«AXC-ni elə qələmə vermək düzgün deyil ki…»

Məlahət Babayeva: «Elmar Hüseynovla Ziya Bünyadovun qətlini eyni sayıram»

Bir həftədir ki, Anarla Şamo Arifin “atışma”sı mətbuatın müzakirə mövzusuna çevrilib. Mədəniyyət nazirinin keçmiş müavini Məlahət Babayevanı da “Azadlıq”a gətirən məhz bu məsələdir.
– “Azadlıq” qəzetinə təşəkkür edirəm ki, onlar çox adamların iç üzünü açır. Çox təəsüf edirəm ki, Azərbaycanda belə mövzularla gündəmə gələnlər var. Ayıbdır. Şamo Arif MTN-ə, Milli Məclisə müraciət edir. Ölkədə bu qədər biabırçılıqlar baş verəndə bu Şamo hardaydı? Tural Abbaslı tutulanda, Cabbar Savalan kimi gəncin cibinə narkotik atılanda sən Şamo MTN-ə niyə bağırmırdın? Onda niyə tələblər irəli sürmürdün? Yaxud da Gözəl Bayramlı kimi əxlaqlı bir qadın azadlıq istədiyinə görə həbsxanaya atılırsa, istiqlal savaşında istiqlalçı deputat kimi çıxış edən Arif Hacılı həbs olunanda bu dil “pəhləvan”ı hara baxırdı? 37-nin ağırlığını görmüşdünsə, Təzəxan Mirələmli və onun ailəsi bu prosesi yaşayanda niyə MTN-ə təzyiq eləmirdin? Ziya Bünyadov kimi bir insan öldürüldü, Rafiq Tağı kimi şəxsiyyətin məhkəməsində Şamo Arif gözə dəymədi. Azərbaycanda kifayət qədər ciddi problemlər var ki, tək birinin müzakirəsində onun səsi çıxmayıb. Ya Anar… Ikisi də susublar. Hər kəsin borcudur ki, oturduğu yerin müqabilində milləti üçün nəsə etsin.

– Deyirsiniz ki, Şamo Arif həmişə susub?
– Yox niyə ki. Heydər Əliyevi hakimiyyətə gətirmək üçün 1991-92-ci illərdə Xalq Cəbhəsində DQB (Demokratik Qüvvələr Birliyi) adında bir qurum yaradılmışdı. Şamonu ilk dəfə orada gördüm. Rəhbərlikdə Xalid Əlimirzəyev, Məmməd Ismayıl, Ramiz Rzayev, Qabil Hüseynli kimi insanlar vardı. Həmin vaxtı iki iclas olub. Birində iki nəfər etiraz edib. Biri mən, ikincisi isə AXC-nin Ağstafa rayon təşkilatının sədri Eyvazalı. Ikinci iclasda yekdilliklə qərar qəbul olundu ki, Heydər Əliyev hakimiyyətə dəvət olunsun. Məmməd Ismayıl, Elçibəyin qohumu Mircəlal bəy bitərəf, əleyhinə isə bircə mən çıxdım. Şamo bilmirdi ki, Heydər Əliyevi Azərbaycana gətirməyə çalışanda bu xalqa belə divan tutulacaq? Sən ki ziyalı idin. Indi bu qara-qışqırığı nəyə görə salırsınız? Hər kəsin valideyni özünə əizdir.

– Son günlər akademik Ziya Bünyadovun qətli ilə bağlı mətbuatda yazılar dərc olunur. Sizcə, bu cinayətin açılmasına tərəf bir addımdır?
– Ziya Bünyadov mənim ürəyimin ağrılı yeridir. Mən xiyabana həmişə iki qəbrin üstə gedirəm. Biri Şıxəli Qurbanov, ikincisi isə Ziya Bünyadovdur. Mən inanıram ki, Ziya Bünyadovun qətli ilə bağlı həbs olunanlar əslində onun qatilləri deyil. Bu cinayət açılacaq. Iran niyə onu öldürməli idi? Bir fikirləşin, Ziya Bünyadov rüşvət almışdı, dövlət əmlakını talamışdı, yoxsa dövlət casusu idi? Neyləmişdi?

– Azərbaycanda “Eurovision-2012″ə hazırlıqlar gedir. Xalqımız bu yarışmaya nə dərəcədə hazırdır?
– Insan haqlarının pozulduğu, mənəviyyatının alçaldığı, azadlığının əlindən alındığı, azadlıq deyib küçəyə çıxdığı üçün həbsxanaya salındığı və bu qədər siyasi məhbusun olduğu bir məmləkətdə nə “Eurovision”? Insanların yaşadığı mənzillərdən zorla çıxardıldığı, qeyri-qanuni yolla mənzillərin əllərindən alındığı bir ölkədə “Eurovision” yarışması keçirmək məncə, çox ağrılıdır. Mənə elə gəlir ki, iqtidarın başı çox ağrıyacaq. Azərbaycan bu yarışmaya hazır deyil. Yalandan plakatlar yapışdırmaq, reklamlarla iş bitmir. Öncə xalq buna hazır olmalıdır. Bu xalq da acından ölür. Ölkədə insanların maddi-mənəvi vəziyyəti ağırdır. Bu yarışmanı o ölkə keçirə bilər ki, xalqı rahat yaşayır. Burada xalq rahatlığı var? Çoxları hesab edir ki, bu, siyasi bir yarışmadır. Bu, yanlış fikirdir. Məncə, “Eurovision” haradasa elit bir yarışmadır. Nə siyasət?! Səsvermədə gənclər iştirak edir.

