Cəbrayılın icra başçısı yanacaq oğurlayır

Mahmud Quliyev sakinlərə çatacaq 40 litr yanacağın 10 litrini məniməsəyir

O, şikayətçilərə «heç güvəndiyiniz prezident də məni işdən çıxara bilməz» deyir

Cəbrayıl rayonun icra başçısı Mahmud Quliyev insanlara çatan yanacağa göz dikib. Bu barədə “Azadlıq”a məlumatı Sərvər Mehdiyev verib.
Ötən ilin parlament seçkilərində 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən deputatlığa müstəqil namizəd olmuş və Biləsuvarda məcburi köçkünlər üçün salınmış 4 saylı qəsəbədə yaşayan Mehdiyev deyir ki, Biləsuvarda məcburi köçkünlər üçün fərdi yaşayış evlərindən ibarət 11 qəsəbə inşa edilib: “Bu qəsəbələrdə 10 min ailə yerləşdirilib. Qaçqın və Məcburi Köçkünlərin Işləri üzrə Dövlət Komitəsi hər ay üçün hər ailəyə 40 litr pulsuz yanacaq ayırsa da başçı Mahmud Quliyev həmin yanacağın 10 litrini kəsərək hər ailəyə 30 litrini verir: ”Icra başçısının tapşırığı ilə həyata keçirilən bu maxinasiya nəticəsində həm ailələr dövlətin ayırdığı yanacağı tam şəkildə almaqdan məhrum olur, həm də hər ay dövlətin 100 ton yanacağı mənimsənilir. Yəni icra başçısı Mahmud Quliyev hər ay dövlətin Biləsuvardakı qaçqınlara ayırdığı yanacağın 100 tonunu mənimsəyir. Bu barədə qəsəbə sakinləri “Qaçqınkom”a, Respublika Prokurorluğuna, 120 saylı dairənin deputatı Astan Şahverdiyevə şikayət edib. Hətta Mahmud Quliyevin özünə müraciət edilib. Ancaq heç bir nəticəsi olmayıb. Əksinə icra başçısı şikayət edən sakinlərə deyib ki, o heç kimdən qorxmur. Deyir, arxamda elə bir qüvvə dayanır ki, mənə heç kim bata bilməz. Heç güvəndiyiniz prezident də məni işdən çıxara bilməz”.
Şikayətçi Cəbrayıl rayonunda daha bir maxinasiya barədə də məlumat verdi: “11 qəsəbəni su ilə təchiz edən Su Təchizatı Idarəsində 100-ə yaxın adam işləyir. 2011-ci ilin mart ayına qədər işçilərə maaş kartları verilmirdi. Sovet dövründə olduğu kimi maaşları mühasibat verirdi. Işçilərə 35 manat aylıq əmək haqqı verilirdi. Rayon rəhbərliyinə, idarənin rəhbərliyinə müraciət edəndə deyirdilər ki, yarımştat işləyirsiniz, ona görə maaş 35 manatdır. Mart ayında korrupsiyaya qarşı mübarizə söhbəti ortaya çıxan kimi işçilərə maaş kartları paylandı. Işçilər əmək haqlarını bankomatdan çıxaranda məlum oldu ki, maaşları əslində 95 manat imiş. Deməli, hər ay işçilərin hər birinin 60 manatını mənimsəyirmişlər”.
Mövzunu davam etdirəcəyik.

Ramin DEKO