“Burada nəsillikcə yaşayan ailələr kənar yerlərə köçürülür. Müqavimət göstərənlər polis tərəfindən zorla qovulur”
ABŞ-ın “Nyu York Tayms” qəzeti Amanda Eriksonun Bakının mərkəzində lazımi kompensasiya ödənmədən evlərindən çıxarılan minlərlə ailənin fəlakəti haqda məqaləsini dərc edib.
Məqalədə deyilir:
“Tikinti bumu Bakının şəklini dəyişərək onu boz postsovet şəhərindən göydələnlər və mərmər parklarla dolu parlaq paytaxta çevirir. Lakin bu inkişaf baha başa gəlir. Burada nəsillikcə yaşayan ailələr kənar yerlərə köçürülür. Müqavimət göstərənlər polis tərəfindən zorla qovulur, bəzi hallarda isə narazı sakinlərin içəridə qalmasına baxmayaraq evlər sökülür.
Gəlirlərin artması hökuməti “şəhərin üzərində plastik əməliyyat aparmağa” sövq edib. Azmərtəbəli evlərin və mağazaların yerində hökumət xarici şirkətlərin köməyilə hündürmərtəbəli komplekslər, univermaqlar və otellər tikməyə başlayıb.
Hakimiyyət Xəzərdə Dubayın analoqunu yaratmaq istəyir. Bu istəyi şəhərin dağlıq hissəsində 3 şüşə qala, habelə Londonun Canary Wharf biznes mərkəzini xatırladan “Port-Baku” layihəsi göstərir. Elə buradaca Bentley –nin nümayəndəliyi yerləşir.
Lakin evlərin söküldüyü küçələrin sakinləri bu planlara daxil edilməyib. Bakıda zənginlik axını var, amma orta sinif sakinlərin bir çoxlarının əmək haqqı aşağı olaraq qalır. Belə ki, müəllimlər ayda 250 dollardan aşağı əmək haqqı alır.
Human Rights Watch-un məlumatına görə, yüzlərlə ev sahibi son iki ildə Bakının mərkəzində evlərindən məhrum olublar. Bu gün hökumət tənqidə cavab verməkdən imtina edir.
Hökumət hər kvadrat metr üçün 1900 dollar ödəyir, amma şəhərin bu hissəsində hər kv. metrin qiyməti təxminən 5000 dollar təşkil edir.
Köçürülmə təhlükəsi olan ev sahiblərinin hüquqlarını qanuni yolla müdafiə etmək imkanı yoxdur, Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus belə deyir.
Vətəndaşlara iki həftə ərzində şəhər kənarına köçməyi və ya bazar qiymətindən aşağı kompensasiya almağı təklif edirlər.
Leyla Yunus söküntünün qarşısını almaq üçün müxtəlif vasitələrə əl atıb: hökumət məmurları ilə görüşlər və sökülən evlərin qarşısında kiçik etiraz aksiyaları təşkil edib.
İyunda o, öz ofisinin divarında “Bu, şəxsi mülkiyyətdir və onun sökülməsi Konstitusiyanı və Avropa İnsan Hüquqları Konvensiyasını pozur” yazısı yazıb. Lakin güclü nəzarətin hökm sürdüyü bu ölkədə insanların hər şeyin düzələcəyini gözləməkdən başqa, demək olar ki, öz hüquqları uğrunda mübarizə aparmaq imkanı yoxdur”.


