üstümüzə hücum çəkib dedi ki, Şəmsəddin Hacıyev bu məktəbi tikib bizə verib. Siz seçilsəniz, nə edə biləcəksiniz? Biz də camaatın yanında dedik ki, elə bilirdik ki, məktəbi Mehriban Əliyeva tikdirib. Vidadi Isgəndərli ona dedi ki, bircə saxtakarlıq etmə. Etsən, səninlə qanuni mübarizə aparacağam. Seçki günü məlumat gəldi ki, Şəhadət kəndindəki 16 saylı məntəqədə total saxtalaşdırmaya başlayıblar. Məlumatı verənlər də YAP-çı komissiya üzvləri idi. Vidadi Isgəndərli ilə məntəqəyə gəldik. Orada Vidadi müəllim Ibrahimdən soruşdu ki, əvvəlcədən kəsib özündə bülleten saxlayıbmı? O da əyilib seyfdən bülletenləri götürmək istəyəndə mənim gözüm stolun üstündə olan, kənarları standart şəkildə kəsilmiş və işarələnmiş bülletenlərə sataşdı. Götürüb Vidadi müəllimə uzatdım. O, baxanda Ibrahim müəllim də eyni şəkildə kəsilmiş bülletenləri Vidadi müəllimə uzatdı. Vidadi müəllim bülletenləri alıb baxdı və Ibrahim müəllimə “axı sənə demişdim ki, saxtakarlıq eləmə” dedi və biz məntəqədən çıxdıq. Ibrahim müəllim də ardımızca çıxıb bülletenləri qaytarmağımızı xahiş edirdi. Biz oradan getdik. Seçkidən sonra qəzet köşkünün qarşısında Ibrahim mənimlə rastlaşdı. Dedi ki, mən neyləyim, məktəbdə gündə bir sənədə qol çəkdirirlər. Başdan ayağa qanunsuzluğun içindəyəm, yenə sizdən canımı qurtara bilərəm. Amma bunlardan canımı qurtara bilməyəcəyəm. Mən ona dedim ki, vicdanın olsun, düzünü danış. Dedi ki, qorxuram. Indi də özünə təzə maşın alıb. Biz belələrinə müəllim demirik. Bunların adı başqadır. Ən yüngülü də saxtakardır.
Biz 16 saylı məntəqədən çıxıb Mirzəhüseynli kəndinə getmişik. Orada da stolun üstündən eyni qaydada kəsilmiş və işarələnmiş bülletenləri götürüb məntəqəni tərk etdik. Hələ bir neçəsi də stolun üstündə qaldı. Qapıdan çıxanda sonradan adını bildiyim Araz qarşımızı kəsdi. Vidadi müəllimin qabağını kəsib deyirdi ki, gedə bilməzsiz. Buna görə də polis çağırdım. Elə bilirdim ki, bizi orada döyüb öldürəcəklər. Indi məlum olur ki, Araz psixdir, əlində sənədi də var. Orada başqa heç nə olmayıb. Orada Arazla aramızda əlbəyaxa olmağımız barədə yalan ifadə verənlər binamus, bişərəf, biqeyrətdilər. Biz oradan çıxıb ATƏT nümayəndələrilə görüşə getmişik. Onlara saxtalaşdırılmış bülletenləri göstərib seçkinin total şəkildə saxtalaşdırılması barədə məlumat vermişik. Oradan çıxandan sonra Vidadi Isgəndərli Göyçay Rayon Polis Şöbəsinə aparılıb. Oradan gələndən sonra birlikdə 3 saylı məntəqəyə getdik. Orada olanda təmsilçisi olduğum namizəd Yusifov Ilqar zəng elədi ki, 2 saylı məntəqədə də seçki saxtalaşdırılır. Ora getdim, gördüm ki, məntəqə üzvü Eldarın qarşısında kənarları kəsilmiş çoxlu bülleten var. O, tez bülletenləri götürüb məntəqə sədrinə verdi. Qışqır-bağır düşdü, Vidadi müəllim, onun ardınca polislər gəldi. Vidadi Isgəndərli demokratik düşərgənin təmsilçisi olan müşahidəçilərə üzünü tutub dedi ki, seçki total şəkildə saxtalaşdırılır, ona görə də məntəqəni tərk edin. Biz oradan çıxanda qırmızı “Niva”da həmin o Azad ora gəlib bizi hədələyirdi. Deyirdi ki, baxarsınız sizin başınıza nə oyun açacağam. Mən də ona dedim ki, sən 17 saylı məntəqədə müşahidəçisənsə, burada nə gəzirsən?
