Hüquq müdafiəçiləri mülkiyyət hüquqlarının müdafiəsinə qalxdılar
“Avropa Şurasının Azərbaycanla bağlı budəfəki hesabatı bütünlükdə mülkiyyət pozuntularına həsr olunacaq”
Hüquq Müdafiə Təşkilatlarının Monitorinq Qrupu vədinə sadiq qalaraq hər həftə ölkənin bir ağrılı problemini ictimai müzakirəyə çıxarır. Ötən dəfə qrupa daxil olan hüquq müdafiəçiləri – Novella Cəfəroğlu, Səidə Qocamanlı, Səadət Bənənyarlı polis özbaşınalıqlarından danışmışdılar. Hüquq müdafiəçilərinin dünənki toplantısı Azərbaycanda kobud şəkildə pozulan mülkiyyət hüquqlarına həsr olunmuşdu. Yığıncağa şikayətçi sakinlər də qatılmışdılar.
“Şəhərin gözünü zəbt edirlər”
Səidə Qocamanlı bildirdi ki, mülkiyyət hüququnun pozulması ilə bağlı onlara hədsiz sayda şikayət məktubu gəlir: “Bu tək sizin yox, hamımızın problemidir. Təminat yoxdur ki, sabah bizim də evimizi sökməsinlər. Vəziyyət o qədər kritikdir ki, bir şikayəti oxuyub başa çatdırmamış yenisi gəlir. Elə olur, bir məktuba 900 imza atılır. Şəhərin gözü olan yerləri zəbt edir, mərkəzi yox edirlər. Şedevrləri yerlə-yeksan edilir, lula görə tariximizi məhvə sürüklənir. Tarixi binaları sökən məmurlar dövlətçiliklə düşmənçilik edirlər. Bizə məlumat gəlib ki, indi də 4 saylı xəstəxanını başqa yerə köçürmək, yerində hotel tikmək istəyirlər. Şəmsi Bədəlbəyli, “Mur-Ay”, “GEN” MMC və bu kimi işlərdə minlərlə şikayət alırıq. İnsanlar qəpik-qəpik yığıb ev alıblar, kiminsə fırıldağı ucbatından küçədə qalıblar. Bu qədər yeni binalar tikilib, bu insanları ora köçürmək olmazmı? Olar. Sadəcə bunun üçün mexanizm işlənməlidir. Dövlət qurumlarının hamısı ilə görüşəcəyik. Bu dəfə Avropa Şurasının insan haqları üzrə komissarı Tomas Hammerberqə mülkiyyət hüquqlarının pozuntusu ilə bağlı o qədər şikayət aparmışdıq ki, o bildirdi ki, budəfəki hesabatları bütünlükdə mülkiyyət hüququna həsr olunacaq.
Bir komaya 3 milyonluq kompensasiya
Aldadılmış “Mur-Ay”, “GEN” MMC payçılarından çoxlu sayda məktublar aldıqlarını deyən Novella Cəfəroğlu bildirdi ki, problemin həllində dönüş yaratmağın vaxtı çatıb: “İlham Əliyev deyir ki, hər bir azərbaycanlının prezidentidir. Həqiqətən belədirsə, bu insanların dərdinə laqeyd qalmasın. Onların evlə təmin olunması üçün göstəriş versin. Azərbaycan hökumətinin buna imkanı var. İsraildə rastlaşdığım bir mənzərini heç vaxt unutmaram. Bir adamın komaya bənzər uçuq-sökük evi vardı. Həmin evdən çıxmaq üçün 500 min dollar istəyirdi. Onun verdiyi məbləği vermədikləri üçün evdən çıxmırdı. Üç ildən sonra ora gedəndə yenə həmin evi gördüm. Dedilər, indi də ev üçün 3 milyon istəyir. Soruşdum onu başqa üsullarla çıxara bilmirlər ki? Dedilər, nə danışırsınız, söhbət, şəxsi mülkdən gedir. Adam evi nəhayət ki, 3 milyona satmışdı. Görün, dünyada mülkiyyət hüquqlarına necə hörmətlə yanaşırlar. Mülkiyyət hüququ həqiqətən də müqəddəsdir, toxunulmazdır”.
