Mitinqlərə payızda start veriləcək

«İlham Əliyev ölkənin gələcəyini, əhalisini düşünmür»

Gözəl Bayramlı: «Hakimiyyət regiondakı böyük dövlətlərin diqtəsi ilə siyasət yürütməyə can atır»

AXCP sədrinin müavini Gözəl Bayramlı gündəmin əsas mövzusuna çevrilən 2 aprel mitinqi zamanı həbs edilənlərin məhkəməsi, ölkədə baş verən proseslər, həmçinin Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı düşüncələrini “Azadlıq”la bölüşdü.

– 2 aprel mitinqi ilə bağlı məhkəmə prosesləri başlayıb. Məhkəmə ilə bağlı qənaətiniz nədir? Hakimiyyət nəyə hazırlaşır?
– Gediş onu göstərir ki, hakimiyyət açdığı cinayət işinin yekunu olaraq həbs edilənlərin əksəriyyətinə həbs cəzası vermək istəyir. Məhkəmə bunu göstərir. Proseslərin əksəriyyətində iştirak etmişəm. Elə şahidlər gətirilir ki, onların prosesə aidiyyəti yoxdur. Iki gün əvvəl məhkəmədə maraqlı situasiya baş verdi. Polislər gəlib şahid qismində iştirak edir, üzə dururlar. Sonda məlum olur ki, bu polislər ümumiyyətlə, hadisələr zamanı orada iştirak etməyib. Mən də hadisələrin şahidiyəm. Söhbət salonuna qaz buraxılan avtobusdan gedir. Mən də o avtobusda olmuşam. Maraqlıdır ki, hakimiyyət ancaq öz tərəfindən olanları şahid qismində prosesə cəlb edir. Mən də o hadisənin iştirakçısıyam, şahid qismində iştirak edə bilərəm. Həqiqətin açılmasından başqa marağım yoxdur. Vəkillərin davamlı iddiasına baxmayaraq, şahid qismində cəlb olunmuram. Burdan da görünür ki, hakimiyyətin öz maraqları var. Hakimiyyət siyasi məhbusların sayını artırmaq istəyir və bunda qərarlıdır. Prosesin gedişi də onu göstərir.

– Siyasi məhbusların Azərbaycan hökuməti üçün nə qədər problem olduğunu hakimiyyət bilməmiş deyil. Bu qədər təpkiləri, təzyiqləri göz önünə gətirib etirazçıları həbsxanaya atmaq nədən irəli gəlir?
– 2 aprel mitinqinin özündən hakimiyyət qorxmuşdu. Ona görə belə şou yaradır. 2 aprel mitinqinə cəmiyyətin dəstəyi böyük oldu. Hakimiyyət bilir ki, cəmiyyət, əhalinin böyük əksəriyyəti ondan narazıdır. Ona görə mitinqdə xüsusi təxribatlar törədərək şou vəziyyətinə gətirib çıxardı. Bundan da öz məqsədi üçün istifadə edir. Eyni zamanda hakimiyyət də bilir ki, dünyanın buna təpkisi kəskin olacaq. Artıq beynəlxalq qurumlar buna münasibət bildirib. Amma yenə də Azərbaycan hakimiyyəti dünya ilə qarşıdurmaya üstünlük verir. Öz hakimiyyətini qorumaq üçün insanları xofda saxlayır, siyasi qüvvələrə öz hüquqlarından istifadə etməyə imkan vermir. Insanların mitinqə toplaşmağı hakimiyyətin sonu deməkdir. Hakimiyyət bunu bilir. Onu da bilir ki, əgər icazəli mitinq olsa, əhalinin əksəriyyəti orda iştirak edəcək. Ona görə icazə vermir. Müəyyən mərhələyə qədər insanları xofda saxlamaq, qorxutmaq və öz hakimiyyətini bu yolla qorumaq. Amma bu da əbəsdir. Dünyada, o cümlədən Azərbaycanda başlayan proses onu göstərir ki, demokratikləşmə sona qədər davam edəcək. Bu prosesi aparan siyasi qüvvələr Azərbaycanın demokratikləşməsində maraqlıdır. Proses davam edəcək və Azərbaycan hakimiyyəti bunun qarşısını ala bilməyəcək.

