Misir Mərdanovun daha bir adamı həbs olundu

Nazirə sıx bağlılığı olan Mövsüm İsmayılov məktəb tikintisi ilə bağlı tutulub

Təhsil naziri Misir Mərdanovun həbsi artıq reallaşmaq üzrədir. “Azadlıq”a daxil olan bilgilərə görə, artıq Misir Mərdanovun yaxın çevrəsi hədəfdədir. Hazırda isə Misir Mərdanovla sıx bağlılığı olan və “Qardaşlıq”, “Xumar 98”, ”Min” LTD, “Inşa” MMC kimi strukturlara sahib olan Mövsüm Ismayılov həbs edilib.
Məlumatda deyilir ki, artıq bir neçə ildir ki, Mövsüm Ismayılov qudası Nizami Allahverdiyevlə birlikdə Misir Mərdanovla şərik olaraq heç bir tender qaydası gözlənilmədən tenderlərin qalibi elan edilir və məktəb tikintisi ilə məşğul olur.
Mövsüm Ismayılov yeganə şəxsdir ki, Misir Mərdanovun dəstəyi və maliyyə maraqlarının təmin olunması səbəbindən Bakının əksər rayonlarında, o cümlədən Bərdə, Beyləqan, Xaçmaz, Kürdəmir, Mingəçevir, Qazax, Göygöl, Xınalıq, Ağcabədidə tikinti işləri ilə məşğul olub. Amma indi aydın olur ki, təmir-tikinti adı altında dövlətə məxsus milyonlarla manat pul oğurlanıb.
Tək bunu demək kifayətdir ki, milyonlarla manat pul ayrılaraq Binədə tikilən 149 saylı məktəb artıq uçur. Amma bunların hər biri yuxarı dairələrdəki dayaqları hesabına indiyə qədər gizlədilib.
Çox qəribədir ki, tikilən məktəblərdən hansı uçur və ya yararsız hala düşürsə, Mövsüm Ismayılov həmin məktəbləri  Heydər Əliyev Fondunun tikildiyini bildirib. Ona yaxın şəxslər bildirir ki, dəfələrlə Mövsüm Ismayılova xəbərdarlıq edilsə də o, deyilənlərə önəm verməyib və açıq şəkildə bildirib ki, bu işləri Təhsil naziri Misir Mərdanovun razılığı ilə edib.
Bu günlərdə aydın olub ki, Nərimanov rayonu ərazisində bir məktəbin təmiri üçün 5 milyon manata qədər pul ayrılsa da, Mövsüm Ismayılov məktəbin təmirinə 2 milyon manatdan da az pul ayırıb. Bildirilir ki, bütün bunlar artıq yuxarı dairələrin diqqət mərkəzindədir və buna görə də artıq konkret addımlar atılır.
Əldə etdiyimiz məlumata görə, Mövsüm Ismayılovun ciddi korrupsiya faktları həm də Ağcabədi rayonunda daha çox olub. Hətta onun rayon mərkəzində inşa etdirdiyi “Aqrarservis”in binası artıq uçmaq üzrədir. Amma bu binanın tikintisinə milyonlarla manat həcmində dövlətdən pul ayrılıb və pullar Mövsüm Ismayılov başda olmaqla bir neçə dövlət məmurunun vasitəsi ilə mənimsənilib.

Ramin DEKO