“Azadlıq”ın şifahi köşə yazarları – 1

Əslində, Azərbaycanda hər şey kimi, paytaxtla əyalətin də sərhədləri itib. Bu gün Bakı da bir növ kənddir, sadəcə, başkənddir. Paytaxtın mərkəzindəki bir neçə işıqlı, parıltılı, bəzəkli küçədən kənarda Bakı ilə ucqar dağ kəndi arasında hansı fərq var?

Susuzluq, yolsuzluq, işsizlik, yoxsulluq bu gün ölkənin hər yerindədir, hər qarışındadır, ona görə də Bakı ilə istənilən kənd, rayon iç-içədir. Paytaxt sakini ilə ucqar dağ kəndinin sakinini eyni qayğılar birləşdirir. Əyalət, paytaxt anlayışları isə çoxdan, lap çoxdan nisbiləşib.

***

Ağstafa vağzalında qatardan düşüb ilk rastlaşdığım taksi sürücüsü ilə anlaşırıq. Şey-şüyləri maşına qoyub yola düzələr-düzəlməz tanımadığım sürücüdən yerli insanların hal-əhvalını soruşuram. Başını yellədir və bir müddət heç nə danışmır. Aydındır, sözlə deyiləsi deyil…

***

Taksi sürücüsü Qarabağ döyüşçüsüdür. Bədənində gəzdirdiyi qəlpələrin sayını bilmir. Müharibədə olduğu üçün peşman olmadığını söyləyir, amma dərhal da əlavə edir: “Biz vətəni bu təpəgözlər üçün qorumadıq, qardaşoğlu. Biz vətən üçün canımızdan, qanımızdan ona görə keçmədik ki, bu millətdən olmayanlar gəlib hazırın naziri olsunlar, ona dədə malı kimi yiyələnsinlər”.

Mən həmsöhbətimi belə qəzəbli notlar üstündə kökləyən səbəbi, ya da səbəbləri öyrənmək istəyirəm. Amma o sonsuz bir hirs və hikkə ilə asıb-kəsməyə davam edir. Arada da tez-tez deyir: “Bilirsən, qardaşoğlu, bu maşına Bakıdan gələn çox adam minir. Ancaq tək-tək adam sənin kimi camaatın hal-əhvalını soruşur. Ona görə dərdim açılıb, üzrlü say”.
***
Başa düşürəm ki, taksi sürücüsünün sözünü kəsmədən dinləmək lazımdır. Əvvəl-axır o bir zamanlar uğrunda ölümə belə hazır olduğu ölkə haqqında indi belə küskün, ümidsiz danışmasının səbəbini də açıqlayacaq. Və çox keçmədən açıqlayır da. Məlum olur ki, 17 ildir əlillik dərəcəsi ala bilmir! Sonuncu dəfə buna görə ondan 1500 manat istəyiblər.

Replika atıram: “Bəs korrupsiya ilə mübarizə?”. Ironiya ilə gülümsünür: “Ay sağ olmuş, bunlar özü özləri ilə mübarizə aparacaqlar? Ya da öz yedikləri qaba tüpürəcəklər?”.

Mən də gülümsünürəm. Sanki qarşımdakı adi bir taksi sürücüsü deyil, “Azadlıq”ın şifahi köşə yazarıdır. Sonrakı günlərdə mən çox sayda belə insan gördüm. Onları siyasi proseslərlə heç nə bağlamır. Siyasi mənsubiyyətləri yoxdur. Informasiya mənbələri mövcud deyil. Amma ətraflarında nə olub-bitdiyindən yaxşı xəbərdardırlar. Məmləkətin düçar olduğu xəstəliyə doğru diaqnoz qoya bilirlər. 

***

Qazaxda olduğum bir neçə gündə söhbətləşdiyim saysız-hesabsız insanlarla söhbətdən, təmasdan gəldiyim çoxlu qənaətlər var. Amma onlardan ikisini daha önəmli bulduğum üçün burdan paylaşmaq istəyirəm.
Bir: reallıq hissini itirmiş yaptokratlardan fərqli olaraq, xalq ərəb inqilabları ilə Azərbaycan arasında ciddi bağlar görür. Əksər adamlardan “ərəblər qədər də olmadıq”, “gördün də ərəbləri, başqa vaxt onları bəyənmirik”, “bizim ərəblərdən nəyimiz əskikdir?”, “bizdəki hakimiyyət ərəblərdə olsaydı, inqilab eləmək üçün bu qədər gözləməzdilər” kimi ilk baxışda sadə, primitiv, amma dərindən düşündükdə Azərbaycan insanının gerçək əhval-ruhiyyəsini çox dərindən anladan mükəmməl siyasi reaksiyaları eşitmək mümkündür. Bu reaksiyalarda təkcə Əliyev rejiminə nifrin yox, həm də xalqın özünə tənqidi münasibəti önəmlidir. Biz – siyasi, ictimai proseslərə bağlı insanlar xalqın passivliyindən narazıyıq, amma əmin olun ki, xalq da özü özündən narazıdır. Xalq da özünü günahkar hiss etməyə başlayıb və hansı üzündən baxsanız, bu çox ümidvericidir.

Iki: “Ilham Əliyev yaxşıdır, ətrafı pis” nağılları əhəmiyyətli şəkildə sarsılıb. Əksəriyyət balığın başından iyləndiyinə inanır və bunu açıq-açıq söyləməkdən çəkinmir. Kimsə hesab etməsin ki, guya bu, əldə-ovucda qalan beş-üç əsl tənqidçi yazarın xidmətinin nəticəsidir. Yox. Saakaşvili Azərbaycan insanının şüurunda inanılmaz inqilab edib. Insanlar bir nömrəli suçlu kimi Ilham Əliyevi görür və bu zaman mövqelərini Saakaşvili nümunəsi ilə möhkəmləndirirlər.