– Həbs olunanlara qarşı təkcə qanunsuz istintaq aparılmır, eyni zamanda onlara müəyyən təklif olunur. Birinin qohumları işdən azad olunur, o birinə həbsdən azad olunmaq üçün partiyadan çıxmaq təklif olunur. Bunu necə qiymətləndirirsiniz?
– Bunların arxasında siyasi sifariş durur. Ancaq hakimiyyət hesablamayıb ki, qarşısında ömrünün çoxunu mübarizəyə sərf etmiş, demokratikləşməni öz məqsədi hesab edən insanlar durur. O baxımdan Şahin Həsənlinin qohumlarının işdən azad olunmasına, onun partiyadan istefasına nail olmağa çalışırlar. O cümlədən Zülfüqar Eyvazlının buraxılması müqabilində onun AXCP-dən istefa verməsi tələb olunur. Ancaq o, bundan imtina edib. Baxmayaraq ki, evdə xəstə uşağı var. Özü də xəstəlikdən əziyyət çəkir. Bu, bir daha cəbhəçilərin mövqeyini cəmiyyətə çatdırır. Cəbhəçilər özləri üçün yox, millət üçün mübarizə aparan insanlardır. Bu yoldan onları heç nə çəkindirmir. Onlar həbsxanaları seçir, amma komfort həyatı, partiyadan kənarda qalmağı seçmir. Bu da cəmiyyət üçün bir örnək olmalı.

– Az da olsa elə fikirlər var ki, həbslər aksiyaları səngitdi. Növbəti mitinqlər nə vaxt start götürəcək?
– Əksinə, mitinqlərin davam etməməsinin həbslərlə heç bir əlaqəsi yoxdur. Biz üç aksiya keçirdik. Istəyirdik ki, cəmiyyətin geniş təbəqələri bu aksiyalara cəlb olunsun. Təəssüflər olsun ki, 2 aprel mitinqindən sonra hakimiyyət müəyyən mənada cəmiyyətdə xof yaratmağa nail oldu. Biz həm Ictimai Palata, həm də AXCP olaraq qarşımıza böyük köklü dəyişiklikləri məqsədi qoymuşuq. Fikirləşdik ki, prosesi məhkəmələrin qarşısında etiraz aksiyaları, digər lokal aksiyalarla davam etdirək. Payızdan mitinqlərə başlamaq qərarı oldu. Mitinqlərin keçirilməməsinin həbslərlə heç bir əlaqəsi yoxdur. Hər prosesdən sonra məhkəmənin qarşısında piket keçirilir. Bu onu göstərir ki, biz aksiyaları dayandırmamışıq. Amma birmənalı olaraq payızdan aksiyalar start götürəcək.

– Lukaşenko Avropanın son diktatoru elan ediləndən sonra Ilham Əliyev ona 0,01 faizlə 300 mln. dollar kredit verib. Bu vəsaiti Azərbaycanda bir çox ehtiyacı olan sahələrə xərcləmək olardı. Bunu siyasi və iqtisadi baxımdan necə qiymətləndirmək olar?
– Ilham Əliyev Belarusa bu krediti ayırmaqla bir daha diktatura və diktatorun yanında olduğunu göstərdi. Həm də Azərbaycanı dünya dövlətləri ilə qarşı-qarşıya qoydu. Dolayısıyla Azərbaycanın mövqeyini ortaya qoydu ki, ölkəmiz diktaturanın yanındadır. Amma əslində, belə deyil. Azərbaycanın özündə də insanlar diktatura rejimindən əziyyət çəkir. Onun sosial tərəfindən baxanda, Azərbaycan əhalisinin güzəranı bu gün imkan vermir ki, Ilham Əliyev Belarusa 300 mln. dollar kredit ayırsın. Heç kimə sirr deyil ki, bu pulun Azərbaycana qayıtmaq ehtimalı yoxdur. Halbuki bu pullara nə qədər iş görmək olardı. Bu yaxınlarda təhsil haqları artırıldı. Əhalinin güzəranını nəzərə alsaq, təhsil haqlarını yox, əmək haqqını artırmaq olardı. Bu gün yaşı 65-dən yuxarı olan insanların işləməməsi ilə bağlı qərar verilib. Bu insanların işləməsi üçün şərait yaratmaq olar. 300 mln. vəsaiti sosial problemlərin həllinə yönəltmək daha doğru olardı. Pensiyalar cüzi miqdarda artırılır. Ancaq Belarusa birdən-birə bu boyda kredit verilir. Halbuki Azərbaycanda banklar 18-20 faizdən aşağı kredit ayırmır. Bu, bir daha göstərir ki, Ilham Əliyev Azərbaycanın sərvətini özününkü bilərək yenə də onunla eyni dəyərləri bölüşən rejimlərə paylayır. Burda da Ilham Əliyev ölkənin gələcəyini, əhalisini düşünmür. Ancaq öz hakimiyyətini düşünür və düşünür ki, Belarusa bu krediti ayırmaqla ən azı bir diktaturanın ömrünü uzada bilir. Yanılır.

