yap-bina-emblem

VHP ilə YAP-ın komissiya davası

Sabir Rüstəmxanlının nümayəndələrinin yerinə YAP-çılar təyin olunur

VHP dairə və məntəqə seçki komissiyalarının formalaşmasında iştirakdan imtina etməyə hazırlaşır. Bu barədə məlumatı VHP təşkilat şöbəsinin müdiri Samir Əsədli verib. Onun sözlərinə görə, Seçki Məcəlləsinin tələblərinin kobud surətdə pozulması və Dairə Seçki Komissiyalarında baş verən özbaşınalıqlar VHP-ni bu addımı atmağa təhrik edir: “Parlament azlığına məxsus yerləri qanunsuz olaraq hakim partiyanın mənimsəməsi o həddə çatıb ki, DSK-larda iştirak mənasını itirib”.
DSK-lardakı təmsilçilikdə VHP-nin ciddi ədalətsizliklərlə qarşılaşdığını bildirən Samir Əsədlinin sözlərinə görə, DSK-nın müxalifətdən olan katiblərinin seçilməsində Prezident Administrasiyasından və yerli icra hakimiyyətindən gələn sifarişlər əsas rol oynayıb: “Nəticədə hakim partiya parlament azlığına məxsus katib yerlərinə iqtidaryönlü müxalifəti təmsil edən şəxsləri təyin edib. Problem isə ondadır ki, iqtidaryönlü müxalifətdən katib ”seçilən” şəxslərin əksəriyyəti təmsil olunduqları partiyanı heç tanımırlar. Onlar hamısı YAP-çılardır”.
Ədalətsizliyin hazırda Məntəqə Seçki Komissiyalarında davam etdiyini söyləyən Samir Əsədli bu qanunsuzluğa etiraz əlaməti olaraq VHP-nin seçki komissiyalarının formalaşmasında iştirakdan imtina edə biləcəyini söylədi. Son qərar pariyanın Siyasi Şurasındakı müzakirələrdən sonra məlum olacaq.

Informasiya şöbəsi