Prezidentə, Hazirlər Kabinetinə müraciət edəcəklərini deyən N.Cəfəroğlu məsələni elə Azərbaycanda həll etməyin tərəfdarı olduğunu bildirdi: “Biz beynəlxalq qurumlara da məlumat vermişik. Amma istəyirik ki, problemi elə Azərbaycanda hll edək. Abutalıbovu çox günahlandırırlar, amma mən sizə açıq deyim ki, bu iş onluq deyil. O sadəcə bir icraçıdır. Hansısa məmurlar Azərbaycanda inqilab olmasını istəyir. Ona görə də narazılığı bu qədər artırır. İstəyirlər ki, ərəb dünyasında baş verənlər burada da təkrarlansın. Amma biz imkan vermərik ki, Azərbaycanda qan düşsün”.
“Keçmiş deputatın qardaşı insanları ələ salır”
Səadət Bənənyarlının sözlərinə görə, mülkiyyət hüququnun pozuntusu ilə bağlı şikayətlərin miqyası Bakı ilə məhdudlaşmır. Eyni problemlər Sumqayıt, Gəncə və başqa bölgələrdə də yaşanır: “Narazı adamların sayı həddən artıq çoxdur. Həsimi polisinin arxasında tikilən bina ilə bağlı bizə şikayət daxil olub. Sakinlərlə oyun oynayırlar. Aldığı mənzili təmir etməyə başlayanda deyirlər ki, səhv olub, sizin mənzil başqadır. Başqa mənzilə köçəndə də məlum olur ki, evin sahəsi danışıldığından kiçikdir”.
Bu məqamda N.Cəfəroğlu məlumat verdi ki, həmin binanı keçmiş deputat Lalə Abbasovanın qardaşı tikdirir: “Hamısının adını çəkəcəyik. Bu adam sakinləri ələ salır. Rayonlarda da vəziyyət çox pisdir. İcra başçısı kimin yerindən xoşu gəlirsə, əlindən alır. Elə bil ki, həm mərkəzdə, həm bölgələrdə camaatı üsyana qaldırırlar”.
Daha sonra “GEN” MMC və “Mur-Ay” qurbanları dövlət orqanları tərəfindən illərdir get-gələ salındıqlarını, itirdikləri pulları heç cür geri ala bilmədiklərindən danışdılar. Onların sözlərinə görə, aldadılmış vətəndaşlar arasında tab gətirməyib ölənlər və intihar edənlər də var.
“Bilsəydim, Tural Abbaslının anasıdır, damını başına uçurardım”
“Zaminbank”ın yerləşdiyi binadakı sökhasökün qurbanlarından biri də Müsavat Gənclər Komitəsinin sədri Tural Abbaslının ailəsidir. Gənc fəalın anası Başxanım Abbasovanın sözlərinə görə, Səməd Vurğun 49 ünvanında yerləşən bu qədim binada hazırda əməlli-başlı soyğunçuluq əməliyyatı gedir. Köçürmə Komissiyası adı altında Bakı meriyası və Əmlak Komitəsinin işçiləri sakinləri bir-bir binadan çıxarırlar. Onların evlərindən sökülən taxtaları da oğurlayıb aparırlar: “Evdən çıxmayacağımı deyəndə oradakı məsul şəxslərdən biri dedi ki, bilsəydim, Tural Abbaslının anasıdır, onun damını başına uçurdardım. Dedim hünərin var uçurt, mən də sənin rüşvətlə aldığın villanı gəlib başına uçurdaram”.
B.Abbasova bildirdi ki, köçəcəkləri yerlə bağlı ona heç bir təklif gəlməyib, qonşulara təklif edilən mənzillərsə ucqar yerlərdə olmaqla yanaşı əsasən təmirsiz və çox kiçikdir.
Gültəkin


