Baş Prokurorluq sübutlardan imtina etdi

Zərərçəkənlər Vidadi İsgəndərlinin üzünə durmamaq üçün məhkəməyə gəlmədilər

Göyçay Rayon Məhkəməsində hüquq müdafiəçisi, Ictimai Palatanın təhqiqat qrupunun sədri Vidadi Isgəndərlinin işi üzrə məhkəmə prosesi davam edir. Saat 10-a təyin olunan ötəngünkü prosesdə iştirak etmək istəyənlər, media nümayəndələri məhkəmə binasının girişindəki polis postunda yenə diqqətlə dəmiraxtaranla yoxlamadan keçirildi, adları, soyadları naməlum qeydiyyat dəftərinə yazıldı, telefonlar, foto-videoaparatlar, diktafonlar heç bir səbəb göstərilmədən alındı.

Veb-kamera tələb olunsa da…

Məhkəmə prosesinə iştirakçı kimi AXCP-dən Iradə Əliyeva, Təzəxan Mirələmli, Kəmalə Xəlilova, Elbrus Məmmədov, Inqilab Kərimov, Vasif Alışlı, KXCP-dən Xəzər Teyyublu, Yaqub Babalı da qatılmışdılar.
Proses başlanandan sonra dövlət ittihamçısı Nəriman Ələkbərov Göyçay Rayon Polis Şöbəsinin zabiti Rövşən Mirsaatovla polis nəfəri Cahangir Tehmirovun əlavə şahid qismində məhkəmədə dindirilməsi barədə vəsatətlə çıxış etdi.
Vəsatətə münasibət bildirən Vidadi Isgəndərli vəsatətin təmin olunub-olunmamasını məhkəmənin ixtiyarına buraxdı:
– Iki sıravini qabağa vermək lazım deyil. Guya həqiqəti üzə çıxarmaq istəyirsiz. Həqiqəti bilmək istəyirsinizsə, həmin gün 2 saylı məntəqəyə gələnlərin kimliyini aydınlaşdırın. Camaatı burada üz-üzə qoymaq lazım deyil. Baş Prokurorluq dövlət qəzetlərində mənim adımdan demədiyim sözləri dərc etdirir. Zakir Qaralov, onun işçisi Sultanov açıb qulaqlarını eşitsinlər; Mən seçkilərin saxtalaşdırıldığını sübut etmişəm. Bu məhkəmənin özü seçki saxtakarlığının sübutudur.

