Rusiya prezidentinin ziddiyyətli müsahibəsi

Saakaşvilini beynəlxalq tribunalla hədələyən Medvedev barışığın mümkün olduğunu da istisna etmir

Putinlə fikir ayrılığı Osetiya məsələsində də özünü büruzə verdi

Rusiya prezidenti Dmitri Medvedev Soçidə üç jurnalistə – Aleksey Venediktov (“Exo Moskvı”), Yekaterina Kotrikadze (Tiflisin Birinci Kavkaz informasiya telekanalı) və Sofiko Şevardnadzeyə (Rossia Todey) verdiyi müsahibədə bir qədər təzadlı fikirlər səsləndirib. 2008-ci iln avqust ayında baş verən müharibəyə toxunan Medvedev Gürcüstan prezidenti Mixail Saakaşvili barəsində beynəlxalq tribunalın yaradılmasının tərəfdarı olduğunu deyib.
Rusiya prezidenti eyni zamanda perspektivdə Gürcüstanla iqtisadi-ticari əlaqələri bərpa etməyə hazır olduğunu deyib. Medvedev bildirib ki, Gürcüstan rəhbərliyi “müdriklik” göstərib əngəllər yaratmasa, Rusiyanın bu il Dünya Ticarət Təşkilatına (ÜTT) daxil olmaq şansı yetərincə yüksəkdir. O, hətta diplomatik münasibətlərin də bərpasını istisna etmir. Rusiya prezidenti hesab edir ki, Tiflisin belə xoş məramı iki ölkənin münasibətlərində dönüş nöqtəsi olmasa belə, əvvəlcə normal iqtisadi-ticari əlaqələrin, sonra da diplomatik əlaqələrin bərpası üçün kəsişmə nöqtəsi anı ola bilər. Qeyd edək ki, Gürcüstan 2008-ci ildə Rusiya ilə qısamüddətli müharibədən sonra Moskvanın DTT-yə üzvlüyü ilə bağlı danışıqlardan çıxmışdı.
Müsahibədə diqqət çəkən məqam Medvedevin Osetiyanın şimalı ilə cənubunun birləşməsinin, habelə Cənubi Osetiyanın Rusiyanın tərkibinə daxil olması üçün “hüquqi və faktiki əsaslar olmadığını” deməsidir. Xatırladaq ki, bir neçə gün əvvəl baş nazir Putin Tverdə keçirdiyi görüşdə Cənubi Osetiyanı Rusiya ilə bir bayraq altında gördüyünü deyib.
Rusiya dövlət başçısı Suriya rəhbəri Bəşər Əsədin durumuna da toxunub. Onun fkirincə, Əsəd vəd etdiyi islahatları həyata keçirməsə, aqibəti acınacaqlı olacaq. Onu da vurğulayaq ki, BMT Təhlükəsizlik Şurasının tənqidlərini dəstəklədiyini bildirən Rusiya Qərbin Suriyanın daxili işlərinə müdaxiləsinin əleyhinədir. Məhz bu səbəbdən TŞ Suriyadakı vəziyyətlə bağlı qətnamə qəbul edə bilməyib.

Fizzə