Nə qədər ki, vasitəçi Rusiyadır
Vəfa Quluzadə: «Medvedev açıqlamaları ilə danışıqlar prosesində Rusiyanın əsas qüvvə olduğunu göstərməyə çalışır»
Avqustun 9-da Azərbaycanın dövlət başçısı Ilham Əliyev Soçiyə işgüzar səfərə gedəcək. Müzakirələrin əsas mövzusunun Qarabağ nizamlanması, Qəbələ RLS-in icarəsinə dair sazişin müddətinin uzadılması ilə bağlı olacağı söylənilir.
Amma diqqət çəkən əsas məqamlardan biri Rusiya prezidenti Dmitri Medvedevin dəvəti ilə həyata keçiriləcək bu səfər öncəsi Kreml rəhbərindən gələn mesajlardır. Bir çox ekspertlərin fikrincə, Medvedevin müsahibələrində bir sıra məqamlara aydınlıq gətirməsi təsadüfi deyil.
Politoloq Vəfa Quluzadə hesab edir ki, Qarabağ münaqişəsinin həlli ilə bağlı Soçi görüşündən hər hansı nəticə gözləməyə dəyməz. Medvedevin çıxışlarına diqqət çəkən V.Quluzadə hesab edir ki, Rusiyanın dövlət başçısının Gürcüstan müharibəsini xatırlatması Azərbaycana təzyiqdir: “Rusiya bir daha danışıqlar prosesində əsas qüvvə olduğunu göstərməyə çalışır. Rusiya Abxaziya və Osetiyanı ən yaxın müttəfiqlərinə belə tanıda bilmir. Işğalçı siyasət yürüdən bir dövlət ATƏT-in Minsk qrupunda təmsilçiliyindən istifadə etməyə çalışır. Həmsədr ölkənin prezidenti belə açıqlama verməməlidir. Açıq şəkildə Azərbaycana mesaj ötürülür ki, gələcəkdə onu Gürcüstanın taleyi gözləyə bilər”.
Xəyal