Məzahir Pənahov həbs olunmalıdır…

V.Isgəndərlinin vəkili Xalid Bağırov da 2 polisin dindirilməsinin iş üçün heç bir əhəmiyyət kəsb etməyəcəyini bildirdi. Dövlət ittihamçısının vəsatəti təmin olunandan sonra Isgəndərli də vəsatətlə çıxış etdi. O, prosesin audioya yazılmasını, videoya çəkilməsini istədi:
– Mən bu vəsatəti dönə-dönə ona görə verirəm ki, şahidlərin, zərərçəkənlərin bir prosesdə bir cür, başqa prosesdə isə başqa formada ifadə verilməsi sonradan sübut olunsun. Digər tərəfdən, məhkəmə katibi Tahir müəllim istəsə belə burada baş verənlərin hamısını protokollaşdıra bilməz.
Üzünü məhkəmə katibinə tutur:
– Tahir müəllim, siz burada şəhid anasının ağlayaraq “məndən əl çəkin, mən zərərçəkən deyiləm” deməsini protokola yazmısız? Əlbəttə ki, yox.  
X.Bağırov:
– Hörmətli məhkəmə, burada zərərçəkən deyir ki, mən zərərçəkən deyiləm. Amma siz onu zərərçəkən kimi işdən xaric etmirsiniz. Bizim protokola çox ciddi şübhəmiz var. Sizdən xahiş edirik ki, vəsatətimizi təmin edin. Etməyəcəksinizsə, bu barədə qərarınızı əsaslandırın. Deyin biz də bilək ki, niyə görə vəsatət təmin olunmur.
Hakim:
– Protokollar tanış olmaq üçün sizə veriləcək. Əgər razılaşmasanız protokola əlavələrinizi qeyd şəklində verə bilərsiniz. Biz onu qəbul etməsək belə, iş materiallarına əlavə etməyə borcluyuq. Əgər iş Avropa Məhkəməsinə gedəcəksə, sizin protokollara əlavələriniz də işin içində gedəcək.
V.Isgəndərli:
– Gedəcək, heç narahat olmayın. Sizə deyirəm və tələb edirəm, 2 saylı məntəqədəki veb-kameranın yaddaşını məhkəməyə təqdim edilməsi üçün Mərkəzi Seçki Komissiyasına sorğu göndərin. Burada adamların üz-üzə qoyulmasına son verin.
– Zərurət olsa, müraciət edəcəyik.
– Necə yəni zərurət olsa? Işin içində Rüstəm Usubovun 7 ay əvvəl MSK-ya yolladığı sorğu var. Həmin sorğusu ilə o, 2 saylı məntəqədəki veb-kameranın yaddaşının istintaqa təqdim edilməsini istəyib. Rüstəm Usubova hansı cavab verilib, bu barədə işin içində məlumat yoxdur. Ona görə yoxdur ki, həmin videoya baxıblar və mənim orada heç bir qanunsuzluğa yol vermədiyimi görüblər. Bu qurama işdir deyə burada hamının yanında deyirəm ki, həmin veb-kameranın yaddaşı gizlədiləcək və təqdim olunmayacaq. Sizdən tələbim budur ki, sorğunuzu yollayın. Qoy dediklərim təsdiqini tapsın. Mənə hələ baş prokurorluqda deyiblər ki, sənin seçki saxtakarlıqları ilə bağlı təqdim etdiyin sənədlər, videolar əsasında nəinki məntəqə sədrləri, yüzbaşılar, birbaşa MSK sədri Məzahir Pənahov həbs olunmalıdır. Amma biz onları tuta bilmərik. Necə olur Zakir Qaralov adam öldürülməsinin üstünü ört-basdır edir, Ziya Məmmədov gündə 1 milyon manat dövlət büdcəsindən talayır, onu tuta bilmirlər, amma məni, seçki saxtakarlığını ifşa edəni tuturlar? Mən 1200 rüşvət və korrupsiya faktı ilə bağlı Zakir Qaralova məlumat vermişəm. Niyə araşdırılmayıb? Niyə heç olmasa birinə də cavab verilməyib?
Dövlət ittihamçısı:
– Bu məsələlərin işə aidiyyəti yoxdur.
Hakim:
– Araşdırılmayıbsa, məhkəmə nəzarəti qaydasında müraciət edin.
– Kimə? Hansı məhkəməyə? Özünüz sübut edirsiniz ki, səlahiyyətləriniz yox səviyyəsindədir.
Bundan sonra X.Bağırov V.Isgəndərliyə ittiham elan olunmuş 159.4.1-ci maddəsinə xitam verilməsi barədə vəsatətlə çıxış etdi. Vəkil vəsatətini belə əsaslandırdı ki, maddənin dispozisiyasını həmin Məcəllənin 159.3-cü maddəsinin dispozisiyası təşkil edir. Həmin maddədə nəzərdə tutulan cinayətin subyekti isə seçki komisiyalarının vəzifəli şəxsləridi. Vidadi Isgəndərli isə seçki komissiyasının vəzifəli şəxsi olmayıb.
Dövlət ittihamçısı vəsatətlərin təmin olunmamasını istədi. Dedi ki, audio yazılış və video çəkiliş aparılması məhkəməyə təzyiq ola bilər. X.Bağırovun israrına baxmayaraq N.Ələkbərov tutduğu mövqeyi əsaslandırmadı.
Hakimin qərarı dövlət ittihamçısının mövqeyilə cüzi fərqlə üst-üstə düşdü. E.Süleymanov veb-kameranın yaddaşının məhkəməyə təqdim edilməsi ilə bağlı sorğunun göndərilməsi barədə vəsatət yazılı şəkildə təqdim edildikdən sonra müzakirə edəcəyini bildirdi.
Bundan sonra fasilə elan olundu.