– Türkiyə Azərbaycanda PKK-nı dəstəkləyənlərlə bağlı rəsmi siyahı verib. Amma hər dəfə danışıqlar zamanı deyirlər ki, bu məsələ müzakirə olunur. Azərbaycanda PKK ilə bağlı siyasi qərar necə olmalıdır?
– Azərbaycan parlamentində PKK-nın təsiri mövzusu müzakirə edilməli, yüksək səviyyədə qərar qəbul olunmalıdır. Amma Türkiyə rəsmilərinin Azərbaycana səfəri zamanı dəfələrlə bu məsələnin müzakirə olunmasına, bəzi adamların PKK-nı maliyyələşdirdiyi faktının ortaya çıxmasına baxmayaraq, nədənsə Azərbaycan parlamenti buna münasibət bildirmək istəmir və məncə, elə bunun özü PKK-nın Azərbaycana təsirinin göstəricisidir. Hakimiyyət dolayısıyla bunu etiraf etmiş olur. Qərar qəbul etməməklə onlara dəstək vermiş kimi görünür. Başqa cür olsaydı, Türkiyənin mövqeyinə yaxın mövqe sərgiləmək olardı. Hakimiyyət “bir millət, iki dövlət”ik deyir. Ancaq Türkiyənin daxilində baş verən qanlı olaylara münasibəti adekvat olmur. Azərbaycan hökuməti bu məsələyə baxmamaqla PKK-nı dəstəkləyən kimi görünür.

– Azərbaycanın addımları Türkiyənin mövqeyinə adekvatdırmı? 
– Heç bir münasibətdə adekvat deyil. Viza rejimini Türkiyə birtərəfli qaydada aradan qaldırsa da, Azərbaycan tərəfi buna ehtiyatlı yanaşır. Heç belə niyyəti də yoxdur. Deyirlər hazır deyilik. Bu da PKK məsələsi ilə əlaqələdir. Ona görə də Azərbaycanın Türkiyəyə münasibəti adekvat deyil. Türk şəhidliyindən bayrağın endirilməsini, televiziyadan türk filmlərinin yığışdırılmasını misal göstərmək olar. Türk dilindən titrlərdə tərcümənin verilməsi çox gülünc görünür.

– Viza məsələsi ilə bağlı əvvəl texniki səbəb göstərilirdisə, sonra Əli Həsənov Iranı bəhanə gətirdi, nazirlərdən biri iqtisadiyyatın hələ ayaq üstə durmadığını dedi. Başqa vaxtı deyirlər ki, biz müstəqil siyasət yürüdürük, regionun lider dövlətiyik. Əgər iqtisadiyyat ayaq üstə deyilsə, Irandan çəkinib qərar vermirlərsə, deyilənlər nə qədər yerində olan bəyanatlardır?
– Bu bəyanatın heç biri yerində deyil. Bir yandan hakimiyyət deyir ki, iqtisadi inkişafa görə Azərbaycan dünyanın ən qabaqcıl ölkəsidir. Bir yandan da deyirlər iqtisadiyyat ayaqda deyil. Bir tərəfdən Əli Həsənovun etiraf etdiyi kimi, Irandan qorxu məsələsi var. Digər tərəfdən deyirlər, biz müstəqil siyasət yürüdürük. Azərbaycan hakimiyyəti müstəqil siyasət yürütsəydi, Iranın, Rusiyanın mövqeyini müdafiə etməzdi, dünyaya inteqrasiya olunmaq mövqeyini seçərdi. Amma Azərbaycan hakimiyyəti müəyyən məsələlərdə Rusiyanın diqtəsi ilə hərəkət edir, indi də viza məsələsində Iranı misal çəkir. Bu da dolayısıyla göstərir ki, Azərbaycan heç də müstəqil siyasət yürütmür. Regiondakı böyük dövlətlərin diqtəsi ilə siyasət yürütməyə can atır. Bu da Azərbaycanın istər xarici, istər daxili siyasətlə bağlı müstəqil kursunun olmamasından irəli gəlir.

Fizzə