Türk ordusunda yeni komandanlıq

Ordu generalı Necdət Özəl Silahlı Qüvvələrin Baş Qərargah rəisi oldu

Türkiyə prezidenti Abdullah Gül avqustun 3-də başa çatmış Ali Hərbi Şuranın qərarlarını təsdiqləyib. Bundan əvvəl baş nazir Rəcəb Tayyib Ərdoğan Şuranın qərarlarını imzalamaq üçün Türkiyə Silahlı Qüvvələri Baş Qərargahına gəlib.
Sənədlər imzalandıqdan sonra müdafiə naziri Ismət Yılmaz və baş qərargah rəisinin səlahiyyətlərini icra edən ordu generalı Necdət Özəl qərarları təsdiqlətmək üçün Çankaya köşkünə aparıblar. Prezident imzaladıqdan sonra Türkiyə ordusunun yeni rəhbərliyi açıqlanıb. Ali Hərbi Şuranın qərarına əsasən, Necdət Özəl Türkiyə Silahlı Qüvvələrinin baş qərargah rəisi təyin olunub. Bundan başqa, ordu generalı Hayri Kıvrıkoğlu quru qoşunları komandanı, ordu generalı Mehmet Erten Hərbi Hava Qüvvələri komandanı, ordu generalı Bəkir Kalyonçu Jandarma Qüvvələri komandanı, ordu admiralı Emin Murad Bilgel Hərbi Dəniz Qüvvələrinin komandanı təyin edilib.
Ali Hərbi Şuranın qərarına əsasən “Balyoz” işi üzrə həbs olunan yüksək rütbəli hərbçilərin xidmət müddəti daha bir il uzadılıb. Digər bir qərarla ordu generalı Aslan Günər Hərbi Akademiyalar Komandanlığına rəhbər təyin olunub.