İngiltərə dağılır (FOTOLAR)

Anarxistlər ölkə böyü mağaza və anbarları, avtomobilləri yandırıb yağmalayır

 

İngiltərədə gərginlik davam edir. Anarxistlərin paytaxt Londonun kənar məhəllələrində törətdiyi iğtişaşlar bütün ölkə ərazisinə sirayət edib. Əksəriyyəti gənclərdən ibarət olan müxtəlif qruplar Liverpul və Mançestr kimi iri şəhərlərdən sonra Brimingem və Bristolda da çoxmərtəbəli binaları yandırıb, mağazalardan oğruluqlar ediblər. Gənc anarxistlər küçələrdə qarşılarına çıxan bütün avtomobilləri yandırıblar. Onlar küçələrdəki mağazaların şüşələrini sındıraraq, oğurluq ediblər. Gənclərin əksəriyyətinin qara maska geyindikləri bildirilir.

 

Londonun cənubundakı Lyusma, Pekham, Kroydon, Uolviç, Klapham Yunkiton, şərqdəki Hakni və Betnal Qrin kimi bölgələrdə, əsasən varlıların yaşadığı Nottinq Hill və İlinq şəhərlərində də mağazaları yağmalayaraq yandırıblar. Hakni bölgəsindəki qarşıdurmalar polisin bir nəfəri saxlayaraq üstünü axtarması ilə başlayıb. Londonun şimalında “Sony” mağazalar şəbəkəsinə aid anbar yağmalandıqdan sonra yandırılıb. Şəhərin cənubundakı Kroydonda da böyük bir mebel mağazası dağıdılıb. İğtişaşçılar Londonda öz maşınında əyləşmiş 26 yaşlı bir nəfəri də öldürüblər. Onun hansı şəratidə öldürüldüyü məlum deyil.

Brimingem şəhər mərkəzində bir qrup gəncin dükan vitrinlərini dağıtmasından sonra əraziyə polis qüvvələri yerləşdirilib. Şəhərdə polis idarəsinə də hücum olub. London polisinin rəis müavini Tim Qudvin valideynlərə müraciət edərək övladlarına sahib çixmalarını və onları pis əməllərdən çəkindirmələrini istəyib.

İngiltərənin baş naziri Devid Kameron İtaliyada keçirdiyi məzuniyyətini yarımçıq qoyaraq Londona qayıdıb. Baş nazir parlamentin təcili toplantı keçirərək yaranmış vəziyyətdən çıxış yolunun müzakirə olunmasını təklif edib. Cümə axşamı İngiltərə parlamentinin fövqəladə toplantısı keçiriləcək. Yayılan məlumatlara görə, ölkədəki gərginliyin səbəblərini hökumət tərəfindən xüsusi çağırılmış fövqəladə komissiya araşdırır. Kameron iğtişaşların qarışının alınması üçün ayrılan polislərin sayının 6 mindən 16 minə qədər artırılacağını və ölkədə yaranmış gərginliyin yatırılması üçün bütün tədbirlərin görüləcəyini bildirib.

Xatırladaq ki, Londondakı iğtişaşlar səbəbilə İngiltərə və Hollandiya arasında keçiriləcək futbol matçı da təxirə salınıb. Qeyd edək ki, iğtişaşlar şənbə günü Tottenhemdə yerli polis məntəqəsinin qarşısında başlayıb. 300 nəfər insan polis tərəfindən 4 avqustda qətlə yetirilən 29 yaşlı Mark Daqqanın ölüm işinin araşdırılmasının necə getdiyini öyrənmək istədikdə tərəflər arasında qarşıdurma yaranıb.

Tottenham Londonun ən yoxsul bölgələrindən biridir. Bu ərazidə cinayət dərəcələri və işsizlik səviyyəsi yüksəkdir. Burada açılan hər yeni iş yeri üçün orta hesabla 54 adamın müraciətdə olduğu bildirilir. Bura eyni zamanda, hökumətin büdcə kəsirini aradan qaldırmaq məqsədiylə apardığı islahatlardan ən çoz zərər görən bölgərdən biridir.
Bəzi mütəxəssislər hadisələri iqtisadi vəziyyətdən qaynaqlandığını bildirir.

İnformasiya şöbəsi