Cavid Qurbanovun qohumu Qazaxda at oynadır

O, dövlət əmlakıyla birgə işçilərinin də maaşını mənimsəyir

Ötən saylarımızdan birində “Azəryolservis” ASC 27 saylı Yol Istismar idarəsinin rəisi Həsən Hadıyevin işində yol verdiyi nöqsanlardan yazmışdıq. Özünü “Azəryolservis”in sədri millət vəkili Cavid Qurbanovun xalası oğlu kimi qələmə vermiş H.Hadıyev həftənin bir neçə gününü idarənin qapısını bağlı saxlayır. Yalnız kimsə şəxsi işi üçün sifariş verərsə, bir gün zavodu işə salıb asfaltı satıb, yenə bağlayır. Zavodu şəxsi mülkiyyəti kimi idarə edir.
Qazax rayon mərkəzini doqquz kəndlə birləşdirən asfalt yol bərbad haldadır. Heç olmazsa 7-8 ildə bir dəfə cari təmir belə olunmayan yollar dil deyib ağlayır. Halbuki, həmin yolların təmirində (əlimizdə olan sənədlərə əsasən) yaxşı işlədiklərinə görə bütün idarənin işçilərinə ildə 2-3 dəfə əmək haqqının 40-50%-i qədər əlavə və mükafatlar verilib. Amma rayon kəndlərindən Həsən müəllimə ünvanlanan suallara isə onun cavabı: “Gedin Ziya Məmmədova yazın, idarəmizin hesabına vəsait köçürsün, mən də yollarınızı təmir edim” deyir.
Görünür, C.Qurbanov H.Hadıyevin arxasında dağ kimi ona görə durub ki, onun idarəsinə yolların çəkilməsi və təmiri üçün ayrılan vəsaitlər mənimsənilsin.
Bəs minlərlə Qazax sakini hər il öz şəxsi avtomobillərini texniki baxışdan keçirərkən Nəqliyyat Nazirliyinin hesabına məcburən müxtəlif məbləğdə pulu niyə ödəyirlər? Elə vətəndaşları maraqlandıran da odur ki, bu ödədiyimiz vəsaitdən heç olmazsa yollarımızın təmirinə də pul köçürülsün və Həsən müəllimə də ciddi tapşırılsın ki, ayrılan vəsaiti mənimsəmək əvəzinə işə xərcləsin. H.Hadıyev pulları mənimsəməklə kifayətlənmir, o, idarənin balansında olan texnikaları da başqa özəl və dövlət təşkilatlarına icarəyə verməklə özünə biznes də yaradıb. Bundan əlavə 23 nəfərin əvəzinə bir neçə gün öncə maaş cədvəlinə öz imzasını ataraq işçilərin maaşlarını belə, mənimsəyib.
Bunlar Mustafayev Elxan, Abbasov Yolçu, Süleymanov Rövşən, Yolçuyev Vaqif, Məmmədov Fazil, Hüseynov Teymur, Ibrahimov Ramid, Salmanov Mikayıl, Gülməmmədov Sərdar, Mustafayev Imamverdi, Qurbanov Telman və başqalarıdır. Adları çəkilən insanlar taleləri ilə barışaraq gələcəkdə əmək təqaüdü alacaqlarına ümid edirlər.

Neymət, bölgə müxbiri