Samux – ov üçün meşəlik yer
Bir zamanlar ərazisi Qafqaz Albaniyası dövlətinin tərkibində olan Samux rayonu şimaldan Gürcüstanla həmsərhəddir. XVIII əsrdə Samux Gəncə xanlığının dörd vilayətindən biri olmuşdur. O vaxtlar Samux mahalı Qazanı dağlarının ətəyində Qanlı Qobu və Qabıorrı vadiləri arasında Kür çayının sahilindəki ərazini tuturdu.
Samux rayonunun adıyla bağlı müxtəlif fikirlər var. Bir versiyaya görə “Samux” sözü qədim alban dilində “ov üçün meşəlik yer” kimi tərcümə edilir.Tarix elmləri namizədi Arif Məmmədovun “Samux mahalının tarixi – arxeoloci tədqiqinə dair” kitabında qeyd edildiyi kimi, Samux mahalının adı xarabalıqları qalın Samux meşələrində qalmaqda olan Samux şəhərinin adındandır.
R.Yüzbaşov “Samux” sözünü yayda ərazidən keçən isti küləklə əlaqələndirir.
“Azərbaycan dilinin onomastikası” adlı əsərdə Samux adının – zoonim mənşəli söz olub, at adı ilə əlaqədar olduğu bildirilir.
Bəzi məlumatlarda isə adın birinci hissəsinin “Sam” – öküzün boyunduruğuna keçirmək üçün düzəldilən ağac mənasını, Samux sözünün isə belə ağacların çoxlu bitdiyi ərazi kimi işlədildiyi haqqında nəticəyə gəlinir.
Azərbaycanın qədim tarixinin bir parçası olan bu məkan unikal abidələri ilə məşhurdur. Bir çoxu tədqiq olunmamış və baxımsız qalmış bu tarixi incilərin öyrənilməsinə ciddi ehtiyac var. Belə abidələr sırasında Samuxun kurqanları önəmli yer tutur. Rayonun ərazisində diametri 10-20 m, hündürlüyü 1-1,5 m olan Nəbiağalı kurqanları xüsusi diqqət çəkir. Bu kurqanların yaranma tarixi tunc dövrünün sonuna və daş dövrünün başlanğıcına aid edilir.Rayonakı memarlıq abidələri arasında seçilən nümunələrdən biri də hündürlüyü 12 m olan Imamzadə türbəsidir (VIII əsr). Belə unikal abidələrə həmçinin Qarasaqqal kəndində yerləşən yaşayış məntəqəsi Şəhərburnu və türbə, Nəbiağalı kəndində məscid, Əhmədbəylidəki məscid və dəyirman, Çobanabdallıda Çoban Abdal körpüsü və tunc dövrünə aid kurqanlar, XIII və XIV əsrlərə aid tikinti qalıqları və Füzuli kəndindəki türbə aiddir. Arxeoloji qazıntılar zamanı Samux ərazisində Kür çayının sağ sahilində III-V əsrlərə aid tarixi abidə olan “Liman” aşkar edilmişdir. Samux qəsəbəsinin Cənub tərəfində tapılan “Gil tikintisi” isə XIII-XV əsrlərə aid edilir. XV əsrə aid olan “Dinaraq” yaşayış yeri Çobanabdallı kəndində olmuşdur. Bundan başqa, həmin kənddə olan “Narlı qoruq” yaşayış yeri XIII əsrə aiddir.
Buradakı Sirəcəddin Ağanın qəbri yerləşən qədim qəbiristanlıq insanların ziyarət yeridir. Əhali buranı inam, etiqad yeri kimi ziyarət edir. XIX əsrdə dünyasını dəyişmiş Sirəcəddin Ağanın qəbrini orta əsrlərə aid baş daşları və kurqanlar əhatə edir. Bu ziyarətgaha gedən yol Gəncəçayı ətrafından Haçıalılı kəndi tərəfdən keçir.
Unikal abidələr arasında 1200 yaşlı çinar da var
Imamzadə türbəsi Azərbaycanın ən məşhur müqəddəs ziyarətgahlarından biridir. O, Gəncədən 10 km şimal-şərq istiqamətində Zazalıda yerləşir.ÿYerli əhali buranı “Pir Imam” və “Göy Imam” adlandırır.ÿBuradakı firuzə rəngli minarə uzaqdan görünür. Imam Məhəmməd Bağır oğlu VIII əsrdə dünyasını dəyişmiş, şiələrin 5 Imamı hesab edilən Mövlanə Ibrahim bu türbədə dəfn olunmuşdur. Tikintinin hazırkı divarları XVIII əsrdə tikilmişdir. Divarların hündürlüyü 7 m, minarə isə 2,5 m təşkil edir.ÿZiyarətgahın ətrafında yüzillik qəbirlərdən ibarət qəbiristanlıq yerləşir.
