Hüquq müdafiəçiləri polis özbaşınalığı ilə bağlı həyəcan təbili çalır
«Niyə adi vətəndaşlar qanunu pozanda cəzalandırılır, amma polislər yox?»
“Son illərin qalmaqallı işlərinin bir çoxunda Azərbaycan polisinin adı hallanır. Etiraz aksiyalarını dağıtmaq, insanlara zor tətbiq etmək, şərləyərək həbs etməkdən tutmuş, məhkəmələrdə yalançı şahidliyə qədər bütün xoşagəlməz olaylarda polislərin adı az qala, birinci sırada çəkilir”. Bu, Hüquq Müdafiə Təşkilatlarının Monitorinq Qrupuna daxil olan hüquq müdafiəçiləri – Novella Cəfəroğlu, Səidə Qocamanlı və Səadət Bənənyarlının fikridir.
Hüquq müdafiəçiləri belə qərara gəliblər ki, bundan sonra həftədə bir dəfə mətbuat konfransı keçirərək ölkənin ən yaralı problemlərini ictimai müzakirəyə çıxarsınlar. Bunların arasında polis özbaşınalığı, ordudakı problemlər, mülkiyyət hüququnun pozulması və s. məsələlər yer alacaq. Dünən Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin ofisində baş tutan ilk belə toplantı polis özbaşınalıqlarına həsr olundu.
“Narkomanın ifadəsi ilə bir gəncin taleyini puç etdilər”
Novella Cəfəroğlu bildirdi ki, onlara ölkənin dördbir yanından minlərlə şikayət məktubu daxil olur. Bu şikayətlərlə bağlı ən müxtəlif qurumlara müraciət etsələr də, problemlərin hamısını əhatə etmək çətin olur. Bu səbəbdən medianın da köməyi ilə hüquq müdafiəçilərinə pənah aparan bütün vətəndaşların problemləri ümumiləşdirilərək ictimaiyyətin diqqətinə çatdırılacaq: “Insanlar polisin və məhkəmələrin özbaşınalığından təngə gəliblər. Elə son olaylara – 2 aprel mitinqində tutulanlara və gənc fəal Cabbar Savalanlının həbsinə diqqət yetirsək görərik ki, yenə polisin əli var. Aksiya iştirakçılarına zor tətbiq etmələri azmış kimi, məhkəmədə yalandan şahidlik edirlər.
Bu yaxınlarda gənclərin məhkəməsində yenə dəhşətli polis zorakılığı oldu. Nəsimi polisinin rəis müavini Süleyman Nemətov müsavatçı gənclərdən birinə, həmçinin oğlunun məhkəməsinə gələn AXCP üzvünə zorakılıq etdi. Cabbarın məhkəməsində isə biz sözün əsl mənasında dəhşətə gəldik. Ittiham başdan-ayağa polislərin uydurması idi. Yaxşı bilirlər ki, bu gənc narkoman deyil. Bir narkomanın ifadəsi ilə bu gəncin taleyini puç etdilər. Bu gün narkotik ittihamı polislər üçün alətə çevrilib. Istənilən adamı bu adla tutub həbsə ata bilirlər. Həsən Kərimovu həbs edərək 40 nəfərlik otağa salmışdılar. Vaxtında müdaxilə etməsəydik, Allah bilir, nəticə necə olacaqdı. Polislərin əməllərini saymaqla qurtarmaq olmur. Polis kimisə həbs edə bilər, amma insanları şərləməyə, onları döyməyə ixtiyarı yoxdur. Polisdə bir dəyişiklik olmalıdır. Belə gedə bilməz. Insanlara bu qədər əzab vermək olmaz”.
“Istənilən adamı polisin əli ilə şərləmək mümkündür”
Səadət Bənənyarlı da hesab edir ki, bu gün istənilən adamı polisin əli ilə şərləmək mümkündür: “Bizə bir şikayət daxil olub, hələ araşdırmamışıq deyə ad çəkmirik. Iki nəfərin mübahisəsi düşür. Hadisə tamam başqa rayonda baş versə də, tərəflərdən biri başqa rayonun polis idarəsində işləyən yaxınının əli ilə mübahisə etdiyi adamı tutdurur. Polisə aparanda da adamın cibinə narkotik atıb şərləyirlər. Belə çıxır ki, kimin kimdən xoşu gəlmirsə, onu rahatlıqla polisin əli ilə tutdura bilər”.
Hüquq müdafiəçisi öz haqlarını tələb edən “Mur-Ay” payçılarından 1060 ərizə aldıqlarını, onların arasında polis zorakılığından şikayət edənlərin də az olmadığını diqqətə çatdırdı: “Polislər qadınları ağır sözlərlə təhqir edirlər. Bir qadını isə öz haqqını tələb etdiyi üçün sürüyüb pis vəziyyətə salmışdılar. Deyirlər ki, siz yaxşı qadın olsaydınız, ərləriniz ola-ola qabağa düşməzdiniz. Halbuki bu yazıqlar öz halal pullarının davasını çəkirlər”.
Səidə Qocamanlı hesab edir ki, əslində insanlar hüquq müdafiəçilərindən qabaq polisə müraciət etməlidirlər. Amma hüquq-mühafizə sistemində vəziyyət o qədər acınacaqlıdır ki, vətəndaşlar polisin özündən şikayət edirlər: “Polisdən zor, təhqir görəndə məcbur olub bizə üz tuturlar. Biz aksiyaların hamısında monitorinq aparırıq. Özümüz şahid olduq ki, Arif Hacılı mitinq günü ərazidən çox uzaqda idi. Amma onu təşkilatçı kimi həbs etdilər, sonra da bir neçə dəfə həbs müddətini əsassız yerə artırdılar. Vidadi Isgəndərlinin işi həmçinin. Ona qarşı irəli sürülən ittihamların nə dərəcədə qondarma olduğunu bilmək üçün onun məhkəmə prosesini izləmək kifayət edir”.
“Polisdən istifadə edib insanların evini yıxırlar”
Daha sonra hüquq müdafiəçiləri Ucar sakini Fuad Hüseynovun işinə toxundular: “Bu adam rayonun polis rəisinin müavini tərəfindən olmazın təzyiqlərlə üzləşir. Təzyiqlərin ucbatından Ucarda yaşaya bilmir. Ona görə sıxışdırırlar ki, rayondakı korrupsiya cinayətləri, bütün neqativ halları ictimailəşdirir. Fuad Hüseynovun işi bizə gələn ən ağır işlərdən biridir. Polisdən istifadə edib insanların evini yıxırlar. Üzə duraraq həbsə atdırırlar. Təzəxan Mirələmlinin məsələsində oxşar vəziyyət yaranmışdı. Biz bu məsələləri mətbuatın yardımıyla ictimailəşdirməliyik, səlahiyyətli qurumlarla təmaslarımızı artırmalıyıq. Niyə adi vətəndaşlar qanunu pozanda cəzalandırılır, amma polislər yox? Polis bilsə ki, əməlinə görə cəza çəkəcək, heç vaxt qanunsuzluq etməz”.
Gültəkin



