Milli mənlik faktoru…

Mənlik itirilən yerdə adam Ölkəni, Milləti, Dövləti ayaqlar altına atıb karyera manyakına çevrilərmiş. Karyerası, karyerasını qoruyub saxlamaq üçün yalan-böhtan yolçusuna, şər qulluqçusuna çevrilərmiş.

Mənlik itiriləndən sonra adam Ölkəsinə, Millətinə, Dövlətinə yad elementə çevrilərmiş. Ölkənin, Millətin, Dövlətin şər rejimindən qurtuluşu yolunda çarpışma aparanları belə, düşmən gözündə görər, onlara qara yaxmaqdan da çəkinməzmiş.

Bizlər – Özgür, Demokratik Azərbaycan uğrunda çarpışma yolçuları – yazılarımızda söyüş-təhqir, yalan-böhtan yolu tutmarıq. Şər rejimi ilə, şər qulluqçuları ilə çarpışmada faktlara, arqumentlərə güvəncimizlə üstünlük yiyəsi olduğumuzu bildiyimizə görə.

Dünya Tanrının OL!- sözündən yarandı. Biz sözün tanrısal gücünü bildiyimizdən, yazılarımızda, çıxışlarımızda qızıl kimi arı, polad kimi kəskin sözlərə üstünlük verərik. Seçdiyimiz sözlər qızıl kimi arı, polad kimi kəskin olduğundan, sözümüzə söz çatdıra bilməyənlər fakt göstərmədən bizi güzgüyə baxırmış kimi “iyrənc təhqir”, “küçə söyüşləri” yazanlar olaraq tanıtmağa çalışarlar.

Namuslu kimsələr, başlıcası da, yazı-pozu adamları dövlətin namusu tapdanan yerdə susurlarsa, onlar gerçək kimliklərini ortaya qoymuş olurlar. Dövlətin namusu hakimiyyət başında olanlar rüşvətə, korrupsiyaya qurşananda itirilir. Dövlətin namusu itiriləndə millət yiyəsiz qalır. Yiyəsiz millətin üz tutduğu başlıca yerlərdən biri Dubay olur…

Azərbaycan doğal resurslarla zəngin bir ölkədir. Bircə neftdən Azərbaycana hər gün (hər gün!) 90 milyon dollar pul gəlir. Ölkənin bütün başlıca kommersiya-qazanc qaynaqları kimi, doğal resurslar da bir ailənin – əliyevlər ailəsinin monopoliyasındadır. Başqaları bir yana, bu ölkədə Qarabağ savaşı veteranları, şəhid ailələri dövlətdən rüşvətsiz yardım ala bilmir. Ətin kilosu 10 manat olan ölkədə müəllimə, həkimə 100-120 manat aylıq verən Ilham Əliyev deyir: “Azərbaycan iqtidarının siyasəti sosial yönümlüdür”. 100-120 manat aylıq alan müəllim kor bağırsağından operasiya olunmaq üçün həkim yanına getməli olursa, operasiya üçün həkimə 1000 manat verməli olur. Iynə-dərman, sarğı üçün gərəkənləri almaq da onun boynunadır. Hanı bunun sosial siyasəti? Bu, sosial siyasət deyil, korrupsiyaçı banditizm siyasətidir!

Həkim uşağını oxutmaq üçün birinci sinifdən universitet diplomu alanadək müəllimə pul, pul, yenə də pul verməlidir. Bütün yollar Romaya apardığı kimi, bütün rüşvət-korrupsiya axını da Prezident Administrasiyasına aparır. Hanı bunun sosial siyasəti? Bu, sosial siyasət deyil, korrupsiyaçı banditizm siyasətidir! Korrupsiyanın, oğurluğun, soyğunçuluğun DÖVLƏT SIYASƏTINƏ çevrildiyi, “xalq” şair-yazıçılarının korrupsioner rejimə yaltaqlıq-yarınma yolu tutduğu bu ölkədə, nə yaxşı, Rüstəm Ibrahimbəyov adlı bir yazıçı səsini qaldırıb: “…siyasətdən uzağam, ancaq bir yurddaş kimi baş verənləri görəndə, susa bilmirəm”,- dedi. “Doğrudan da Azərbaycanda ”analoqu olmayan” şeylər baş verir “Harvardın məzununu da tutub həbsə atırlar”. Ayrı necə olmalıdır? Harvardı bitirən – insan hüquqlarının nə demək olduğunu bilən bu KRIMINAL rejimə dözərmi?!

Bir “xalq şairi” adına yazılmış yazıdan: “Inkişaf edən bizim kimi ölkələrdə iqtidarın yaxın köməkçisi müxalifətdir” (Azadlıq, 13.07.11.). Bir oğlunun, iki qızının işsiz olduğunu bildirən “xalq şairi” istəyir özü kimi bizim müxalifət də korrupsiyaçı-kriminal rejim köməkçisinə çevrilsin. Məhəmməd peyğəmbər deyirdi: “Haqsızlıq önündə susan dilsiz şeytandır”. Bu adamlar haqsızlıq önündə susmaqla qalmır, ona qulluq da göstərirlər. Hələ üstəlik, bizi də öz sıralarında görmək istəyirlər – şər qulluqçuları sırasında!

Milli mənlik deyilən bir anlayış var. Millətin əzildiyi, ayaqlar altına atıldığı yerdə milli mənlik faktoru milli DIRƏNIŞ, milli DIRÇƏLIŞ, milli YÜKSƏLIŞ faktına çevrilir. Başlanğıc fakt bizik!