Seçki prosesi 10 dəqiqə dayanıb…

Fasilədən sonra şahid qismində ifadə vermək üçün polis zabiti R.Mirsaatov tribunaya dəvət olundu. Polis zabiti sərbəst ifadəsində dedi ki, seçki günü 2 saylı məntəqəyə bülletenləri qorumaq üçün göndərilib. 3-4 radələrində məntəqənin sədri Azad Xudaverdiyev onu əlinin işarəsi ilə məntəqəyə dəvət edib, deyib ki, Vidadi Isgəndərli bülletenləri aparmaq istəyir. O məntəqəyə girib V.Isgəndərlinin komissiya üzvlərinə “siz saxtakarsınız, cinayətkar qruplaşmasınız” sözlərini deməsini eşidib. Onu sakitləşdirib məntəqədən çıxarmaq istəyib. Lakin V.Isgəndərli onun sözlərinə əhəmiyyət verməyib. Buna görə də məntəqəyə xidmət üzrə rəis müavininin başçılıq etdiyi əməliyyat qrupunu çağırıb. Qrup məntəqəyə gələndən sonra V.Isgəndərli ərazini tərk edib. Dövlət ittihamçısının suallarına cavabında şahid V.Isgəndərlinin məntəqədən özü ilə bülleten aparmadığını dedi. Polis zabitinin vəkil X.Bağırovun suallarına cavablarından isə aydın oldu ki, təlimata görə polislər yalnız məntəqə sədrinin yazılı müraciətindən sonra məntəqəyə daxil ola bilərdilər. Amma R.Mirsaatov təlimatın tələbinə uyğun hərəkət etməyib. Bundan başqa, məntəqəyə əməliyyat qrupunun çağırılması da qanuni olmayıb, bu barədə polisdəki qeydiyyat kitabında qeydiyyat aparılmayıb.
Şahidin ibtidai istintaqdakı ifadaləri ilə məhkəmədəki verdiyi ifadələr arasında da ziddiyyətlər üzə çıxdı. Ibtidai istintaqa ifadəsində şahid “Vidadi Isgəndərli deyirdi ki, seçkini keçirməyə qoymayacağam” söyləyib. Məhkəmədə isə “Vidadi Isgəndərli komissiya üzvlərinə siz saxtakarsınız, cinayətkar qruplaşmasınız deyirdi” deyə bildirib. Şahid ziddiyyəti belə izah etdi ki, V.Isgəndərli oradakı saxtakarlıqlara etiraz edərkən seçki prosesi 10 dəqiqə dayanıb və o, bunu seçkinin keçirilməsinə mane olmaq kimi anlayıb.
Polis nəfəri C.Tehmirov noyabrın 7-də polis zabiti R.Mirsaatovla birgə 2 saylı məntəqənin qarşısında xidmət aparıb. Onun sərbəst ifadəsi R.Mirsaatovun sərbəst ifadəsindən fərqlənmədi. Dövlət ittihamçısının suallarını cavablandırdıqdan sonra şahid X.Bağırovun da suallarını cavablandırdı:
– Məntəqə sədri Azad Xudaverdiyev sizi məntəqəyə hansı formada çağırmalı idi?
– Bilmirəm?
– Təlimata görə necə müraciət etməli idi?
– Bilmirəm.
– Qışqıraraq çağırmalı idi, quşun ayağında məktub yollamalıydı, yoxsa daş atmalı idi sizə?
– …
– Bilirdiniz ki, yazılı şəkildə sizə müraciət edib məntəqəyə dəvət etməli idilər?
– Orta məktəbdi yazılı şəkildə müraciət etsin? Dedi şifahi, gəldik dəəə…
– Vidadi Isgəndərli nə deyirdi?
– Deyirdi ki, siz saxtakarsınız. Guya oradakılar bülletenlərin kənarını topa ilə kəsmişdilər.
– Səlahiyyətlərinizi bilirsiniz?
– Gedib oxuyub gələrəm.
Bu dialoqdan əndişələnən proses iştirakçısı Inqilab Kərimov məhkəməyə üzünü tutaraq “ayıbdır, bir savadsızın hesabına belə bir vətənpərvəri həbs etdirirsiniz” söylədi.
Bundan sonra şahidə V.Isgəndərli suallar verdi. Şahid suallara “yadımdan çıxıb”, “bilmirəm” deyə cavab verirdi. Bu isə V.Isgəndərlini əsəbiləşdirdi:
– Necə olur yadından çıxır? Mənə ittiham seçkidən 7 ay sonra elan olunub. Bundan sonra şahidləri tapıb qondarma sübutlar toplayıblar. Həmin vaxt şahid qismində siz də ifadə vermisiniz və 7 ay əvvəl olub-olmayanlar barədə demisiz. Indi isə nə sual verirəmsə, deyirsiz ki, yadımdan çıxıb. Necə olur ki, may ayında 7 ay əvvəlki hadisələr barədə danışanda yadınızdan çıxmır, amma 2 ay əvvəl dediklərinizi unudursunuz?
Polis nəfəri suala cavab verə bilmədi. V.Isgəndərli polis zabiti R.Mirsaatovla polis nəfəri Cahangir Tehmirovun ibtidai istintaqa verdiyi ifadələrin orfoqrafik səhvlərinə qədər eynilik təşkil etdiyini bildirdi. Bundan sonra fasilə elan olundu.

