Hökumət zooparkın yerini də satdı

Heyvanxana Qobuya köçürülür, ərazi isə İsgəndər Xəlilova verilir

Hökumət Bakı Zooloji Parka da göz dikdi. Şəhərin mərkəzində qəzalı adıyla alimlərin binasını, Qış Bulvarı üçün Şəmsi Bədəlbəyli, Füzuli küçələrinin sakinlərini, əyləncə və istirahət mərkəzinə görə Neftçilər prospektində məskunlaşan bir qrup ailəni yurdundan didərgin salan YAP iqtidarı insanlarla işi bitirməmiş keçdi heyvanalara. Belə ki, Abşeron rayonunun ərazisində yeni Zooloji Parkın tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalanılıb. Sərəncama əsasən, Abşeron rayonunun ərazisində yeni Zooloji Parkın tikintisi üçün Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş prezidentin ehtiyat fondundan Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 3 milyon manat vəsait ayrılacaq.
Məlumata görə, Zooloji Park Qobu qəsəbəsində salınacaq. Parkın “Gənclik” metrostansiyasının yaxınlığında yerləşən əvvəlki yerinə gəlincə, bu yerin iş adamı Isgəndər Xəlilova satıldığı deyilir. Bu baxımdan yeni park salınması üçün dövlət büdcəsindən vəsait ayrılması maraqlıdır. Bəs parkın köhnə ərazisi üçün verilən pullar hara getdi? Məgər ərazi o qədər ucuz qiymətə satılıb ki, yeni park salınmasına yetmir?

Qafqazın ən kiçik zooparkı


Bakı zooparkı ərazisinə görə, Qafqazda ən kiçik zooparkdır. Nümunə üçün deyək ki, Tiflisdə heyvanat baxçasının ərazisi 10, Irəvanda 12, Moskvada 21.4, Kiyevdə 34 hektardır.
Zooparkın yerləşdiyi ərazi şəhərin mərkəzinə yaxın olsa da, əsas küçələrdən kənardadır və ora getmək üçün şəhəri tanımayan insanlar çox əziyyət çəkməli olur. Zooparka giriş böyüklər üçün 1 manat, kiçiklər üçünsə 60 qəpikdir.

Ölkəmizdə yeganə olan Bakı Zooloji Parkın yaradılması ötən əsrin 20-ci illərinə təsadüf edir. Hazırkı Nizami parkında “Bakı Heyvanat Bağı” adlandırılan kiçik bir guşə vardı. Daha sonralar zooparkın yeri bir neçə dəfə dəyişib və son məkanı “Gənclik” metrostansiyasının yaxınlığı olub. 1982-cü ildə istifadəyə verilən 2.25 hektara yaxın ərazidə yerləşən zoopark oradakı heyvanlar və quşlar üçün darlıq edir.
Parkın direktoru Azər Hüseynov deyir ki, 2001-ci ildə Bakı Şəhər Icra Hakimiyyəti əlavə olaraq onlara 2 hektar da yer ayırıb. Ancaq bu yerdən istifadə edə bilmirlər. Səbəbinə gəlincə, direktor bildirir ki, yer ayrılsa da bunun üçün lazımi maliyyəni ayırmayıblar: “Həmin vaxt bir neçə dəfə müraciət etdik, yalnız hasara almağa pul ayrıldı. Indi hasara almışıq, ancaq istifadə etmirik”.

Üfunətli zoopark


Içəriyə daxil olanda elə ilk addımda qəribə, bir qədər üfunətli iy hiss olunur. Qəfəslərə yaxınlaşdıqca bu daha da artır. Düzdür, qəfəslər təmiz saxlanır, ancaq natəmizlik də var.
Zooparkın ərazisi o qədər də geniş olmadığından heyvanların yuyunması, gəzişməsi üçün şərait çox məhduddur. Daha çox su quşlarının qəfəslərində nəzərə çarpan balaca gölməçələrin suyu böyük ehtimalla uzun müddətdir dəyişdirilmir. Heyvanların çoxu kirlidir, iri heyvanların dərisi, quşların tükləri palçıq içində idi.
Direktor köçürülmə ilə bağlı rəsmi tapşırıq və qərar haqda heç bir məlumatı olmadığını söylədi.
Hüseynov Bakının Qobu kəndində yaradılacaq Zooloji Parka da münasibət bildirdi. Dedi ki, layihə barədə ətraflı məlumatı yoxdur: “Harada yerləşməyinin fərqi yoxdur, əsas odur ki, Azərbaycanda gözəl, nümunəvi Zooloji Park yaradılsın”.

Zooloji Park Qobuya köçürüləcəyi təqdirdə uşaqlarını əyləndirməyə gətirən valideynlər ora üz tutacaqmı?
Söhbət etdiyimiz paytaxt sakinləri köçürülmə olacağı təqdirdə adıçəkilən ünvana gedə bilməyəcəklərini söylədilər: “Bura şəhərin mərkəzidir. Arada vaxt edib uşaqlarımızı əyləndirməyə gətiririk. Indi uzaq bir yerə köçsə, bu əyləncədən də məhrum olacağıq”.
Ərazini alan iş adamı Isgəndər Xəlilovun Azərbaycandakı biznes fəaliyyəti əsasən hotelçilikdir. Ancaq adıçəkilən ünvanda hotelin və yaxud göydələnin tikiləcəyi hələ sual altındadır. Ola bilsin heyvanxananın yerində Avropa standartlarına uyğun istirahət mərkəzi də tikilsin.

***

Parkda zəngin fauna ilə yanaşı, maraqlı flora nümunələri də var. Dekorativ həmişəyaşıl ağaclar, endemik bitkilər və kollar parka xüsusi gözəllik verir. Bu yaşıllıqdan yararlanan zoopakın daimi sakinlərindən başqa, bu ağaclara “azad” quşlar və pişiklər də sığınıb.
Buna baxmayaraq hökumət gözəgəlimli bir yeri də ələ keçirir. Şəhərin mərkəzindən insanları didərgin saldıqları kimi heyvanları da köçürməyə başlayırlar…
Amma bilmirəm işləri avand olsun, yoxsa olmasın deyim…

Ramin DEKO