Şiə məmurlar müxalifətə qoşulur; Davudoğlu dünyanın mesajını Suriya diktatoruna çatdırdı
Suriyada Əsəd rejiminin hakimiyyət əleyhdarlarına qarşı kütləvi qətliamı davam edir. Hökumət qüvvələri Həma şəhərinin kəndlərinə tanklarla daxil olaraq insanları atəşə tutublar. Silahlıların açdığı atəş nəticəsində ən azı, 5 nəfərin həlak olduğu bildirilir. Təhlükəsizlik qüvvələri evlərə soxularaq vətəndaşları həbs ediblər. Şahidlər əsgərlərin açdığı atəş nəticəsində ölənlərın ikisinin azyaşlı uşaq olduğunu açıqlayıb. Dər-əz-Zor şəhərində aparılan qanlı əməliyyatlar nəticəsində isə 17 nəfər dünyasını dəyişib.
“Reuters” agentliyi Suriya ordusunun Türkiyə ilə sərhəd yaxınlığındakı bir qəsəbədə əməliyyat keçirdiyi barədə xəbər yayıb. Xəbərdə ordunun zirehli texnikanın müşayiətilə səhər saatlarında sərhəd bölgəsi sayılan Binniş qəsəbəsinə daxil olduğu bildirilir. Suriyanın rəsmi mətbuatı isə ordunun Həma şəhərindən çəkilməyə başladığını açıqlayıb. “SANA” agentliyinə danışan yüksək rütbəli hərbçi əsgərlərin “uğurlu” əməliyyat keçirərək sabitliyi bərpa etdiyini söyləyib.
Bundan başqa, iki gün əvvəl vəzifəsindən uzaqlaşdırılan Suriyanın müdafiə naziri Əli Həbib evində güllələnərək öldürülüb. Onun Bəşər Əsədin əmrilə öldürüldüyü haqda xəbərlər yayılıb. Çünki rəsmi məlumatlarda onun səhhətilə əlaqədar istefaya getdiyi söylənilsə də, eks-nazirin vəzifədən çıxarılmasıyla bağlı müxtəlif versiyalar irəli sürülüb. Müdafiə naziri postunu 2009-cu ildən bu yana icra edən Həbib Bəşər Əsədin ən güvəndiyi şəxslərdən biri olaraq göstərilirdi.
Londonda yayımlanan “Əl-Şərq əl-Avsat” qəzetinin yazdığına görə, Əli Həbib Həma şəhərində keçirilən qanlı əməliyyatlara qarşı çıxdığı üçün vəzifəsindən uzaqlaşdırılıb. Yayılan başqa bir məlumatda isə bildirilir ki, Həbib Bəşər Əsədə zərbə endirməyə hazırlaşan Ələvi qrupa mənsub olduğu üçün tutduğu postdan kənarlaşdırılıb. Həmçinin xəbərlərdə, Əsəd rejiminin bəzi Şiə rəsmilərinin həyati təhlükəsizliklərinin təhdid altında olduğunu bildikləri üçün müxalifət sıralarına qoşulmağa hazırlaşdıqları vurğulanıb.
Bu arada, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ilə Suriya diktatoru Bəşər Əsəd arasında 6 saatlıq görüş baş tutub. Görüşün ilk 3 saatında tərəflər arasında geniş tərkibli müzakirələr aparılıb. Digər 3 saatda isə türkiyəli nazirlə Suriya diktatorunun təkbətək görüşü keçirilib. Qapalı görüş zamanı Suriyada gərginliyin azaldılması, ölkədə sabitliyin yenidən bərpası üçün yol xəritəsinin hazırlanması və köklü islahatların keçirilmə tarixinin dəqiqləşdirilməsi məsələsinin müzakirə olunduğu bildirilir. Davudoğlu Bəşər Əsədin hərbi əməliyyatları dayandırması və islahatların sürətləndirilməsi istiqamətində Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın mesajını Suriya diktatoruna çatdırıb. Danışıqlar haqda geniş məlumat verilməyib.
Suriya ordusunun Həma şəhərində keçirdiyi qanlı əməliyyatlara Türkiyənin sərt etiraz etməsi iki ölkə arasında münasibətlərin soyuqlaşmasına yol açıb. Bu soyuqluq Əhməd Davudoğlunu suriyalı həmkarı Valid Müəllimin deyil, müavininin qarşılamasından da hiss olunub.
Davudoğlunun səfərindən sonra Hindistan, Braziliya və Cənubi Afrika rəsmilərindən ibarət nümayəndələrin də zorakılığa son qoyulması və demokratik islahatların həyata keçirilməsi tələbilə Suriyaya gedəcəkləri bildirilib.
Elxan


