kiv-df

Naxçıvanın Araza gömülən “fransız” qalası

Fransız mütəxəssislərinin əl işi-Abbasabad

Azərbaycanın qədim abidələr diyarı Naxçıvanda gerçək tariximizə işıq salan sonsuz sayda unikal memarlıq nümunələri var. Qədim rəvayət və miflərə əsaslanan bir sıra antik və orta əsr tarixçiləri, coğrafiyaşünasları Naxçıvanın e.ə. 1539-cu ildə salındığını göstərmişlər. Tarixi min illərə gedib çıxan bu bölgədə Gəmiqaya, Oğlanqala, Çalxanqala, Xaraba Gilan, Kültəpə, Əlincəqala, Qızılvəng və neçə-neçə belə unikal abidələr ulu keçmişin yadigarıdır. Bu abidələrdən bir hissəsi zaman-zaman tədqiq olunub öyrənilmiş, bir hissəsi dağılıb-tökülərək tarixin sirlərinə qarışmış, böyük bir hisəssi isə hələ də açılmamış səhifələriylə insanlara qapalı qalır.

1412-ci ildən Naxçıvan Azərbaycanın türk mənşəli Qaraqoyunlu, 1468-ci ildən Ağqoyunlu, XVI əsrdən isə Səfəvi dövlətinin tərkibində olmuşdur. XVI-XVII əsrlərdə Osmanlı-Səfəvi müharibələri zamanı şəhər əldən-ələ keçərək dağıdılmış, qarət edilmişdir. 1603-cü ildə I Şah Abbas şəhəri hakimiyyəti altına almış, hərbi düşərgəyə çevirmişdir. Onun idarəsi Maqsud Sultan Kəngərliyə həvalə olunmuşdur. 1605-ci ildə Osmanlı qoşunları şəhəri zəbt edərək ərazini Osmanlı imperiyasının tərkibinə qatmışlar. Fransız səyyahı Uan Batist Tavarnye, alman səyyahı Adam Ollari bu zaman Naxçıvanın xarabazarlığa çevrildiyini xəbər verir. XVII əsrin 2-ci yarısından Çuxursəd bəylərbəyliyinə daxil olan Naxçıvanın hakimləri artıq Kəngərli tayfa başçılarından seçilirdi. Nadir şah öldürüldükdən (1747) sonra Kəngərli tayfa başçısı Heydərqulu xan şahın naibi Ağa Həsəni Naxçıvandan qovaraq özünü xan elan edir. Şəhər xanlığın paytaxtı olur. 1828-ci il Türkmənçay müqaviləsinə görə Naxçıvan Rusiya imperiyasına birləşdirilir.

Bölgənin gerçək tarixi də bu belə önəmli hadisələrin fonunda baş verənlərin araşdırılması zamanı ortaya çıxır. 1968-ci ildə Azərbaycan MEA-nın Tarix Institutunun “Araz” arxeoloji-etnoqrafik ekspedisiyası Araz çayı üzərində bənd salınması ilə əlaqədar su altında qalacaq tarixi arxeoloji abidələrlə əlaqədar kompleks qazıntılar aparmışlar. Həmin yerlər Xarabaşəhər, Astabad, Bulqan, Təzəkənd, Qaraçuq, Qızılburun, Qaraxanbəyli, Böyükdüz, Şaxtaxtı abidələri idi. Qazıntılar zamanı Fəzlullah Nəiminin (1340-1394) vətəni olmuş Astabad şəhər xarabalıqlarından, habelə XIX əsrdə tikilmiş Abbasabad qalası ilə Nehrəm yaxınlığındakı əfsanəvi Ölənşəhər,  Muncuqtəpə və Qaraçuq kəndi yaxınlığındakı Xarabaşəhərdən məişət əşyaları aşkar olunmuşdur. Alimlər II Kültəpədən qazıntılar zamanı eramızdan əvvəl 2-1-ci minilliyə aid boyalı saxsı qablar, daşdan və sümükdən yonulmuş məişət alətləri də aşkar etmişlər.Ekspedisiyanın tədqiq olunacaq obyektləri siyahısına Abbasabad qalası da daxil idi. Abbasabad qalası Naxçıvan şəhərinin 6 km. cənub-şərqində, Araz çayı sahilində yerləşən hərbi istehkam tipli qaladır.

Qala fransız hərbi mütəxəssislərinin layihəsi əsasında 1809-1810-cu illərdə tikilmişdir. Beşbucaq şəklində olan qalanın bürcləri var. Qala divarlarının hündürlüyü 4 m. 30 sm, qalınlığı 60 sm. idi. Qala hər tərəfdən 10 m. enində arxla əhatə olunmuşdu.
Hərbi zərurətdən yaranmış bir obyekt

Abbasabad qalası hərbi zərurətdən yaranmış bir obyekt olmuşdur. Birinci Rusiya-Iran müharibəsinin gedişində (1804-13) dəfələrlə ağır məğlubiyyətə uğrayan Iran tərəfi Naxçıvan xanlığının ərazisində özünün hərbi mövqelərinin möhkəmləndirilməsinə böyük diqqət verirdi. Iran komandanlığı bu məqsədlə qalaları təmir etdirir və özünün dayaq nöqtəsi ola biləcək yeni qalalar tikdirirdi. Belə qalalardan biri şahzadə Abbas Mirzənin arzusu ilə fransız mühəndisləri tərəfindən Naxçıvan yaxınlığında tikilmiş və Iran taxt-tacının vəliəhdinin şərəfinə adlandırılmış Abbasabad qalası idi.

