Rusiyanın NATO-dakı təmsilçisinin sözlərinə görə, avroatlantik alyans Bəşər Əsədi devirməyə hazırlaşır
Əsəd rejimi yeni seçkilərin ilin sonunda baş tutacağını açıqladı
Suriyada Bəşər Əsəd rejimi dinc vətəndaşlara qarşı qətliamı davam etdirir. Son 6 gündə hakimiyyət əleyhinə keçirilən etiraz aksiyalarının dağıdılması və əsgərlərin müxtəlif şəhərlərdə müxaliflərə qarşı apardığı əməliyyatlar nəticəsində 300 suriyalı həlak olub.
Hələ bu azmış kimi Əsəd rejimi Həma şəhərində aparılan hərbi əməliyyatları dövlət televiziyası ilə yayımlayıb. Kadrlarda hökumət qüvvələrinə aid qırıcı və tanklardan şəhərin atəşə tutulduğu, yaşayış binalarının dağıdıldığı görünür. Atası Hafiz Əsədin hakimiyyəti illərində “düşmən şəhər” adı qoyulan Həma tamamilə blokadaya alınıb. Şəhərə giriş-çıxış bağlanıb. Həmanın ətraf bölgələrlə rabitə əlaqəsi və elektrik enerjisi kəsilib.
Dövlət televiziyasının yayımladığı reportajda “Suriya ordusu silahlı üsyanın qarşısını aldı” kimi ifadələrdən istifadə olunub. Suriyalı fəallar və şəhər sakinləri bir həftədir davam edən əməliyyatlar zamanı ən azı 100 həmalının öldürüldüyünü, həlak olanlarının sayının 250 nəfərə çatacağını bildirib. Suriyanın xarici işlər naziri Vəlid Muəllim bu ilin sonuna qədər ölkədə azad və ədalətli seçkilərin keçiriləcəyini söyləyib. Onun sözlərinə görə, seçkilərdən sonra ölkə parlamentində xalqın istədiyi şəxslər təmsil olunacaq.
ABŞ dövlət katibi Hillari Klinton Suriyada etirazlar başlayandan bu yana 2 mindən çox insanın həlak olduğunu və buna görə Bəşər Əsədin cavab verməli olacağını söyləyib: “Biz Əsədin öz xalqına qarşı zorakılıqları davam etdirdiyini və getdikcə gücləndirdiyini görürük. Hesab edirik ki, onun hakimiyyəti 2 mindən çox insanın ölümünə görə məsuliyyət daşıyır. Bəşər Əsəd legitimliyini tamamilə itirib və hakimiyyətdə qala bilməz”.
Rusiyanın NATO-dakı nümayəndəsi Dmitri Roqozin isə Qərb ölkələrinin Suriyaya beynəlxalq müdaxiləyə hazırlaşdığını bildirib. NATO-nun artıq Suriya əməliyyatları üçün hazırlıqlara başladığını da söyləyib. Onun sözlərinə görə, Rusiya hadisələrin güc müstəvisinə yönəlməsinə mane olacaq və BMT Təhlükəsizlik Şurasında buna imkan yaradan qətnamənin çıxarılmasına imkan verməyəcək.
Ağ evdən yayılan açıqlamada isə bildirilir ki, ABŞ prezidenti Barak Obama fransalı həmkarı Nikola Sarkozi və Almaniyanın kansleri Angela Merkellə telefon əlaqəsi saxlayaraq Suriya diktatoru Bəşər Əsədə qarşı təzyiqlərin artırılmasını müzakirə edib. Telefon danışığı zamanı Suriya müxalifətinin dəstəklənməsinə yönəlik addımlar da müzakirə olunub. Açıqlamada o da vurğulanır ki, liderlər Suriya məsələsində həmrəy olduqlarını bildiriblər.
Türkiyənin xarici işlər naziri Əhməd Davuoğli isə Irandan Suriyaya göndərilən silah dolu yük maşınının Türkiyə ərazisində saxlanıldığına dair xəbəri təsdqiləyib. Nazir saxlanılan yük maşınında silahların olduğunu və həmin hərbi sursatın mənbəyinin, hansı ünvana çatdırılmalı olduğuna dair araşdırma aparıldığını söyləyib.
Elxan



