“Azadlıq” və “Yeni Müsavat”a müraciətimə sözardı
Əflatun Amaşov, Azərbaycan Mətbuat Şurasının sədri
Ötən həftə Azərbaycanın cəbhəyanı bölgələrindən olan Goranboyda keçiriləcək tədbirə yola düşməzdən əvvəl “Azadlıq” və “Yeni Müsavat” qəzetlərinə müraciətimi həm də press-reliz şəklində kütləvi informasiya vasitələrinə ünvanladım. Məni narahat edən söz sənətimizin tanınmış simalarının arasında yenidən pozulan “atəşkəs”in bu iki mətbu orqanın sərhədləri çərçivəsindən kənara çıxaraq digər müntəzəm yayımlanan, ictimai fikrə təsir göstərən KIV-lərə siraət edə biləcəyi idi. Belə olan halda, heç şübhəsiz, təqdim ediləcək münasibət və mövqelərdəki kəskin əksliklər əsl həqiqətlərin təqdimatından çox, mətbu vasitələrimizin mübahisələrdə tərəf kimi iştirakını dərinləşdirəcək, sonda zərərin ən böyüyü yenə elə onun özünə dəyəcəkdi. Söylədiklərim sadəcə ehtimal deyil, tarixi materiallara söykənən dərslərdir. Ədəbi mühitimizə, məfkurəmizə total hücumun ötən əsrin 30-cu illərinin acı mirasını xatırlayaq. Media bəşəri funksiyasına zidd nələrlə yüklənməmişdi?
Indi, şükürlər olsun, dövlətimiz müstəqildir, KIV-lərimiz senzurasız mühitdə fəaliyyət istiqamətlərini müəyyənləşdirməkdə, kimdən, necə yazmaqda sərbəstdirlər. Peşə borcundan irəli gələn ictimai məsuliyyəti unutmamaq şərti ilə. Müraciətimin qayəsində özünütənzimləmənin diktə etdiyi bu öhdəliyə diqqət yetirilməsi dayanırdı. Yazmışdım ki, “bu materiallarda etik çərçivədən kənara çıxan məqamların üstünlük təşkil etməsi heç də birmənalı qarşılanmır. Söhbət Azərbaycan ədəbiyyatının, ictimai fikrinin inkişafında xidmətləri olan şəxslər barədə nalayiq fikir və ifadələrin ictimailəşdirilməsindən getdiyindən məsələ narahatlıq və narazılıq doğurur… tarixi yaşantılarda, ədəbi-bədii proseslərin bir əsrə yaxın məqamlarında baş verən hadisələrin heç də hamısı özəlliklərinə görə qabardılmalı mövzular deyil. Bunların ölçülüb-biçilmədən təqdimatından, bəzən şəxsi münasibətlər fonunda ikrah doğuran şəkildə qabardılmasından tərəflərlərdən çox cəmiyyət itirir”.
Aradan cəmi 7 gün ötüb. Görkəmli söz sənətkarları ilə bağlı mövzu iki qəzet çərçivəsini aşıb, müzakirə, demək olar, ictimailəşib. Müraciətim də müzakirə mövzuları sırasındadır. Mövqeyimə heç də birmənalı yanaşılmır. Təqdir edənlər çoxdur. Demək, əksəriyyət tanınmış ziyalılar arasında münasibətlərin belə şəkildə ayırd edilməsinin davamını məqbul saymır. Gecikdiyimizi deyənlər də haqlıdırlar. “Azadlıq” və “Yeni Müsavat” qəzetləri müraciəti dərc etməklə bərabər bizə iradlarını da yetiriblər. Özlərindən heç nə yazmadıqlarını, tərəflərin yazdıqlarını təqdim etdiklərini vurğulayaraq “Mətbuat Şurası yaxşı olardı ki, yazıçı Şamo Arifin özünə müraciət etsin” mesajını veriblər. Bu da bir həqiqətdir, etiraz etmirik. Amma gəlin görək ziyalılar arasında qaydadankənar çəkişmələr, bu zaman zəngin leksikonumuzun alt qatındakı ifrat ifadələrin vulkan kimi püskürdülməsi birinci və sonuncu misaldırmı? Bu kimi konfliktlər əslində ən əvvəl narazıların iradəsi sayəsində özləri arasında həll olunur. Sonra xoş məramın digər variantları tətbiq edilir. O cümlədən, narazılığın, iradların münaqişəyə çevrilməsinin qarşısını almağın, közün od-alova dönməsinə yol verməməyin ən etibarlı vasitələrindən sayılan mediadan.
Biz ölkə jurnalistlərinin birinci qurultayında Azərbaycan Mətbuat Şurasını təsis edərkən, hamılıqla medianın cəmiyyətdəki yeri və rolunu, görəcəyimiz işləri, ictimai məsuliyyətimizi müəyyənləşdirərkən üzərimizə belə mənəvi öhdəlikləri götürmüşük. “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nı qəbul etmişik. Sənəddə cəmləşən həmin etik prinsiplər media-ictimaiyyət münasibətlərinin tənzimlənməsinə xidmət göstərir. Tövsiyə xarakterli olsa da jurnalist mənəviyyatının güzgüsüdür. Müraciətimlə həmin öhdəlikləri kiməsə xatırlatmaq niyyətindən uzağam. Bu, jurnalistin də, onun qələminin və kompüterinin də hafizəsinə hakim kəsilməlidir.
Etik qaydalar bizdən ən əvvəl həqiqətə xidmət etməyi tələb edir. Belə mövqe tərəfsizliyi, qərəzsizliyi şərtləndirir. Mətbuat Şurası fəaliyyətində bu tələbi daim üstün tutur.
Yazıçı Şamo Arif isə Mətbuat Şurasını qarşı tərəfin sifarişini yerinə yetirməkdə qınayır. Bunun tələsik çıxarılan hökm kimi şərhini vermək niyyətindən uzağıq. Mən onun ünvanına təhqiramiz ifadələr işlədilməsini də yolverilməz sayıram. Belə qənaətdəyəm ki, cəmiyyətdə mənəvi dəyərlərin inkişafına töhfə vermək istəyən hər bir yazar bununla heç nə qazanmaz.
Cəmiyyətimizə tarixi həqiqətlər hara qədər lazımdır və bunların çılpaqlığı ilə təqdimatı xalqımıza hansı faydalı nəticə verə bilər? Yəni, təftişçiliyin də sərhədi olmamalıdırmı? Görəsən, əlimiz Nizami, Füzuli… dövrünə çatsaydı ifrat təftişçilik nəticəsində onları bu qədər sevərdikmi, dəyər verərdikmi?! Sözümün canı da buradadır.
HƏMÇİNİN OXU


