Ilham Əliyevin Belarus xalqına pisliyi

Gürcüstanın ağır vaxtlarında, yəni Rusiyanın qonşu xalqı sərt qışın ortasında qazsızlıqla boğmaq istədiyi bir vaxtda Azərbaycanın bu ölkəyə qaz verməsi müsbət addım idi. Bu yaxşı addımı gürcü xalqı da unutmur və unutmayacaq. Azərbaycan hakimiyyətinin bu addımı atması təəccüblü olsa da, bunun əksi bizi həmişə utandırardı. Çox nadir hallarda belə olur, amma mən o zaman da Ilham Əliyevin bu addımını doğru saymışdım. Ümumiyyətlə, Ilham Əliyevdən özgə xalqlara qarşı belə yaxşılıqlar olur.

 

Belarusa verilən kredit borcları isə bunun tam əksidir. Əslində, Azərbaycanın ayırdığı 300 milyon dollar kredit Belarusa yox, Lukaşenkoya verilən dəstəkdir. Həm də ona görə ki, gələcəkdə bu dəstəyi Belarus xalqının özü açıq şəkildə qınayacaq. Qətiyyən təşəkkür etməyəcəklər, əksinə, qınayacaqlar. Baxın, bütün dünya bu gün Belarusa borc verməkdən imtina edir. Elə məhz Belarus xalqının maraqları naminə belə edir. Çünki Aleksandr Lukaşenko öz bədbəxt kolxozçu təfəkkürü və avtoritar baxışları ilə bu ölkəni məhvə aparır. Elə bir məqamdır ki, borc vermək yalnız Lukaşenkoya köməkdir və ölkənin problemlərini daha da dərinləşdirir.

Bu ölkənin iqtisadiyyatı iflasa uğrayıb. Onu borc verməklə də xilas etmək mümkün deyil. Siyasi islahatlar etmədən Belarus iqtisadiyyatı, ümumilikdə ölkə ağ günə çıxa bilməyəcək. Borcların faydası yoxdur. Bununla yalnız çətin vəziyyətə düşən avtoritar Lukaşenkoya yardım etmiş olursan…Ilham Əliyev də bunu edib. Bütün mütərəqqi dünyanın əleyhinə gedərək, Lukaşenkoya yardım əlini uzadıb. Bu zaman Azərbaycanın maraqlarını nəzərə almayıb. Üstəlik, Belarus xalqına qarşı addım atılıb. Çünki bu ölkənin indiki iqtisadi çətinliklərinə Belarusun xilas yolu kimi baxılır. Axı bu, Lukaşenkonun iflasıdır və bu iflas ölkəni xilas edə bilər.

Ağlı başında olan YAP-çı da başa düşür ki, Lukaşenko rejiminə kömək etmək “uzaqgörən xarici siyasətimizin” yaxın bir səhvindən başqa bir şey deyil.

Neft olmasaydı…

Indi biz də borc axtarardıq. Ilham Əliyev isə borc verən yox, borc axtaran idi. Məhz bu hadisəni yaxşı-yaxşı düşünüb, Azərbaycanın yanlış yolda olduğunu anlamaq lazımdır. Belarusun bu günü bizə dərs olmalıdır.Bəziləri neft pullarının verdiyi üstünlükləri görüb, bunu böyük inkişaf adlandırır və Azərbaycanın çox yanlış bir yolda olduğunu görmür. Bəziləri bunu bilir, lakin bilərəkdən demir. Elələri var bu həqiqəti deməyə qorxur və odur ki, Azərbaycandakı inkişafdan danışır. Amma hələ də kimlərsə Azərbaycanın doğru yolda olduğuna inanır və şəhərlərdəki abadlıq işlərini, neft pulları bolluğunu inkişaf sayır.

Indi Azərbaycan iqtisadiyyatının 70 faizi çox az sayda adamın, yəni, 70 min nəfərin işlədiyi neft sektoruna aiddir. Bunu heç hakimiyyət də gizlətmir. Neft olmasaydı, biz Belarusdan da pis gündə olardıq. Neft olmasaydı, ölkə əhalisinin daha çox hissəsi çörək dalınca xarici ölkələrə üz tutardı. Hətta neft ola-ola ölkənin durumu ağırdır. Kiməsə borc vermək hələ öz əhalinin yaxşı durumda olduğu anlamına gəlmir. Azərbaycan xalqının ciddi hissəsi həyat imtahanı verir bu gün. 
Gələcəkdə isə bizi əsl fəlakət gözləyir. Neft olmasaydı, bu həqiqət daha yaxşı görünərdi.