Qulamhüseyn Əlibəyli: «Ölkə əhalisinin 90 faizi müxalifətçidir»
Aydınlar partiyasının sədri Qulamhüseyn Əlibəyli hazırda gündəmi zəbt edən siyasi məsələlərlə bağlı fikirlərini “Azadlıq”la bölüşüb.
– Ərdoğan Azərbaycana səfər edəndə rəsmi mesaj verdi. Türkiyə səfiri də sonradan mətbuata açıqlama verəndə bildirdi ki, PKK məsələsi ciddi müzakirə olunub. Ilham Əliyev PKK ilə bağlı şifahi mövqe ifadə etdi. Əgər məsələ bu qədər ciddi şəkildə qoyulubsa, şifahi bəyanat yetərlidirmi?
– Hər hansı təşkilatın terror təşkilatı kimi tanınması üçün lap dövlət başçısı səviyyəsində olsa da, şifahi bəyanat yetərli deyil. Hansısa təşkilatı terror təşkilatı kimi tanımaq üçün müvafiq orqanlar var. Həmin orqanlar rəsmi şəkildə ildə, yaxud bir neçə ildən bir bu siyahını müəyyənləşdirirlər.
ABŞ-da Dövlət Departamentinə bu hüquq verilib. Azərbaycanda bu mexanizm müəyyənləşməyib. Ya bu rəsmi sərəncam şəklində verilməli, yaxud da Ədliyyə Nazirliyi hökumətin adından rəsmi bəyanatla çıxış etməlidir ki, Azərbaycan hökuməti bunu terror təşkilatı kimi tanıyır. Mümkün olan variantdır ki, Milli Məclis bununla bağlı qanun qəbul etsin. Dünya təcrübəsində hər hansı təşkilatın terror təşkilatı kimi tanınması üçün qanun qəbul olunması təcrübəsi demək olar ki, yoxdur. Ancaq Azərbaycanda ola bilər. Əgər mexanizm müəyyənləşməyibsə, bunu hansısa orqan rəsmi şəkildə etməlidir. Dövlət başçısı rəsmi şəkildə sərəncam verə bilər ki, Azərbaycan PKK-nı terrorçu təşkilat kimi tanıyır. Bildiyimə görə, Türkiyə də bizdən rəsmi sənəd istəyir.

– Bu, gecikmiş bəyanatdır. Bəyanatdan sonra iki versiya vardı. Birincisi, Ərdoğanla mövzu müzakirə olunub və bundan doğan bəyanatdır. Ikincisi, Türkiyənin viza və qaz məsələsində bir çox israrları var idi. Azərbaycan hökuməti onları həll etmədiyi üçün bir növ Türkiyənin könlünü almaq üçün belə bəyanat verdi. Siz hansı versiyanın üzərində dayanırsınız?
– Əslinə qalanda hər iki versiyanın yaşamaq haqqı var. Doğrudan da Türkiyəylə vaxtaşırı PKK ilə bağlı danışıqlar aparılır. Ancaq Azərbaycan tərəfi buna rəsmən diqqət yetirmir. Hesab etmək olar ki, dövlət başçısı şifahi bəyanat verməklə bir növ problemi həll etmiş saydı.
– Bəyanatın davamı olacaqmı?
– Azərbaycan təcrübəsi göstərir ki, dövlət başçısı səviyyəsində nəinki şifahi, heç yazılı sərəncamlar da icra olunmur. Əslində, Azərbaycan hökumətinin bu məsələyə qeyri-ciddi yanaşması və uzun müzakirələrdən sonra belə bəyanatın verilməsi deklorativ xarakter daşıyır. Terrorçuluqla mübarizə haqqında qanun var, Azərbaycan terrorçuluqla mübarizə üzrə Avropa konvensiyasına qoşulub. Bu konvensiyadan irəli gələn məsələləri həll etməlidir. O cümlədən terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı məsələlər araşdırılmalıdır.

– Türkiyə Azərbaycanın ən birinci və təbii müttəfiqidir. Türkiyə PKK-ya dəstək göstərənlərin rəsmi siyahısını da təqdim edib. Qardaş ölkəyə münasibətdə qeyri-ciddilik nə qədər davam edə bilər?