Abbasabad qalasını Abbas Mirzə Avropa memarlığı üslubunda tikdirmişdir. Abbasabad qalası Araz çayı üzərində olan keçidin qorunmasını təmin etməklə yanaşı, həm də Cənubi Azərbaycana gedən yola nəzarət edir, lazım gəldikdə, bu yolu bağlaya da bilirdi. Qala Iran mövqelərinin rus ordusunun hücumlarından qorunması üçün mühüm məntəqə sayılırdı. Qala düzgün beşbucaqlı formasında tikilmişdir. Qalada olan çoxlu istehkamlardan ikisi – qərb istiqamətində Araz çayına söykənirdi. Belə istehkamların başlıca vəzifəsi zərurət nəticəsində qala qarnizonu geri çəkilərkən onun Araz çayının sağ sahilinə təhlükəsiz keçməsini təmin etməkdən ibarət idi.

O.Yevetski yazırdı ki, “Abbasabad qalası fransız və ingilis zabitləri tərəfindən tikilib möhkəmləndirilmiş, bürcləri olan beşbucaqlı poliqondur. Abbasabad qalası vaxtilə bu bölgədə mövcud olan qədim Astabad yaşayış məntəqəsinin yerində inşa edilmişdir”.

1834-1835-ci illərdə Naxçıvan bölgəsində olmuş F.Korf qalanın tikilmə tarixindən bəhs edərək yazırdı: “Mən 25 il əvvəl bu ölkədə Abbas Mirzə tərəfindən tikdirilmiş Abbasabad qalasını gördüm. O, Abbas Mirzənin yanında xidmət edən bir fransız mühəndisinin planı əsasında tikilmişdir”.

Abbasabad qalası rus tarixçisi N.Nefedovun 1839-cu ildə nəşr olunmuş yol qeydlərində daha ətraflı təsvir olunur: “…Naxçıvanın əks tərəfində zərərli iqliminə görə tərk edilib dağıdılmış Abbasabad qalası görünür. Mən fransız mühəndislərinin tikdikləri bu tikiliyə baş çəkməyi özümə borc bildim. Məhz həmin mühəndislər otuz il əvvəl qarışıq bir zamanda onun tikintisi ilə məşğul olmuşlar. Daşla hörülmüş və lazım gəldikdə su ilə doldurulan dərin xəndək, ikiqat mazğalı olan divar, bürclər, daşla örtülmüş yollar və istehkamın müdafiə vasitələri göstərir ki, Iranın əvvəlki dostları burada həqi qətən çox böyük məharətlə çalışmışlar. Onu da xüsusi qeyd etmək lazımdır ki, onlar böyük uzaqgörənliklə qalanı elə tikmişlər ki, körpü üzərinə çıxan qarnizon Arazın o tayına, öz ölkələrinin içərilərinə təhlükəsiz çəkilə bilsin”.

Arazın suları altında qalmış tarix

Bu faktlardan belə nəticə çıxır ki, Abbasabad qalasını birinci Rusiya-Iran müharibəsinin gedişində fransızlar tikmiş, Gülüstan müqaviləsindən (1813) sonra isə ingilislər onu bərpa edərək yenidən qurmuşdur. Çox güman ki, Naxçıvan xanlığını Rusiya işğal etdikdən sonra qala baxımsızlıq ucbatından yararsız hala düşmüşdür. Abbasabad qalası Iran ordusunun Cənubi Qafqazda mühüm dayaq məntəqələrindən biri olub Azərbaycanın cənubuna gedən yolun təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edirdi.

II Rusiya-Iran müharibəsində (1826-1828) Abbasabad qalasında döyüşlər olmuşdur. Qalanı 4000 sərbaz və 500 atlı müdafiə edirdi. Qalanın baş mühafizi Iran ordusuna komandanlıq etmiş Abbas Mirzənin kürəkəni Məhəmməd Emin xan idi. Ehsan xan Kəngərli də qalanın mühafizi olmuşdur. Naxçıvanın taleyi bu qala vasitəsilə həll olunan zaman – 1826-1828-ci illərdə Rusiya-Iran müharibəsi zamanı – Iran ordusunun sərhəngi (polkovnik) və qala qarnizonunun hərbi rəislərindən biri Ehsan xan Kəngərli məhz bu qalanın müdafiəsində dayanmış və rus ordusu ilə birləşərək naxçıvanlılardan və ruslardan təşkil olunmuş 10 min nəfərlik qoşuna başçılıq etmişdi.

Mənbələrdə Naxçıvanın tarixində önəmli rolu olan bu qala haqqında bir çox maraqlı materiallar var. Belə materiallardan biri 2010-cu ildə yaradılmış “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyində maraqla izlənən eksponat Abbasabad qalasının sxem-xəritəsidir. Bu xəritə o dövrün hadisələr fonunda qalanın əhəmiyyətini bir daha açıqlığı ilə ortaya qoyur.

Təəssüflər olsun ki, Araz su qovşağı tikilərkən (1967-1971) qalanın xarabalığı su altında qalmışdır.

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir