Qırğızıstanın sabiq prezidenti Kurmanbek Bakiyevin kiçik qardaşı Əhməd Bakiyev kütləvi iğtişaşlar və milli ayrı seçkiliyin salınması ittihamı ilə məhkəmə orqanları tərəfindən 7 il müddətinə həbs cəzasına məhkum olunub. Eks-prezidentin qardaşı cəzasını ağır rejimli islah-əmək düşərgəsində çəkəcək.
APA-nın məlumatına görə, qərar Cəlalabad məhkəməsi tərəfindən çıxarılsa da, təhlükəsizlik baxımından məhkəmə iclası Bişkəkdə keçirilib. Bununla yanaşı, Ə.Bakiyev qanunsuz olaraq silahlı dəstələrin formalaşdırılması, odlu silahın alınması və saxlanması, dələduzluq, qanunsuz tikinti və s. üzrə ittiham olunur.
Xatırladaq ki, Ə.Bakiyev 2010-cu ilin yayında Qırğızıstanın cənubunda qırğızlarla özbəklər arasında baş vermiş silahlı toqquşmaların əsas təşkilatçılarından biri kimi tanınır. Həmin hadisələr nəticəsində 400-dən artıq nəfər həlak olub. Hazırda həmçinin eks-prezidentin daha iki qardaşı – Canış və Kanıbəy, habelə onun oğlu – Maksim axtarışdadır.