Bundan sonra şahid vəkil Xalid Bağırovun suallarını cavablandırdı. Cavablarda şahid bildirdi ki, müxtəlif məntəqələrdən xeyli saxtalaşdırılmış bülleten götürmələrinə baxmayaraq, yekun protokolda bülletenlər sayının düz olduğu qeyd edilib.
Sual-cavab zamanı şahid seçki saxtakarlığı barədə danışarkən hakim onun sözünü kəsdi:
– Biz 3 və 4 saylı məntəqələri araşdırmırıq. 2, 16 və 17 saylı məntəqələrdən danışın.
Vəkil Xalid Bağırov da hakimin bu cür mövqeyinə etiraz etdi:
– Seçki saxtakarlıqları barədə məlumat verir, sərf eləmir?
Şahid:
– Həmin o, Araz uşaqlara dərs deyir. Sağlam olmayan adam gələcək nəsli sağlam ruhda tərbiyə edə bilməz. Deməyim bunu?
Hakim:
– Bura mitinq yeri deyil.
Vəkil:
– Mitinq yeridir.
– Deyil.
– Mitinq keçirib haqqını tələb etmək şərəfli işdir. Necə olur, siz Cinayət Məcəlləsindən siyasi sifarişləri yerinə yetirmək, seçki saxtakarlıqlarını ört-basdır etmək üçün istifadə edə bilirsiz…
Bundan sonra şahid V.Isgəndərlinin və prokurorun suallarını cavablandırdı.
Polis vəhşiliyini sübut edən kadrlar məhkəməyə təqdim olundu
Dünən şahid qismində ifadə verən Şaiq Mustafayev də 16 saylı seçki məntəqəsində qanun pozuntularına yol verildiyini təsdiqlədi. Şahid Miri Seyidov isə ifadəsində bildirdi ki, Vidadi Isgəndərlinin sürücüsü olub. Onun sözlərinə görə, hüquq müdafiəçisilə birlikdə məntəqələri gəzib. 17 saylı məntəqədə qoca kişi görüb. Həmin şəxs də Araz Ələkbərov olub. Şahidin sözlərinə görə, Araz Ələkbərovla Vidadi Isgəndərlinin mübahisəsi olmayıb.
Prokuror bildirdi ki, Miri Seyidovun istintaqa verdiyi ifadə ilə məhkəmədə söylədikləri arasında ziddiyyətlər var. Buna görə də onun istintaqa ifadəsi elan edildi. Məlum oldu ki, müstəntiq Miri Seyidovu huşsuz kimi təqdim edib. Istintaqın gəldiyi nəticəyə görə, Miri Seyidovun Vidadi Isgəndərli ilə hara getməsindən xəbəri olmayıb. Həmçinin qeyd olunub ki, Miri Seyidov getdiyi kəndləri yadında saxlaya bilmir.
Şahid isə elan olunan ifadənin yalan olduğunu və müstəntiq tərəfindən yazıldığını bildirdi:
– Müstəntiqin yazdığı dərəcədə huşsuz deyiləm. Sadəcə, saatları deyə bilmirəm. Amma haradan gəlib hara getdiyimi yaxşı bilirəm. Istənilən kəndi gəzə bilərəm və hamısını da yaxşı tanıyıram.
Daha sonra ifadə verən şahid Ceyhun Əsgərli bildirdi ki, 5 saylı seçki məntəqəsində müşahidəçi olub. Onun sözlərinə görə, axşam qutuların açılması zamanı məntəqə sədri Yeganə Mehdiyevanın saxtakarlığına etiraz edib. Yeganə Mehdiyeva da polisi çağırıb:
– Polislər məni vəhşicəsinə döydülər. Daha sonra ağacın dibinə atdılar. Bununla bağlı müvafiq qurumlara müraciət etsəm də, cinayət işi başlamadılar.
Şahid polislər tərəfindən döyülməsini sübut edən videogörüntüləri məhkəməyə təqdim etdi. Hakim bildirdi ki, vətəndaşın döyülməsi araşdırılmalıdır və dərhal cinayət işi başlanmalıdır. Hakim onu da əlavə etdi ki, döyülmə faktı ilə bağlı prokurorluğa təqdimat göndərəcək.
“Azadlıq” qəzetinin bölgə müxbiri Şahin Əzizov da dünən şahid qismində ifadə verdi. O, da seçkinin saxtakarlıqla müşayiət olunduğunu bildirdi.
Məhkəmə prosesi avqustun 17-də davam edəcək.

Fidan