Dollar düşsə nə baş verə bilər?

Qubad İbadoğlu: «Banklardan dollarla pul götürənlər udacaq, banka pul yatıranlar isə uduzacaq»

“Standard & Poors” (S&P) beynəlxalq reytinq agentliyinin avqustun 5-də ABŞ-ın kredit reytinqini bir pillə – “AAA”dan “AA+”a düşürməsi həftənin ilk iş günündə dünya fond bazarlarında sarsıntıya yol açdı, indekslər aşağı yuvarlandı. ABŞ-ın kredit reytinqinin aşağı düşməsinin isə dolların məzənnəsinə təsir edəcəyi qaçılmaz sayılır. Bu isə, valyuta ehtiyatlarına təsir edəcək ciddi məzənnə dəyişikliyinin olması deməkdir.
Azərbaycanın valyuta ehtiyatlarının 70 faizinin dollarda olması bu təhlükəni qaçılmaz edir. Amma Azərbaycan üçün yaşanan proseslərdə başqa təhlükələr də mövcuddur. Belə ki, ölkədə bir çox banklar əhaliyə krediti milli valyuta ilə deyil, dollarla verib. Bu isə gələcək üçün problemlər yarada bilər. Aydın görünür ki, dolların məzənnəsinin aşağı düşməsi həm dövlət, həm də vətəndaş üçün bir sıra problemlər yaradır.
Iqtisadçı ekspert Qubad Ibadoğlunun sözlərinə görə, dolların məzənnəsi aşağı düşərsə, Azərbaycanın dollarda saxladığı valyuta ehtiyatları məzənnə fərqindən itirəcək. Azərbaycanın valyuta ehtiyatlarının sonradan qiymətləndirilməsi zamanı məzənnə itkisi nəticəsində yaranan fərqin zərərə yazılacağını deyən Q.Ibadoğlu vurğuladı ki, vətəndaşlar da məzənnə fərqinin yaratdığı problemlərlə üzləşə bilərlər: “Banklar vətəndaşların onlara yatırdıqları vəsaitlərin faiz dərəcəsinə yenidən baxmağa vadar edəcək. Dolların riskli valyuta olması bankların kredit siyasətini dəyişə bilər. Çünki əgər banklar vətəndaşlardan vəsaitləri dollarla yığıblarsa, deməli, həmin vəsaiti də özləri dollarla yerləşdiriblər. Bu isə itki deməkdir. Belə olan halda bundan sonra depozitlərə verilən faiz dərəcəsi aşağı olacaq. Eyni zamanda vətəndaşlar da dolların ucuzlaşmasından itirə bilərlər. Birincisi, dolların məzənnəsinin dəyişməsi onların vəsaitlərinin dəyərsizləşməsinə gətirib çıxara bilər. Ikincisi, vətəndaşların banklara yerləşdirdikləri vəsaitlər ucuzlaşacaq”.
Q.Ibadoğlunun sözlərinə görə, dolların ucuzlaşmasından udanlar da olacaq. Onlar banklardan dollarla kredit alanlardır. Belə ki, bu zaman həmin vətəndaşlar kreditləri qaytararkən məzənnəyə görə daha aşağı vəsait ödəyəcəklər.

Xəyal