Azərbaycan Yazıçılar Birliyinin başında duran kimdir? Sən demə, alovlu, yenilməz bir “türk milliyyətçisi”. Qah-qah, əcəb gülməlisən, xaniman xərab! Şamo Arifin polemik yazısı ilə başlayan söz atışmasını gör gətirib hara çıxardılar – millətçiliyə! Indilikdə yeri olmayan utancverici bir görsəniş. Bu, opponentin gətirdiyi faktlar, arqumentlər qarşısında söz tapmaq çətinliyindən yaranan yaramaz görsənişlərdəndir.
Yazıçılar Birliyinin baş ucundan qaynaqlanan cavab yazılarında qabaqca söyüş-təhqir, yalan-böhtan, opponenti aşağılama yolu tutuldu, bütün bunların yetərli omadığını görüncə millətçilik yarağına əl atıldı. Nəyə görəsə YB-dən qaynaqlanan, YB başçısını “qorumaq” üçün yazılan bütün cavab yazılarında bəlli bir subyektlə bağlı taş-tərəzi, bazar dəyərləndirməsi başlıca yer tutur. Yalnız bir yazıda bu dəyərləndirmə bir az başqa xarakter alır: “Şamo Arifin bütün fəaliyyəti, yaradıcılığı, prinsipcə Anarın bir hekayəsi qədər faydalı deyil, ola bilməz”. Çox gözəl, o, sizlər üçün dahidir. Bizlər hansı yazımızda onu yazıçı saymadığımızı bildirmişik? Onun ən yaxşı hekayələrindən biri “Yaxşı padşahın nağılı” hekayəsidir. Yaxşı padşahın nağılını yazıb pis padşaha qulluq yolu tutmaq – budur bizim pislədiyimiz!
Dünyanın ünlü yazarlarından biri, Nobel ödülü laureatı Uilyam Folkner yazırdı: “Yazıçı yalnız gözəl insan obrazları yaratmaqla qalmamalı, o, adamların sınmaması, yamanlıqlara üstün gəlməsi üçün onlara dayaq durmalıdır”. Biz “xalq” yazarı adı daşıyan kimsələrdən, başlıcası da Yazıçılar Birliyinin başçısından bunu istəyirkən söyüş-təhqir, yalan-böhtan dolu cavablarla üzləşirik. Belə cavabların birində görün nə deyilir: “Xaliq Bahadır Anara, Anarın yaradıcılığına paxıllıq etdiyindən bilmir neyləsin, o ən azı adının Anarla birgə çəkilməsinə çalışır”. Bu bir maniyadır – “məndən üstün kimsə yoxdur, ola bilməz” maniyası. Azərbaycan yazıçılarından mən Mirzə Cəlili sevirəm. Mən dünya ədəbiyyatını oxuyuram. Mənim çox sevdiyim, dönə-dönə oxuduğum, öyrəndiyim yazıçılar başlıca olaraq rus klassikləri – Qoqol, Turgenev, Dostoyevski, Tolstoy, Çexovdur. Eləcə də Sovet dönəmi yazıçılarından A.Soljenitsının yaradıcılığı mənim üçün başlıca örnəklərdəndir. Soljenitsının bircə elə qansız-amansız Sovet dönəmi gerçəklərini ortaya qoyan “Ivan Denisoviçin bir günü” hekayəsi nəyə desən dəyər. Hələ mən V.Rasputin yaradıcılığından danışmıram. “Mariyaya pul gərək idi” povesti. Anarın yaradıcılığında beləsi varmı? Dünya ədəbiyyatı bir qırağa qalsın, sonuncular bizimlə bir dövlətdə yaşamış yazarlardır…
Bir sıra cavab yazılarında belə bir prinsip irəli sürülür: kim Anarca kitab yazmayıbsa, onu tənqid eləyə bilməz. Bu nə baxış, bu nə anlaq, bu nə prinsipdir belə?! Sən prezident olmamısan, I.Əliyevi tənqid eləyə bilməzsən; sən baş baxan olmamısan, A.Rəsizadəni tənqid eləyə bilməzsən – bu nə yanaşmadır belə?! Istənilən oxucunun öz umacağına uyğun istənilən yazıçıya qarşı çıxmaq hüququ var. Bizim hər birimiz istənilən yazarı nədəsə, nəyə görəsə qınaya bilərik – bu bizim hüququmuzdur. Ancaq nə biz öz qınaqlarımızda etik normalardan qırağa çıxmalıyıq, nə də qınağa tuş gələn yazar. Bizim etik normalardan qırağa çıxmadığımız yerdə bizə verilən cavabların söyüş-təhqir, yalan-böhtanla dolu olması nə deməkdir?
Birisi Anarı “türk milliyyətçisi” adlandıraraq problemi bilərəkdən bütünlüklə başqa səmtə yönəldir – Anara yararlı səmtə. AXC-Elçibəy hakimiyyəti dilimizi Türk dili adlandıranda Anar “iki dilin bir adı olmaz2 deyə bu qərara qarşı çıxdı. Indinin özündə də Anar Milli Cəbhə hakimiyyətini söyə-söyə antimilli Əliyevlər hakimiyyətinə qulluq etməkdədir. Budurmu Anarın ”türk milliyyətçiliyi?”. Korporativ maraqlar milli maraqlara üstün gələn yerdə… gerçəklər yalana çevrilərmiş!
Millətçiliyin bazar dəyərləndirməsi
•