ABŞ Əsədi bitirmək qərarını verdi

Suriya diktatorunun Davudoğluna verdiyi cavab Vaşinqtonu hərəkətə gətirdi

Bəşər Əsədə qarşı ağır sanksiyalar işə salınır; onu açıq şəkildə istefaya çağıracaqlar

Suriyada Bəşər Ədər rejimi günahsız insanlara qarşı qətliamını davam etdirir. Suriya diktatoru Türkiyənin xarici işlər naziri Əhməd Davutoğlunun “Xalqın istəklərinə silahla cavab verilməsi doğru deyil. Dinc etirazçılara və günahsız insanlara qarşı silahlı hücumlar dayandırılmalıdır” mesajına “Terrorçularla sonuna qədər mübarizə aparacağam” cavabını verib.

Suriya İnsan Haqları Təşkilatının yaydığı açıqlamada bildirilir ki, əsgərlər 12 tank və zirehli maşınlarla Türkiyə ilə sərhədə 30 km yaxınlıqda yerləşən Sermin və Taftanaz qəsəbələrinə daxil olaraq əməliyyat aparıblar. Açıqlamada 10 avtobusla gələn əsgərlərin açdığı atəş nəticəsində Sermin qəsəbəsində 2 qadının öldüyü, 3 nəfərin isə yaralandığı vurğulanıb.

Almaniya mediası isə Əhməd Davudoğlu ilə Bəşər Əsədin 6 saatlıq görüşü haqda maraqlı məlumat yayıb. Xəbərdə deyilir ki, türkiyəli nazirin Suriya diktatoruna sərt mesajı nəticəsiz qalıb. Çünki Bəşər Əsəd Davudoğluna “Savaş istəyirsinizsə, bütün bölgədə edə bilərik” cavabını verib.

Hadisələrin belə bir istiqamət aldığı məqamda ABŞ-ın Bəşər Əsədi bitirməyə qərar verdiyi haqda məlumat yayılıb. CNN ABŞ hökumətindəki mənbələrə istinadla xəbər verib ki, rəsmi Vaşinqton Suriya diktatoruna vəzifəsindən getmək üçün konkret çağırış edəcək.

Adının açıqlanmasını istəməyən mənbə ABŞ hökumətinin Əsəd ailəsinin üzvlərinə və Suriya hakimiyyətinin yüksək vəzifəli şəxslərinə qarşı yeni sanksiyalar paketi qəbul edəcəyini də bildirib. Mənbənin sözlərinə görə, bu həftə içində Suriyanın maliyyə və ticarət sektorunu hədəfə alan qadağalar gündəmə gələcək. Bundan əlavə Suriyanın beynəlxalq ictimaiyyətdən təcrid edilməsi istiqamətində tədbirlər artırılacaq.

“AFP” xəbər agentliyi də ABŞ-ın Suriyaya tətbiq etdiyi sanksiyaların əhatəsini genişləndirəcəyini açıqlayıb. Xəbərdə ABŞ-ın Suriya hökuməti ilə dilaoqdan imtina etdiyi və Əsəd rejiminə qarşı beynəlxalq sanksiyalar üçün çalışdığı bildirilib. ABŞ Dövlət Departamentinin sözçüsü Viktoriya Nuland da Vaşinqtonun və beynəlxalq ictimaiyyətin Suriyaya qarşı mövqeyinin sərtləşdiyini söyləyib. Onun sözlərinə görə, ABŞ Suriya hökuməti ilə rəsmi münasibətləri dayandırıb. “Rəsmi Vaşinqton Bəşər Əsədin dialoq və müzakirələr şansını itirdiyini düşünür”, – deyə sözçü bildirib.

Bu arada öldüyü barədə xəbərlər yayılan Suriyanın keçmiş müdafiə naziri Əli Həbib dövlət teeviziyası vasitəsilə etdiyi müraciətində dolaşan iddiaların yalan olduğunu söyləyib. O, rəsmi olaraq Suriya ordusunda xidmətdə qaldığını və Bəşər Əsədə sadiq olduğunu qeyd edib. Keçmiş nazir vəzifəsindən də səhhətinə görə ayrıldığını bildirib.

İnformasiya şöbəsi