Bundan başqa, bütün ərazidə XIV-XVI əsrlərə aid çoxsaylı arxlar və kəhrizlər aşkar edilmişdir. Arxeoloji qazıntılar zamanı Çobanabdallı kəndində bir çox arxlar, Zazalı kəndində isə kəhrizlər tapılmışdır ki, bunlar aşağıda adları qeyd olunanlardır: Kor arxı XIV, Qızıl Hacılı arxı – XIV, Xan arxı – XVI, Balabəhmən – XV, Xan arxı – XV (bu ikinci Xan arxıdır), Karxana arxı – XV, Arazbar – XV, Şatır arxı – XVI, Xanlıq – XVI, Çölək arxı – XVI əsrlər.Samux rayonu möcüzəli bulaqları ilə seçilir. Bu bulaqlar müxtəlif xəstəliklərin dərmanıdır. Əli Bayramlıdakı isti sular bütün Azərbaycanda müalicəvi əhəmiyyətinə görə məşhurdur. Yay fəslində buraya gələn yüzlərlə insan revmatizm, yüksək təzyiq və allergiya xəstəlikləri zamanı xeyirli olan müalicəvi vannalar qəbul edir. Bu sulardan Sərkar kəndindəki “Zəhra” suyu, Kolayır kəndindəki “Dil-dip” suyu, “Singil”, “Sərvan” və “Bənovşə” sularını nümunə gətirmək olar.
Rayon subtropik iqlim şəraitinə malikdir. Gəncəçay, Qarıx, Qabırn çayları rayonun ərazisindən axır. Bu çayların ətrafı balıq və heyvan ovu üçün çox münasibdir. Nəbiağlı kəndindəki Xırmansuyu bulağının suyu kükürdlüdür. Rayonda yaşı yüzliklərlə ölçülən unikal təbii abidələr – çinar ağacları var. Bu ağaclardan birinin yaşı 1200-1300 ildir. Xalq arasında maraqlı rəvayətlərin mövzusu olan həmin hündür Dül-dül ağacı Kolayır kəndində yerləşir. Ağacın adı Imam Əlinin Dül-dül atının adı ilə bağlıdır. Rəvayətə görə, ağacın kötüyündə atın ayağının izi qalmışdır.Indi bura ziyarətgahdır.
“Eldar şamı” qoruğu
Rayonun ərazisində “Göy-göl” qoruğunun filialı – “Eldar şamı” qoruğu yerləşir. Bu qoruq məşhur Eldar şamı ağacının qorunub saxlanması və öyrənilməsi məqsədilə yaradılmışdır. Bura dünyada yeganə yerdir ki, quraqlığa və şoranlığa davamlı Eldar şamı təbii şəraitdə meşə halında bitmişdir. Qoruğun şimal-şərqindəki dağda məşhur “Koroğlu qalası” qülləsi, həmin qüllənin yaxınlığında isə müalicəvi əhəmiyyəti olan bulaq var.
2004-cü ildə yaradılmış qoruğun başlıca məqsədi genetik fondun, bioloji müxtəlifliyin, ekoloji sistemlərin təbii vəziyyətini qoruyub saxlamaqdır.Hələ 1910-cu ildə 3,5 min hektar sahədə Eldar şamı sahəsi botaniki yasaqlıq elan edilmiş və qorunmuşdur. Samux rayonu ərazisində dünyada yeganə təbii Eldar şamı meşəliyinin qorunması məqsədi ilə Azərbaycan hökumətinin 5 may 1948-ci il tarixli qərarı ilə “Eldar şamı” yasaqlığı yaradıldı. Eldar şamı respublikamızın və xarici ölkələrin müxtəlif regionlarının quraq sahələrində əkilməyə başlandı. Həmin yasaqlıq sonradan qoruq elan edildi. 1961-ci ildə 300 ha sahə Türyançay qoruğunun, 1967-ci ildə Göygöl qoruğunun filialına çevrildi vəÿdövlət meşə torpaqları hesabına 1978-ci ildə 92 ha artırıldı. Hazırda Eldar şamı qoruğunun sahəsi 1686 hektardır.
Eldar şamı qoruğunun yerləşdiyiÿərazi mütləq örtüyü 600 m-ə çatan və şimal-qərbdən cənub-şərqə uzanan alçaq dağlıq sahədir. Eldar şamı Elləroyuğu ərazisində özünəməxsus arid meşə landşaftı yaratmışdır. Burada meşələr əsasən Eldar şamı, ardıc, saqqız ağacı, murdarça, doqquzdon, nar, efedra, zirinc, qarağan, dovşan alması, qaratikan kimi ağac və kollardan ibarətdir. Eldar şamı ağaclarının adı Azərbaycan Respublikasınınÿ”Qırmızı kitab”ına daxil edilmişdir.
Qoruğun ərazisinin əsas hissəsini meşə sahəsi, qalan hissəsini isə yarğanlar və sıldırım yamaclar təşkil edir.ÿ Burada heyvanlar aləmi zəngin deyil. Üstünlük təşkil edən heyvanlardan yalnız dovşan, quşlardan isə kəklik diqqəti cəlb edir.
Meşələr üçün qeyri-adi hesab edilən şəraitdə bitib inkişaf edən Eldar şamı quraq və az münbit torpaqlı ərazilərin yaşıllaşdırılması üçün misilsiz əvəzsiz ağac növüdür. Quraq ərazilərdə meşə massivlərinin, tarlaqoruyucu meşə zolaqlarının salınması, dərə və yarğanların eroziyasının qarşısının alınması, qumluqların bərkidilməsi, dekorativ yaşıllaşdırma tədbirləri üçün Eldar şamının çox geniş ərazilərdə əkilməsi perspektivi var.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir