Novella Cəfəroğlu: «8 nəfərlik heyətlə Naxçıvana gedəcəyik»
Naxçıvandakı özbaşınalıqlara “dur” deməyin vaxtı çoxdan çatıb. Bunu, hüquq müdafiəçisi Novella Cəfəroğlu Şərur sakini Sahib Məmiyevin hakimiyyətin özbaşınalığına etiraz olaraq özünə qəsd etməsinə münasibətində bildirib:
“Naxçıvan məsələsi bizi çox narahat edir. Camaatın vəziyyəti sözlə deyiləcək həddə deyil. Bu, birinci intihar cəhdi deyil. Bundan əvvəl də qanunsuzluqlara və özbaşınalıqlara etiraz olaraq intihar halları olmuşdu. Insanları həbs edirlər, zor tətbiq edirlər, dəlixanaya salırlar. Vəziyyət çox pisdir. Ona görə mən, Səidə Qocamanlı, Səadət Bənənyarlı, RATI-dən Emin Hüseynov və daha dörd nəfər gələn ay Naxçıvana getməyə qərar vermişik. Orada həm sosial vəziyyət, həm insan haqlarının pozulması ilə bağlı geniş tədbir keçirmək istəyirik. Çox çalışacağıq ki, istəyimiz baş tutsun”.
Xatırladaq ki, Şərur rayonunun Kosacan kənd sakini S.Məmiyev avqustun 9-da özünü yandırıb. Bununla o, hakimiyyətin taxıl yığmaq üçün ona texnika verməkdən imtina etməsinə etirazını bildirib. Yerli hakimiyyət bütün texnikanı rayon rəhbərliyi və ona yaxın adamların sahələrində taxılın yığılmasına yönəldib. Sadə kəndlilər gec yığıma görə məhsulun bir hissəsini itirirlər. Vəziyyəti ağır olan S.Məmiyev Şərur rayon xəstəxanasına yerləşdirilib.
Gültəkin


