Fuad Ələsgərov: «Onun həbsi ilə əlaqədar qərarın icrası müvəqqəti dayandırılıb»
Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov eks-prezident Ayaz Mütəllibovun Bakıya qayıtmasından danışıb.
F.Ələsgərov deyib ki, eks-prezident hələ bir müddət əvvəl iyulun 22-də oğlunun ağır xəstəliyi ilə əlaqədar Ilham Əliyevə müraciət edərək ölkəyə qayıtmasına şərait yaradılmasını xahiş edib. Həmin vaxt dövlət başçısı ona oğlunun ağır xəstəliyi ilə əlaqədar ölkəyə qayıtmasına razılıq verib. A.Mütəllibov həmin ərəfədə Azərbaycana gələ bilməyib, indi isə oğlunun vəfatı ilə əlaqədar Azərbaycana qayıdıb. Ona Rusiyadakı səfirliyimiz tərəfindən ölkəyə qayıtmaq üçün qayıdış şəhadətnaməsi verilib(APA).
A.Mütəllibov barəsində olan cinayət işilə bağlı məsələdən danışan F.Ələsgərov bildirib ki, Mütəllibova ilk növbədə milli adət-ənənəmizə uyğun olaraq oğlunun yas mərasimini yola vermək üçün şərait yaradılıb. “O ki, qaldı cinayət işinə, doğrudur, belə cinayət işi mövcuddur, həmin cinayət işi siyasi xarakter daşımır. Ona qarşı Cinayət Məcəlləsinin konkret maddələri üzrə ittihamlar irəli sürülüb. Lakin onun Ilham Əliyevə etdiyi müraciətlə bağlı olaraq onun həbsi ilə əlaqədar qərarın icrası müvəqqəti dayandırılıb”.
“Keçmiş prezidentlər haqqında qanun qəbul olunarsa, Ayaz Mütəllibov cinayət məsuliyyətindən azad edilə bilərmi” sualına cavabında F.Ələsgərov deyib ki, 2009-cu ildə keçirilmiş referendum nəticəsində Azərbaycan Respublikası Konstitusiyasının 108-ci maddəsinə 2 hissə əlavə edilib. “Həmin müddəaya əsasən əvvəllər prezident seçilmiş şəxsin təminatı qaydaları Konstitusiya qanunu ilə müəyyən edilməlidir. Hazırda həmin qanun layihəsi üzərində iş aparılır. Layihədə hansı müddəaların, hansı təminatların nəzərdə tutulacağı barədə fikir yürütmək hələ tezdir”.


