“Korrupsiyaya qarşı mübarizə sistemsiz aparılır”

Oqtay Haqverdiyev: «Korrupsiya sistemli xarakter daşıdığı üçün ona qarşı mübarizə də sistemli olmalıdır»

Nazirlər Kabinetinin maliyyə-kredit şöbəsinin sabiq müdiri Oktay Haqverdiyev hökumətin korrupsiyaya qarşı apardığı mübarizə ilə bağlı AzadlıqRadiosuna verdiyi müsahibədə maraqlı fikirlər səsləndirib.
Sabiq şöbə müdiri bildirib ki,korrupsiyaya qarşı bir gün-iki gün mübarizə aparmaqla nə isə etmək olmaz, buna illər lazımdır: “Indi Azərbaycanda korrupsiyaya qarşı mübarizə məişət səviyyəsində aparılır. Korrupsiya ən böyük layihələrdə olsa da hələ orda mübarizə aparılmayıb. Bu mübarizə məqsədyönlü görünmür. Nə isə epizodik bir proses gedir. Bir də görürsən ki, hansısa hərbi komissarı, hansısa müəllimi tuturlar. Mübarizə sistemsiz aparılır. Korrupsiya sistemli xarakter daşıdığı üçün ona qarşı mübarizə də sistemli olmalıdır. Amma belə mübarizə  hələ ki görünmür”.
Oqtay Haqverdiyev korrupsiyaya qarşı sistemli mübarizəyə mane olan amillər barədə suala cavab verərkən deyib: “Bir sıra məsələlər var. Misal üçün ilk növbədə baxaq görək korrupsiyaya qarşı mübarizəni kimlər aparır. Bu mübarizəni aparanlar özləri təmiz adamlardılarmı? Bundan başlamaq lazımdır”. Sabiq şöbə müdiri, həmçinin əlavə edib ki, məmur monopoliyasına qarşı mübarizəyə yerlibazlıq və korrupsiya mane olur.