Birənin canı qanında, divin canı şüşədə olduğu kimi, bu rejimin də canı korrupsiyadadır. Elə hakimiyyətin ünvanına istər xalqdan, istər dünyadan ən kəskin tənqidlər də korrupsiya ilə bağlıdır.
Amma bunlar həmin tənqidləri bir qulaqlarından alıb, o birilərindən ötürürlər, hər korrupsiya iradı bunları yeni korrupsiya icadına həvəsləndirir. Necə deyərlər, öyüd verirsən, bir çibin də artıq tutur.
Büdcə ilə ehtiyatsız rəftardan yaranan ehtiyat fondu
Üzərinə qalın sirr pərdəsi çəkilmiş, vəsaitlərinin haradan daxil olduğu, necə xərcləndiyi heç kəsə bəlli olmayan, haqqında hər dürlü şübhələrin dolaşdığı “Heydər Əliyev Fondu”, “Silahlı Qüvvələrə Yardım Fondu” kimi çeşid-çeşid icadlar azmış kimi, bu yandan da “Prezidentin ehtiyat fondu” çıxdı. Son vaxtlar biz bu fond haqqında tez-tez eşidirik. Az qala hər gün Ilham Əliyevin “prezidentin ehtiyat fondu”ndan müxtəlif layihələrə milyonlarla manat pul ayırması, mədəniyyətin, ədəbiyyatın, elmin, nə bilim daha nəyin inkişafı adı altında rejimin əlaltılarını ödülləndirməsi barədə sərəncamlar oxuyuruq.
Amma heç kim bilmir ki, “Prezidentin ehtiyat fondu” nədir? Onun dünyada analoqu varmı? Biz zəngin iş adamlarının fond yaratması haqqında bilirik. Onlar sərvətlərinin bir hissəsini belə fondlar vasitəsi ilə yoxsulluğa, səfalətə, haqsızlığa, ölümcül xəstəliklərə qarşı qlobal mübarizəyə, bəşəri dəyərlərin müdafiəsinə yönəldirlər.
Ilham Əliyevsə qanunvericiliyə görə biznes fəaliyyəti ilə məşğul ola bilməz, bəs belədə onun fondu hardandır? Həmin fond hansı gəlirlər hesabına formalaşır? Üstəlik, nəzərə alsaq ki, adından da göründüyü kimi, bu, ehtiyat fonddur, belə çıxır ki, möhtərəmin əsas fondu da var. Bu ehtiyat fonddursa, bəs əsas fond hansıdır? Dövlət büdcəsimi? Nə bilim vallah, bunlardan nə desən çıxar.
Qayıdaq Ilham Əliyevin ehtiyat fonduna. Məsələn, bu günlərdə əlahəzrət oradan yeni Zooloji Parkın tikintisi üçün 3 milyon manat ayırdı. Əlahəzrətin aylıq 15 min manat maaş aldığını nəzərə alsaq, bu, onun hardasa 18 illik maaşıdır. Deməli, kral həzrətlərinin ehtiyat fondu heç də onun şəxsi gəlirləri ilə formalaşmır. Bəs nə ilə formalaşır?
Əslində, bu sualın cavabı çox uzaqda deyil. Elə fondun nizamnaməsindəcə onun büdcə pulları ilə formalaşdığı açıq-aydın göstərilib. Yəni, “Prezidentin ehtiyat fondu”nun xərcləri hər ilin dövlət büdcəsində nəzərdə tutulur.
Bir sözlə, “Prezidentin ehtiyat fondu” əslində, büdcə ilə ehtiyatsız, səliqəsiz rəftarın təzahürüdür. Ilham Əliyev tıpkı “hamam suyu ilə dost tutmaq” misalı, büdcə pulları ilə özünə fond yaradıb və onu paşa könlü, ağa kefi necə istəyir, nəyə istəyir, xərcləyir. Kimlərisə şəxsi zövqü, meyarları ilə dövlətin ödülləndirib dost qazanır. O, dost qazanır, amma dövlət pul itirir.
21-ci əsrdə bu cür idarəetmə zehniyyəti faciədir. Orta çağların saray təfəkkürünə yeni nəfəs, ikinci ömür verməkdir.
Bəs deyirdi, o, özünü kral kimi hiss etmir?
Bəli, biz başa düşürük ki, əslində rejim üçün dövlət büdcəsini sağa-sola dağıtmaq üçün kifayət qədər imkanlar var. Onsuz da “Prezidentin ehtiyat fondu” olmadan da büdcə talan edilir və bu talanın miqyası milyard manatlarla ölçülür. Təkcə büdcənin “və sair xərclər” bölümü hər il yüz milyonlarla manatın dövlətin cibindən bir adamın cibinə axıdılması üçün düşünülmüş əla bir fənddir.
Amma yenə də “Prezidentin ehtiyat fondu”nu görməzdən gəlmək olmaz. Bu, birinci şəxs səviyyəsində korrupsiyanın parlaq təcəllasıdır. Dövlətin xəzinəsi ilə bu cür rəftar padşahlara xas idi. Yalnız onlar ağılları kəsən adama və işə heç kimdən soruşmadan kisə-kisə qızıl paylamağı özlərinə rəva görürdülər. Nə yazıq ki, bu gün Azərbaycanın başında duran şəxs də eyni yolu gedir.
Sonra da Ilham Əliyevdən soruşanda ki, özünü kral kimi hiss edirmi, xətrinə dəyir. Üstəlik, o, “Euronyus” müxbirinin həmin sualına “xeyr, özümü kral-zad kimi hiss etmirəm” demişdi.
“Əcəb gülməlisən xanə-xərab”. Özünü kral kimi hiss etmir, ancaq büdcə ilə kral kimi rəftar edir.