Şahidlərin arxasınca “Mercedes” göndərirlər

Günün ikinci yarsında davam etdirilən prosesdə hakim tərəflərə məhkəməyə təyin olunmuş vaxtda gəlmələri ilə bağlı xəbərdarlıqla başladı. Hüquq müdafiəçisinin vəkili Xalid Bağırov hakimin diqqətinə çatdırdı ki, proses təyin olunmuş vaxt məhkəməyə gəliblər. Bundan sonra məlum oldu ki, dövlət ittihamçısı təyin olunmuş vaxtdan gec gəlib. Hakim tövsiyə etdi ki, prosesə vaxtında gəlmək lazımdı. V.Isgəndərli qeyd etdi ki, noyabrın 5-də telekanalda çıxışından sonra baş prokuror Zakir Qaralov 3 əməkdaşını Göyçaya ezam etdirib. Onun sözlərinə görə, həmin prokurorluq əməkdaşları sübutlar toplasalar da, cinayət işi prokurorluqda seyfdə saxlanıb: “Bilmək istəyirəm ki, bu cinayət işi bu müddət ərzində seyfdə hansı əsaslarla saxlanılıb? Dayandırlmış cinayət işini aprel ayında Ictimai Palatanın iclasında çıxışımdan sonra başladılar. Məmurların korrupsiya cinayətlərindən danışdığım üçün məni mayın 2-də, ad günümdə həbs ediblər. Məni həbs etməklə Zakir Qaralov ad günümü təbrik etdi. Mən də prokurorluqda işləmişəm. Mənim haqqımda 2 gün istintaqı saxladığım üçün qərar veriblər. Həmin qərarı da məhkəməyə təqdim edə bilərəm. Lakin mənim barəmdə olan cinayət işi aparılmadan qanunsuz olaraq 4 ay saxlayıblar. Buna kim cavab verəcək? Dövlət başçısına, bu xalqa düşmən kəsilməmişəm. Mən Azərbaycanda qurulan sistemə qarşı mübarizə aparıram”.
Çıxış edən dövlət ittihamçısı bildirdi ki, günün birinci yarısında dindirilən şahidlərin ifadəsindən sonra yeni əlavə şahidlərin dindirilməsinə zərurət yaranıb. Onun sözlərinə görə, həmin şahidlər ifadələrində Göyçay rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə müavini Faiq Ilyasovun dindirilməsinin vacib olduğunu qeyd etdi. Lakin müdafiə tərəfi dövlət ittihamçısının vəsatətinə etirazını bildirdi. X.Bağırov bildirdi ki, F.Ilyasov məhkəmə iclaslarında iştirak edib və onun məhkəmədə şahid qismində dindirilməsinə qanun yol vermir. V.Isgəndərli də rəis müavininin məhkəmədə əlavə şahid qismində dindirilməsinə etirazını bildirdi. Buna baxmayaraq, hakim dövlət ittihamçısının