Qəhrəman Cəlilovun qətli ilə bağlı yeni məlumatlar
Ilham Əliyevin şəxsi mühafizə xidmətinin rəhbəri general Bəylər Əyyubovun qohumu Qəhrəman Cəlilovun qətlə yetirilməsi ilə bağlı yeni məlumatlar almışıq.
Xatırladaq ki, generalın qohumu avqustun 10-da metronun “Gənclik” stansiyasının yaxınlığında, F.X.Xoyski 81 ünvanında yerləşən ev alqı-satqı ofisində bıçaqlanaraq öldürülüb. Qəhrəman Cəlilovu qətlə yetirən şəxs Şərur rayon sakini Vaqif Cəfərovdur. O, Qəhrəman Cəlilovu bıçaqlayaraq hadisə yerindən qaçıb. Vaqif Cəfərov kriminal aləmdə nüfuza malikdir və o, “Kəpənək Vaqif” ləqəbi ilə tanınır. Hadisənin maliyyə mübahisəsi nəticəsində törədilməsi barədə ehtimallar var.
Dünən əldə etdiyimiz məlumatlara görə, Qəhrəman Cəlilov Vaqif Cəfərovu yaxından tanıyırmış. Elə bu baxımdan da ona etibar edərək ofisinə buraxıb. Məlumatda deyilir ki, generalın qohumu daim silahlı olub. Əgər o, Vaqif Cəfərovun niyyətini bilsə idi, hadisə tamam başqa cür ola bilərdi. Bildirilir ki, Vaqif Cəfərov qəfildən Qəhrəman Cəlilova hücum çəkib və ona dalbadal bıçaq zərbələri endirib.
Məlumatlarda, həmçinin deyilir ki, həmin ünvanda yerləşən obyektlərin əksəriyyəti Qəhrəman Cəlilova məxsusdur. Kürd icması arasında kifayət qədər nüfuzlu şəxs hesab edilən Qəhrəman Cəlilovun bu “avtoriteti” Bəylər Əyyubovla qohumluq əlaqələrinə deyil, şəxsi keyfiyyətlərinə görə qazandığı deyilir.
İnformasiya şöbəsi