– Siyahı rəsmən təqdim olunubsa, ən azı araşdırılmalıdır. Azərbaycan hökuməti də siyahı ilə məhdudlaşmalı deyil və özü də araşdırmalıdır. Nəzərə almaq lazımdır ki, Türkiyə dövləti Azərbaycana müttəfiq dövlət kimi baxır. Ona görə də, hətta dövlət başçısının bu münasibəti ciddi soyuqluğa gətirib çıxarmayacaq. Çünki Türkiyə oturuşmuş bir dövlətdir. Onun əsas maraqları Azərbaycanla müttəfiqlik etməkdir. Hər şeyi bəhanə edib, bu müttəfiqliyi itirmək istəməzdi.
– Naxçıvanda müxalifət nümayəndələrinə qarşı baş verənləri necə qiymətləndirirsiniz?
– Naxçıvanda baş verənlər indinin məsələsi deyil. Naxçıvanda həmişə müxalifətə qarşı belə ciddi sıxıntılar olub və indi də davam edir. Azərbaycanın hər yerində belədir, ancaq Naxçıvan özəlliyi ilə fərqlənir. Orda müxalifətçilər və jurnalistlər daha çox əziyyət çəkir. Azərbaycan hakimiyyəti özü şərait yaradır ki, Naxçıvanda müxalifətçilərə, müstəqil adamlara, azad fikrə qarşı basqılar olsun. Bu, Azərbaycan siyasətinin bir qədər ifrat və eybəcərləşmiş formada davamıdır.
– Bunun məsuliyyəti yerli, yoxsa mərkəzi hakimiyyətin üzərindədir?
– Yerli hakimiyyəti mərkəzi hakimiyyətdən ayırmaq mümkün deyil. Azərbaycanda icra hakimiyyəti mərkəzləşmiş qaydadadır. Naxçıvanın rayonlarının icra başçılarını, Nazirlər Kabinetinin başçısını prezident təyin edir. Əslində onlar təşkilati, hüquqi, inzibati cəhətdən Azərbaycan prezidentinə tabedir. Əgər Azərbaycanın mərkəzi hökuməti bu cür qanunsuzluqlara – kimsə çayxanada otura bilməz, maşın gətirə bilməz, kimsə təndirə çörək yapa bilməz – bunlara göz yumursa, onda buna görə özü birbaşa məsuliyyət daşıyır. Prezident ölkə vətəndaşlarının hüquqlarının qorunması üçün and içib. Fərqi yoxdur, Azərbaycanın harasında vətəndaşın hüququ pozulursa və hakimiyyət buna göz yumursa, deməli, ölkə prezidenti öz səlahiyyətlərini lazımınca icra etmir.
– 2 aprel məhbuslarının məhkəməsini necə qiymətləndirirsiniz?
– Azərbaycanın hüquq-mühafizə sistemi son dövrlərdə deformasiyaya uğrayıb. Polis tutur, prokurorluq ittiham edir, məhkəmə də onların dediyini təsdiqləyir. Bu zaman işi araşdırmaq, şahidləri dindirmək formal xarakter daşıyır. Həbs olunanları tanıyırıq. Onlar avtobus şühəsi sındıran deyil axı. Yadınızdadır, bir neçə il əvvəl mitinqə gedən Əli Kərimlinin tikişi sökülməyən cibindən tank əleyhinə qumbara tapmışdılar. Azərbaycanın hüquq-mühafizə sistemi bu cür işləyir. Siyasi rəqiblərin cibindən ya qumbara, ya nəşə çıxarır. Ya onların əməlində xuliqanlıq tapır. Olmayan avtobus şüşəsini sındırırlar. Şüşəni sındıranı yox, sındırana mane olanı tuturlar. Yəni, qoy sındırsın da, mane olma. Məntiqləri bundan ibarətdir. Məhkəmədə öyrədilmiş adamlar üzə durur.
– Məhkəmə şahid korpusu birtərəflidir. Müxalifətçi şahidlər dəvət edilmir. Bunu necə qiymətləndirmək olar?
– Azərbaycan məhkəmə sistemi, bütövlükdə hüquq-mühafizə sistemi deformasiyaya uğrayıb. Əslində bu, daha çox bacarıqsızlıqdan irəli gəlir.
