Rəsmi Bakı İlham Əliyevin hədələnməsinə nota ilə cavab verdi
Azərbaycanlı general Tehranı narkoticarətdə ittiham etdi
Müxalifət liderləri də İranlı generalın bəyanatına sərt təpki göstərdi
Iran ordusunun baş qərargah rəisi general Həsən Firuzabadinin Ilham Əliyevi hədələməsi Bakı ilə Tehran arasında diplomatik qalmaqala səbəb olub. Xatırladaq ki, Iran generalı Ilham Əliyevi xalqın oyanışını yatırtmaqda ittiham edib: “Ilham Əliyev mənim xəbərdarlığıma qulaq asmasa, onu qorxulu tale gözləyir. Xalqın oyanışını yatırmaq olmaz. Bizim dostluq münasibətlərini dəstəklədiyimiz bəzi qonşu müsəlman ölkələr dostluğa məhəl qoymayaraq, öz ölkəsinin daxili işlərinə qarışmağa icazə verməklə sionist rejiminə azadlıq verirlər. Onlar Islamın qaydalarına məhəl qoymurlar. Lakin Azərbaycan xalqının damarında həm də Iran qanı axır və onun ürəyində Islama sevgi yaşayır”.
XİN-in notası
Rəsmi Bakı əvvəlcə bu hədəni sükutla qarşılasa da, sonradan cavab vermək qərarına gəlib. Dünən Iranın Azərbaycandakı səfiri Məhəmmədbağır Bəhrami Xarici Işlər Nazirliyinə(XIN) dəvət olunub. XIN-in yaydığı məlumata görə, Iran səfirini qəbul edən xarici işlər nazirinin müavini cənab Nadir Hüseynov ona Azərbaycan tərəfinin etiraz notasını təqdim edib.
Notada Iran generalının bəyanatı məsuliyyətsiz iftira adlandırılıb və Azərbaycanın buna qəti etiraz etdiyi bildirilib. XIN Iran tərəfindən Azərbaycana qarşı qərəzli bəyanatların verilməsinin qarşısının alınması və bu kimi addımların bir daha təkrar olunmaması istiqamətində Iran Islam Respublikası tərəfindən qısa müddət ərzində müvafiq tədbirlərin görülməsini və sözügedən məsələyə dair aydınlıq gətirilməsini tələb edib.
Generalın generalı aşağılaması
Notadan sonra Iran səfirliyi general Həsən Firuzabadinin Azərbaycanın ünvanına səsləndirdiyi fikirləri təkzib edib.
Səfirliyin məlumatına görə, KIV-də Firuzabadinin adından verilən çıxışın ona aidiyyəti yoxdur və yayılan xəbərlər mətbuatın anlaşılmazlığının nəticəsidir.
Lakin Iran səfirliyinin bu təkzibi yaranmış qalmaqalı aradan qaldıra bilməyib. Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyev Iranlı generalın bəyanatına sərt münasibət bildirib. O, APA-ya açıqlamasında deyib: “Iran generalının öz səlahiyyətlərini aşaraq rəsmi dövlət mövqeyinə zidd, ultimativ xarakterli bəyanatlar verməsini, hətta Azərbaycanın rəhbərliyinə tövsiyələr etməsi Azərbaycanın daxili işlərinə qarışmaq kimi qiymətləndirilir. Bəyanat sahibinin bu cür səviyyəsiz, savadsız və qeyri-peşəkar ifadələrlə diqqət mərkəzində olmağa çalışması əvəzinə Iran-Azərbaycan dövlət sərhədindən narkotik vasitələrin və başqa qaçaqmalın qanunsuz keçirilməsinə cəhd edən, digər qeyri-qanuni fəaliyyətlə məşğul olan silahlı təxribatçı dəstələrin zərərsizləşdirilməsi üzrə tədbirlər görməsini daha məqsədəuyğun hesab edirəm”.
Müxalifətin cavabı
Iranlı generalın bəyanatına Azərbaycan müxalifətindən də cavab gəlib. AXCP sədri Əli Kərimli bildirib ki, Firuzabadinin bəyanatı Azərbaycana qarşı açıq-aşkar təhdiddir. Eyni zamanda qonşu dövlətin Azərbaycanın daxili siyasətinə qarışması yolverilməzdir: “Azərbaycan hakimiyyətinin xalq tərəfindən mandat almadığını bilən xarici qüvvələr Azərbaycan hakimiyyəti ilə bu dildə danışmağı özünə rəva bilir. Buna görə də Azərbaycan hakimiyyəti daxildə ilk olaraq legitimlik problemini aradan qaldırmalıdır, xalqdan güc-dəstək almaq barədə düşünməlidir, hakimiyyət ölkədə xalq tərəfindən seçilməlidir. Eyni zamanda hakimiyyət xaricdən gələn belə bəyanatlara daha adekvat cavab verməyi bacarmalıdır. Heç bir halda bu cür təhdidlər cavabsız qalmamalıdır”.
Müsavat Partiyasının başqanı Isa Qəmbərin sözlərinə görə isə, Iran generalının bəyanatı kobud və yolverilməzdir: “Bu bəyanatda Firuzabadi bütün qonşuluq münasibətlərinə, insani dəyərlərə, beynəlxalq normalara aid sərhədləri keçib”.
Isa Qəmbər hesab edir ki, Azərbaycan hakimiyyəti bu bəyanata sərt reaksiya verməlidir və məsələni jurnalistlərin üstünə atmaqla proses yekunlaşmamalıdır: “Firuzabadi özü təkzib verməli və Azərbaycan xalqından üzr istəməlidir, onun bunu etmədiyi təqdirdə, o istefaya göndərilməlidir. Nə qədər ki, o, istefaya göndərilməyib, bu Iranın rəsmi mövqesi kimi qəbul olunmalıdır”.
İnformasiya şöbəsi