– Yarışmadan söz düşmüşkən, Siz AXC hakimiyyəti dönəmində Mədəniyyət Nazirliyində nazir müavini vəzifəsində işləmisiniz. Indiki hakimiyyət o dövrdə bu qurumda nöqsanlar və narazılıqların olduğunu deyir…
– Təbii. Bunsuz mümkün deyil.

– Akif Islamzadənin siyasi əqidəsinə gərə, Bakı Şəhər Mədəniyyət Idarəsinin rəisi vəzifəsindən çıxarılması nə dərəcədə həqiqət idi?
– Xeyr. Akif Islamzadə siyasi əqidəsinə gərə vəzifəsindən çıxarılmayıb. Biz onun etdiyi qanun pozuntularına görə materiallar hazırladıq və kollegiyanın qərarı ilə onu işdən çıxardıq. Məsələ ilə bağlı Bakı Şəhər Prokurorluğuna sənədlər təqdim olunacaqdı. Sadəcə olaraq, biz çatmadıq, hökumət dəyişikliyi baş verdi. AXC-ni elə qələmə vermək düzgün deyil ki, sırf partiyadaşlarını müdafiə edir. Xeyr. Həmin qərarın bir surəti də mənim arxivimdədir. Əlimdə bununla bağlı rəsmi sənədlər var.

– Məsələn…
– Prezidentin sərəncamı vardı ki, mədəniyyət obyektlərini icarəyə vermək olmaz. Necə olur ki, Elçibəyə əl çalırsan, amma onun sərəncamının əleyhinə gedirsən. Ixtiyarı olmaya-olmaya təyinatdan azad etmək üçün 10 nəfərə təqdimat yazırdı. Siyahıda adı olan adamı yoxlama zamanı iş yerində tapa bilmirdik. Məlum olurdu ki, belə adda adam ümumiyyətlə, işləmir. Amma ilk dəfə mədəniyyət haqqında qanunu biz işlədik. AXC vaxtında “YUĞ” teatrı təşkil olundu. Rəhmətlik Vaqif Ibrahimoğlu, Həsənağa Turabov heç bir problemsiz təsdiq olundu. Amalya Pənahova şikayətlənir. Guya AXC Azərbaycanı məhv edib, nə bilim nə. Azərbaycanı məhv edən iqtidar sənə teatr açmışdı. Sən nədən narazısan ay Amalya? Niyə o teatrı yaşada bilmədin? Deməli, iddiaların sadəcə dildəymiş. Bəzən mətbuatda yazırlar: “Əbülfəz Qarayev yedi, dağıtdı, uçurdu”. Nəyi yedi? Harada yedi? Axı Mədəniyyət Nazirliyinin nə büdcəsi var?

– Qonşu Gürcüstanın kino sahəsinə ayırdığı büdcə Azərbaycanla müqayisədə azdır. Necə olur ki, gürcülər o maliyyə vəsaiti ilə bizdən 10 dəfə çox film çəkir. Bizimkilərsə il ərzində iki filmi belə təhvil verə bilmirlər?
– Mən hesab etmirəm ki, bizdə kinonun vəziyyəti pisdir. Bizdə kino siyasəti düzgün qurulmayıb. Kadrlar da var. Sadəcə olaraq, bizim telekanallar onu işıqlandırmırlar. Əgər efirlərdə hər hansı kino, yaxud da tamaşa barəsində məlumat versələr tamaşaçı da bundan xəbər tutar. Maraq oyanar. Cənnət Səlimovanın quruluşunda gözəl tamaşalar, kifayət qədər istedadlı rejissorlar var. Insanlar teatra getmirlər. Bunun siyasətini aparmaq lazımdır.

– Deyirsiniz ki, bizdə kifayyət qədər istedadlı rejissorlar var. Bəs elə isə xarici ölkədən dəvət olunan rejissorlar nə üçündü?
– O hər yanda, Gürcüstanda belə var. Bu, bütün yer üzündə qəbul olunmuş qaydadır. Məsələn, Azərbaycanda “OSKAR” qazanmış Rüstəm Ibrahimbəyov var. Mən çox arzu edərdim ki, Azərbaycan dövlətinin o qədər pulu olsun ki, “Əli və Nino”nu Rüstəm Ibrahimbəyov ekranlaşdırsın. Bir arzum da daha var. Sisiyanov barəsində film şəkilsin. Çünki “Cavad xan” filmində əslində Sisiyanovu Bakı xanının qardaşı oğlunun öldürməsi səhnəsi düzgün işıqlandırılmayıb. Ümumiyyətlə, mən “Cavad xan” filmindən razı deyiləm.

– Yəni, filmin nöqsanları bir o qədər çoxdur?
– Əlbəttə. Məsələn, general dəniz kənarında gəzir. Xanın qardaşı oğlu xəncəri vurub bunu öldürür. Gülməli bir səhnə. General “oxrana” ilə gəzir. Xanın qardaşı oğlu da elə belə adam deyil. Bu hadisə dəniz kənarında olmayıb. Əslində o, açarı alanda camaatın yanında “Azərnəşrin” qarşısında baş verib. Bu gün ən ağrılı haldır ki, Bakıda hamının adına küçə var. Hüseynqulu xan və Sisiyanovu öldürmüş onun qardaşı oğlunun adına küçə yoxdur. Şamo Arif niyə bu barədə danşmır? Filmin ümumi səviyyəsi çox aşağıdır. Bizim telekanalların hansını açsan Röya və Aygündür. Onların davalarına yer verməkdənsə, Azərbaycanın sənədli, bədii filmlərini nümayiş etdirin də.

Bahar Rüstəmli