Arzu Səmədbəyli başqanlıq istəyirmi?

Məclis sədri: «Bu barədə bir şey deyə bilməyəcəyəm»

“Müsavat Partiyasının rəhbərliyində təmsil olunan şəxslərin həbsdə olması partiyanın qurultayının keçirilməsini ləngidir. Lakin bu amil qurultayın keçirilməsini sual altına salmır”. Bu açıqlamanı APA-ya Müsavat Partiyası Məclisinin sədri Arzu Səmədbəyli verib. O deyib ki, partiyanın qurultayının bu il keçirilməsində israrlıdırlar: “Amma bəllidir ki, rəhbərliyə, eyni zamanda partiyanın Divanına daxil olan şəxslərin bir neçəsi iğtişaşlarda ittiham edilərək, həbs olunublar. Bu da işlərimizi əngəlləyir.
Ümid edirik ki, onlar azadlığa buraxılacaq və işimizi sürətli aparıb qurultayımızı keçirəcəyik”.
A.Səmədbəyli qeyd edib ki, rayon təşkilatlarında konfransların keçirilməsinə də imkan yaradılmır.
Məclis sədri qurultayda partiyanın başqanlığına keçiriləcək seçkilərə qatılıb-qatılmaması ilə bağlı məsələyə də aydınlıq gətirib: “Müsavat başqanlığına namizədliyimin verilib-verilməməsi məsələsi aktual deyil. Amma mənim adımdan bir çox yerdə bu posta namizədliyimin verilməsi ilə bağlı söhbət gedir. Eləcə də digərləri ilə bağlı bu haqda danışılır. Konfranslar başa çatandan sonra Məclis qurultayın vaxtını müəyyənləşdirəcək və namizədliyin irəli sürülməsi prosesinə start verəcək. Onda kimin bu posta iddialı olması bəlli olacaq. Ona görə də bu barədə bir şey deyə bilməyəcəyəm”.