– Görünməyən haldır ki, həbs edilənlərə vicdan məhbusu adı verildi. Bu, Azərbaycan hökumətinə problemlər yaradacaq. Bunun qarşılığında sadəcə aksiyaya icazə verməmək hansı narahatçılıqdan doğur?
– Dinc aksiyanı qadağan etmək hüquqi baxımdan qanunsuzluqdur. Amma siyasi baxımdan bu məntiqi anlaya bilmirəm. Insandır, etirazını bu formada ifadə edir. Deyirlər xalq dəstəkləmir, qoy dəstəkləməsin. Beş-on, əlli-yüz nəfər çıxsın, fikrini bildirsin. Kimsə çıxıb bulvarda atəşfəşanlıq edir, konsert verir. Bu da özünü ifadənin bir formasıdır. Ona razılıq verilir. Kimsə etiraz edəndə qadağan edirlər. Bu, anlaşılan məntiq deyil. Sovet dövründən qalma təfəkkürdür ki, hakimiyyətə qarşı heç kim çıxa bilməz. Azərbaycanda guya hakimiyyəti xalq dəstəkləyir. Ona görə etiraz edən hakimiyyətə qarşı çıxmış sayılır.
– Bəlkə onlar fərqindədir ki, icazə verilsə, aksiyalar artan xətlə gedəcək?
– Hakimiyyət də zorla insanları mitinqə gətirməsin, özləri üçün dəstək aksiyası keçirsin. Azərbaycan hakimiyyəti çox yaxşı bilir ki, onun seçkidə yazdığı rəqəm həqiqətə uyğun deyil. Azərbaycan əhalisi də öz etirazını bildirməyə fürsət axtarır. Gizli formada hamı etiraz edir. Ölkə əhalisinin 90 faizi müxalifətçidir. Azərbaycan hakimiyyəti bunu da nəzərə alır. Əgər müxalifətin etiraz aksiyalarına razılıq verilsə, bu, aksiyaların artmasına gətirib çıxaracaq. Bu da hakimiyyətin rəsmi bəyanatını kölgə altında qoyan məsələdir. Bir tərəfdən keçmişdən qalma təfəkkür qorxusu var ki, hakimiyyət monolitdir, ona qarşı çıxan olmamalıdır. Digər tərəfdən xalqdan qorxurlar. Çünki ən azı hakimiyyəti necə saxladıqlarını bilirlər. Xalqın onlara münasibətini bizdən yaxşı bilirlər.
– Azərbaycan hökuməti Belarusa cüzi faizlə 300 mln. dollar kredit verib. Beynəlxalq aləm Lukaşenkonu Avropanın sonuncu diktatoru kimi qiymətləndirib. Ikinci dəfədir Avropa Lukaşenkonu “qaranlıq axşamda” yaxalayanda, Ilham Əliyev ona kömək edib. Əliyevin özünün məsələsi Lukaşenkodan əvvələ düşə bilərmi?
– Indiki şəraitdə güman etmirəm ki, Azərbaycan hakimiyyətinin məsələsi Lukaşenko, yaxud ərəb ölkələri diktatorlarından ön plana keçsin. Neft amili və “Nabukko” kəmərini mütləq nəzərə almaq lazımdır. Ona görə yəqin ki, Qərb ölkələri, insan hüquqları, demokratiya uğrunda mübarizə aparmaq istəyən qüvvələri dəstəkləyənlər bunu nəzərə alır. Bu baxımdan Qərb hələ ki, Lukaşenkonu məngənəyə salır. Azərbaycan hakimiyyətinin Belarusa dəstək verməsi mümkün olan məsələdir. Amma dünyanın blokadaya aldığı rejimə borc vermək, əslində, dünya ictimaiyyətinə qarşı çıxmaqdır.
– Lukaşenko təkcə Avropanın hədəfində deyil. O həm də Rusiyanın hədəfindəndir. Artıq bütün dünya ona qarşı birləşib. Sanksiyaların da fəlsəfəsində onu zəiflətmək durub. Belə olan halda, Lukaşenkoya əlavə nəfəs verən ölkəyə münasibət necə ola bilər?
– Təbii ki, münasibət yaxşı olmayacaq. Ancaq neft amilini də nəzərə almaq lazımdır.
