“Jurnalistlərə barışıq təklifi hakimiyyətin hiyləsidir”

Emin Hüseynov: “Məqsəd ölkədə toplaşma azadlığının pozulması faktını tanımağın qarşısını almaqdır”

 

Azərbaycan hökuməti 8 jurnalistə barışıq üçün 40 min avro təklif etsə də,  jurnalistlərə qarşı olan pozuntunu tanımaqdan imtina edir. Bunu Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun rəhbəri  Emin Hüseynov avqustun 3-də mətbuat konfransında  deyib. Mətbuat konfransı 2007-ci ildə toplaşma azadlığı hüququnun pozulması ilə bağlı 8 jurnalistin Azərbaycan hökumətinə qarşı iddiasına Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən baxılmasına həsr olunub.
Bu günlərdə Azərbaycan hökuməti məsələnin məhkəmədən əvvəl yoluna qoyulması məqsədilə jurnalistlərə kompensasiya ödəməyə hazır olduğunu bildirib.
E.Hüseynovun fikrincə, Avropa Məhkəməsinin bu iş üzrə qərarı  onun sərbəst toplaşmaq hüququ sahəsində Azərbaycanla bağlı ilk qərarı ola bilər. Odur ki, hökumətin jurnalistlərə kompensasiya verməyə hazır olması “hakimiyyətin hiyləsidir”. Məqsəd ölkədə toplaşma azadlığının növbəti dəfə pozulması faktının Avropa Məhkəməsi tərəfindən tanınmasının qarşısının alınmasıdır.
“Bu, barışıq deyil. Çünki hökumət  pozuntuları tanımaq istəmir və jurnalistləri döyən polisləri cəzalandırmayıb”, – E.Hüseynov vurğulayıb.
İddiaçılardan biri, “Turan” agentliyinin direktoru Mehman Əliyev də məhkəmə prosesinin keçirilməsinə tərəfdardır. “Pul əsas məsələ deyil. Vəziyyət demək olar ki, o dövrdən indiyədək  daha da kəskinləşir. İnsanların sərbəst toplaşmaq hüququ  pozulmaqda davam edir”, – o bildirib.
Onun sözlərinə görə, Azərbaycanda vətəndaşların konstitusiyada təminat verilən mitinq, piket keçirmək və digər şəkildə kütləvi etiraz bildirmək hüququ demək olar ki, qadağan edilib. Belə icazəsiz aksiyaların iştirakçıları polis, məhkəmə və digər təqiblərə məruz qalır.
Digər iki iddiaçı – “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid və müstəqil icmalçı Şahvələd Çobanoğlu da analoji mövqedədir.
“Şikayətçilərdən heç olmasa biri hökumətlə razılaşmasa, iş üzrə məhkəmə iclası keçiriləcək və çox güman ki, şikayət təmin ediləcək”, – deyə M.Əliyev bildirib.
Digər 5 iddiaçı – “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu və qəzetin əməkdaşları Azər Ayxan, Etibar Seyidağa, Elşad Məmmədli, Zabil Müqabiloğlu tədbirdə iştirak etməyiblər.
RATİ-nin rəhbəri qeyd edib ki, bundan əvvəl R.Arifoğlu tədbirdə iştirak edə bilməyəcəyini, lakin öz əməkdaşlarını göndərəcəyini bildirmişdi (“Turan”).