vəsatətini təmin edərək, rəis müavininin məhkəmədə dindirilməsi barədə qərar qəbul etdi. F.Ilyasov bildirdi ki, təlimata uyğun olaraq seçki günü əməkdaşlarını seçki məntəqələrindən 100 metr aralıda nəzarətdə saxlayıb. Onun sözlərinə görə, polis şöbəsinin həyətində olan zaman 2 saylı seçki məntəqəsində qarşıqlıq yaranması barədə məlumat alıblar və Xalid Eyyubovla birlikdə həmin məntəqəyə gəliblər. Onun ifadəsinə görə, onlar məntəqəyə çatanda artıq sakitlik yaranmışdı. Rəis müavininin bildirdiyinə görə, V.Isgəndərli seçkinin saxtalaşdırılması ilə bağlı ona məlumat verib: “Mən də bildirdim ki, bu barədə ərazi üzrə müvafiq qurumlara məlumat vermək lazımdı. Biz daha sonra Vidadi müəllimlə birlikdə seçki məntəqəsini tərk etdik”.
Prosesdə çıxış edən N.Ələkbərov ittiham tərəfinin cinayət işi üzrə zərərçəkmiş və şahidlərin dindirilməsinin dayandırılması barədə vəsatət qaldırdı. O qeyd etdi ki, məhkəmə dövründə ittiham tərəfinin məhkəməyə təqdim etdiyi şahidlərin dindirilməsi kifayət edir. Dövlət ittihamçısı ittiham tərəfinin şahidlərinin dindirilməsinin dayandırılması və müdafiə tərəfinin təqdim etdiyi sübutların araşdırılmasını istədi. X.Bağırov dövlət ittihamçısının vəsatətinə etirazını bildirdi. Vəkil qeyd etdi ki, cinayət işi üzrə 5 zərərçəkmiş dindirilməyib. Vəkil həmin şahidlərin də məhkəmədə dindirilməsinin vacib olduğunu bildirdi. V.Isgəndərli da ittiham tərəfinin şahidlərinin dindirilməsinin dayandırılmasına etirazını bildirdi: “Şahidlərin istintaqa gətirilməsini ”KaMAZ”la təşkil edirdilər. Lakin bu gün şahidlərin arxasınca “Mercedes” göndərirlər, onlar yenə də məhkəməyə gəlmirlər. Onlara ev tiksəniz gəlib məhkəmədə bəlkə ifadə verərlər. Mən dindirilməyən şahidlərin məhkəməyə çağırılmasını istəyirəm. Çünki onlar mənim əleyhimə ifadə veriblər, burada da ifadə versinlər, mənim də onlara verəcək suallarım var”.
Yerində müşavirə keçirən hakim dövlət ittihamçısının vəsatətini təmin etdi və prosesin müdafiə tərəfinin şahidlərinin dindirilməsi ilə bağlı qərar qəbul etdi. Məhkəmə bu gün saat 9.30-da davam etdiriləcək.

Ramin DEKO