– Ötən ilin sonunda “Azərbaycan” qəzetində ABŞ-a qarşı yazı dərc edildi. Orada açıq şəkildə göstərilmişdir ki, Azərbaycan qəsdən Qərbin Cənubi Qafqazdakı layihələrinə mane olur. Onların içində “Nabukko” layihəsi də var. Hətta “Nabukko”nun reallaşması üçün Ilham Əliyevlə bir hesablaşma aparmaq lazım deyilmi?
– Indiyə qədər olan hadisələr bu sahədə nəyəsə ümid etməyə imkan vermir. Hesab etmirəm ki, “Nabukko” layihəsinin sürətləndirilməsi, Lukaşenkoya kömək, yaxud insan haqlarına görə Ilham Əliyevi ərəb ölkələrində olduğu kimi devirmək istəsinlər. Hələ ki, bunun əlamətlərini görmürəm. Güman etmək olar ki, Qərb bu layihənin baş tutmasını istəyirsə, ona mane olan Azərbaycan hakimiyyətinə qarşı çıxa bilər. Ancaq hər halda, indi bunun üçün ciddi əsas görmürlər. Qərbin öz maraqlarını müəyyənləşdirən məntiqi var. Hazırkı siyasət göstərir ki, Qərb öz məntiqinə uyğun hərəkət edir. Ancaq istənilən anda Qərb siyasətini dəyişə bilər. Dünənə qədər ərəb ölkələrindəki diktatorları da Qərb müdafiə edirdi.
– Təxminən beş aya yaxındır Azərbaycan hökuməti korrupsiyaya qarşı mübarizəyə başladığını elan edib. Azərbaycanda korrupsiya ilə bağlı mübarizə aparıldımı?
– Azərbaycanda rüşvətxorluq, korrupsiya ilə “mübarizə” aparılır. Kiçik məmuru, hərbi komissarlıq işçisini tuturlar. Əslində bu, korrupsiyaya qarşı mübarizə strategiyasının düzgün qurulmamasından irəli gəlir. Korrupsiya rüşvətxorluğun siyasi hakimiyyətlə qovuşmasıdır. Azərbaycan hakimiyyəti isə yalnız məişət rüşvətxorluğuna qarşı mübarizə aparır. Bu da korrupsiyanın bir formasıdır. Məişət rüşvətxorluğuna qarşı mübarizə də kütləvi deyil, seçmə qaydada aparılır. Əslində, siyasi korrupsiyaya qarşı mübarizə aparmaq lazımdır. Iqtisadi korrupsiyanın ən böyük göstəriciləri inhisarçılıqdır. Inhisarçılıq, məmur sahibkarlığı korrupsiyaya şərait yaradır. Dövlət vəsaitlərinin nəzarətsiz, təmtəraqlı, ancaq bir çox hallarda mənasız layihələrə xərclənməsi korrupsiyaya səbəb olur. Azərbaycan hakimiyyəti iri korrupsiya halları, məmur sahibkarlığı ilə mübarizə aparmaq istəmir. Demək olar, bütün məmurlar sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Beş-on nəfər aşağı səviyyəli məmurun həbsi mübarizə deyil. Ona görə də korrupsiyaya qarşı mübarizənin özü bir görüntü idi.
Belə bir məlumat da getdi ki, Dünya Bankının bununla bağlı qrantı da var. Əslində, Azərbaycan hökuməti həmin qrantı da korrupsiya vasitəsilə yedi.
– Hakimiyyət korrupsiyaya qarşı mübarizənin genişlənməsindən niyə qorxur?
– Birincisi, korrupsiya ilə məşğul olan şəxslərin böyük əksəriyyəti iri məmurlardır. Məmurlar səlahiyyətindən istifadə edib korrupsiyaya qurşanırlar. Hakimiyyət həmin o məmurların üzərində dayanıb. Hakimiyyət məmurlardan asılıdır. Ona görə də həmin məmurlara şüurlu şəkildə şərait yaradılıb ki, onlar korrupsiyaya qurşansınlar. Ilham Əliyev komandadan qorxur. Ona görə şərait yaradıb. Lazım olan hallarda aşağı səviyyəli, bəzən 5-10 ildən bir yuxarı səviyyəli bir məmuru həbs edib əmlakı əlindən almaqla kifayətlənir.
Fizzə Heydərli



