ABŞ Bakıya “Böyük Azərbaycan” vəd edir

«Regnum» IA: «Vaşinqton Ermənistana Türkiyə vasitəsilə tranzit dəhlizinin verilməsinə çalışır»

“Regnum” informasiya agentliyi ABŞ dövlət katibi Hillari Klintonun iyul ayında Türkiyəyə səfəri ilə bağlı qəribə məlumat yazıb. Agentliyin regiondakı məlumatlı mənbələrə istinadən yazdığı xəbər görə, Hillari Klinton səfəri zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllindən sonra Qafqaz və Yaxın Şərq üçün yeni perspektiv xəritəsi çəkib. Bu xəritə isə nəinki beynəlxalq sülhməramlıların münaqişə zonasında yerləşdirilməsi, həmçinin münaqişə tərəfləri arasında kommunikasiya və ərazi kompensasiyasını nəzərdə tutur.
Mənbənin sözlərinə görə, Klinton Türkiyə hakimiyyəti ilə məsləhətləşmələr zamanı xatırladıb ki, biz (ABŞ və Türkiyə) Ermənistana hələ prezident Vudro Vilsonun söz verdiyini verməliyik. Vilsonun təklif etdiyi Sevr razılaşması layihəsinə görə, Ermənistana Trabzon limanı vasitəsilə dənizə çıxış verilməlidir.
Agentliyin yazdığına görə, söhbət Sürix protokollarının ratifikasiyasından sonra Ermənistana Türkiyənin Trabzon limanı vasitəsilə tranzit dəhlizinin verilməsindən gedir. Mənbə əlavə edib ki, ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayzanın rəhbərliyi ilə reallaşdırılan Azərbaycan kompensasiya proqramı isə Böyük Azərbaycanın yaradılmasına yönəlib (ANS PRESS).